Ana Sayfa > Siyasət > Dublin Bəyannaməsi Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin əhəmiyyətini nümayiş etdirir

Dublin Bəyannaməsi Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin əhəmiyyətini nümayiş etdirir


Bu gün, 09:55. Yazar: azer
Dublin Bəyannaməsi Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin əhəmiyyətini nümayiş etdirir

Cənubi Qafqazda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olması regionun gələcək inkişafını müəyyən edən başlıca amillərdəndir. Azərbaycan bu istiqamətdə ardıcıl və prinsipial mövqe sərgiləyərək münaqişədən sonrakı dövrdə yaranmış yeni reallıqların beynəlxalq hüququn tələblərinə uyğun şəkildə qəbul edilməsinə, eləcə də dövlətlər arasında münasibətlərin normallaşmasına xüsusi önəm verir. Noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu baxımdan mühüm siyasi əhəmiyyətə malikdir. Sənəddə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Zirvəsinin nəticələrinin əhəmiyyətinin qeyd olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə edilən irəliləyişlərin müsbət qarşılanması və Böyük Britaniyanın davamlı sülhün təmin olunması səylərinə dəstəyini bildirməsi ölkəmizin təşviq etdiyi sülh siyasətinin beynəlxalq səviyyədə dəstəkləndiyini göstərir.

Birgə Bəyannamədə əksini tapan bu yanaşma Böyük Britaniyanın regionda baş verən proseslərə münasibətinin əsas prinsiplərini aydın şəkildə ortaya qoyur. Belə ki, uzunmüddətli sabitliyin əldə olunması hər hansı birtərəfli mövqe əsasında deyil, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə ehtiram göstərilməsi, beynəlxalq hüquq normalarının qorunması və birbaşa təmasların inkişaf etdirilməsi ilə mümkündür. Bəyannamədə BMT Nizamnaməsinin müddəalarına və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipinə diqqət yetirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan uzun müddətdir ki, məhz bu fundamental prinsiplərin qorunmasını müdafiə edir və regionda dayanıqlı sülhün qarşılıqlı etimadın yaradılması, tərəflərin qanuni maraqlarının nəzərə alınması yolu ilə təmin edilə biləcəyini bəyan edir. Böyük Britaniyanın Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsinə, eləcə də davamlı sülhə nail olunmasına verdiyi dəstək normallaşma prosesinin beynəlxalq müstəvidə mövqeyini daha da möhkəmləndirir.

Bəyannamənin diqqət çəkən digər mühüm istiqaməti regional sabitliyin iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələrinin genişləndirilməsi ilə əlaqələndirilməsidir. Sənəddə Orta Dəhlizin inkişafına, nəqliyyat, logistika və infrastruktur təşəbbüslərinin həyata keçirilməsinə dəstək göstərilməsi təsadüfi deyil. Çünki etibarlı və təhlükəsiz nəqliyyat marşrutlarının mövcudluğu region dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsinə, ticarət dövriyyəsinin artmasına, yeni investisiya imkanlarının yaranmasına və qarşılıqlı əməkdaşlığın güclənməsinə şərait yaradır. Bu mövqe Azərbaycanın irəli sürdüyü TRİP layihəsinin əsas hədəfləri ilə də üst-üstə düşür. Maneəsiz, təhlükəsiz və etibarlı nəqliyyat bağlantılarının yaradılması regionun iqtisadi imkanlarının daha səmərəli istifadəsinə, eyni zamanda Şərq-Qərb nəqliyyat dəhlizlərinin genişləndirilməsinə və alternativ marşrutların formalaşmasına mühüm töhfə verə bilər. Böyük Britaniyanın Orta Dəhlizin və regional bağlantıların inkişafına müsbət münasibət bildirməsi Azərbaycanın müəyyənləşdirdiyi strateji prioritetlərin beynəlxalq tərəfdaşlar tərəfindən diqqətlə nəzərə alındığını təsdiqləyir.

Nəticə etibarilə, Dublin şəhərində imzalanmış Birgə Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələnin əsasını qoymaqla yanaşı, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın bir-birini tamamlayan mühüm istiqamətlər olduğunu nümayiş etdirir. Azərbaycanın regionda irəli sürdüyü təşəbbüslərin beynəlxalq səviyyədə dəstək qazanması gələcək inkişaf və sabitlik perspektivlərinə inamı artırır. Sənədin əsas siyasi mahiyyəti ondan ibarətdir ki, tərəflər regional təhlükəsizliyin yalnız ümumi siyasi bəyanatlarla deyil, qarşılıqlı dialoqun genişləndirilməsi, beynəlxalq hüquq prinsiplərinə hörmət və konkret əməkdaşlıq layihələrinin həyata keçirilməsi vasitəsilə möhkəmləndirilməsinin vacibliyini bir daha təsdiqləyirlər.

Rəşad Əsgərov,
SOCAR “Kompleks qazma işləri” trestinin müdiri,
YAP Nərimanov ƏPT nin sədri

Geri dön