Ana Sayfa > Siyasət / Manşet > Novruzəli Aslanov: “Ağdamın xarici jurnalistlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılması erməni vandallığının miqyasını aydın göstərirdi”

Novruzəli Aslanov: “Ağdamın xarici jurnalistlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılması erməni vandallığının miqyasını aydın göstərirdi”


Bu gün, 11:10. Yazar: azer
Novruzəli Aslanov: “Ağdamın xarici jurnalistlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılması erməni vandallığının miqyasını aydın göstərirdi”

“Azərbaycan torpaqlarının 20 faizini üç onilliyə yaxın müddətdə işğal altında saxlayan Ermənistan dövləti bu illər ərzində xalqımıza və ölkəmizə qarşı hərbi cinayətlər, soyqırımı, ekoloji terror və beynəlxalq hüquq normalarını kobud şəkildə pozan çoxsaylı əməllər törətmişdir. Erməni vandalizminin ən ağır nəticələrinə məruz qalan ərazilərimizdən biri də Ağdam rayonu olmuşdur. 1993-cü il iyulun 23-də rayon ərazisinin 73 faizi, o cümlədən Ağdam şəhəri və 90 kənd Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, nəticədə 128 min sakin doğma yurdunu tərk edərək məcburi köçkünə çevrilmişdir. İşğalçı dövlət bununla kifayətlənməyərək, zəbt etdiyi ərazilərdə demoqrafik vəziyyəti dəyişdirmək, müxtəlif ölkələrdən erməniləri gətirərək qanunsuz məskunlaşdırmaq siyasəti həyata keçirmişdir. Bu addımlar beynəlxalq hüququn, xüsusilə Cenevrə Konvensiyasının müddəalarının açıq şəkildə pozulması idi. 2010-cu ilin noyabrında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna” adlandırmış, işğal altında saxlanılan ərazilərdə xaricdən gətirilmiş 360 etnik ermənini qanunsuz şəkildə yerləşdirmişdilər. Bir zamanlar Azərbaycanın ən abad və inkişaf etmiş şəhərlərindən biri olan Ağdamın xarici jurnalistlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılması erməni vəhşiliyinin miqyasını aydın göstərirdi. Şəhərin sistemli şəkildə dağıdılması, tarixi-mədəni irsinin məhv edilməsi və yaşayış məntəqələrinin xarabalığa çevrilməsi insanlığa qarşı törədilmiş cinayətlərin bariz nümunəsi idi. Təəssüf doğuran məqam isə bütün bunların beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verməsinə baxmayaraq, uzun illər ərzində lazımi siyasi və hüquqi qiymətini almaması idi.”

Bu sözləri 20 noyabr Ağdam şəhəri günü ilə bağlı aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili xüsusi olaraq qeyd edib ki, ölkəmizə qarşı törədilən bütün haqsızlıqlara, yaradılan əngəllərə rəğmən Azərbaycanın müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandığını vurğulayıb: “Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müəyyənləşdirdiyi qətiyyətli hərbi strategiya və uğurlu siyasi-diplomatik fəaliyyət nəticəsində ölkəmiz 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsində tarixi Zəfər qazandı. Şanlı Ordumuzun döyüş meydanında əldə etdiyi üstünlük və dövlətimizin beynəlxalq müstəvidə apardığı məqsədyönlü siyasət noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Həmin sənədə uyğun olaraq, 2020-ci il noyabrın 20-də Ağdam rayonu döyüşsüz şəkildə Azərbaycana qaytarıldı. Beləliklə, dövlətimizin başçısının siyasi iradəsi və diplomatik məharəti sayəsində yeni insan tələfatına yol verilmədən rayonun azadlığı təmin edildi. Bu hadisə Azərbaycanın hərbi uğurlarının diplomatik müstəvidə də məntiqi nəticəyə çevrilməsinin mühüm göstəricisi idi. Ağdamın azad edilməsinin tarixi əhəmiyyətini nəzərə alan dövlətimiz 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalını təsis etdi. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Silahlı Qüvvələrimizin 5790 hərbi qulluqçusu həmin medalla təltif olundu. Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə noyabrın 20-si Ağdam şəhəri Günü elan edildi. Bu qərar şəhərin tarixində yeni mərhələnin başlanmasını və onun azadlığının dövlət səviyyəsində əbədiləşdirilməsini ifadə edir. Bu gün Ağdam genişmiqyaslı quruculuq və bərpa işləri nəticəsində özünün yeni inkişaf mərhələsini yaşayır. Müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulan Ağdam gələcəkdə ölkəmizin ən gözəl və müasir şəhərlərindən birinə çevriləcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ağdam üçün artıq yeni dövr başlayıb. Bu dövr yalnız bir şəhərin dirçəlişi deyil, işğaldan azad edilmiş bütün torpaqlarımızın həyata qayıdışının, Azərbaycanın iqtisadi və mənəvi gücünün təcəssümüdür” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön