Ana Sayfa > Siyasət > Strateji əməkdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Strateji əməkdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır


Bu gün, 21:00. Yazar: azer
Strateji əməkdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin strateji tərəfdaşlıq mərhələsinə yüksəldilməsi iki ölkə arasındakı siyasi əlaqələrin ardıcıl inkişafının və ortaq maraqların daha da yaxınlaşdırılmasının mühüm göstəricisidir. 2026-cı il noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən imzalanmış Birgə Bəyannamə uzun illər ərzində qurulmuş qarşılıqlı etimadın və səmərəli əməkdaşlığın yeni mərhələyə keçidini rəsmiləşdirir. Bu sənəd tərəflərin gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirir, ümumi maraq doğuran məsələlər üzrə prioritetləri dəqiqləşdirir. Azərbaycan-Britaniya münasibətləri dərin tarixi əsaslara söykənir. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü il fevralın 23-də və 1998-ci il iyulun 21-də iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edən birgə bəyannamələr imzalanıb.

Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk Qərb ölkələrindən biri olan Böyük Britaniya ilə diplomatik əlaqələr 1992-ci ildə yaradılıb. Ötən müddət ərzində siyasi təmaslar, enerji əməkdaşlığı, ticarət dövriyyəsi və qarşılıqlı investisiyalar sahəsində münasibətlər əhəmiyyətli dərəcədə genişlənib. Otuz ildən çoxdur davam edən enerji tərəfdaşlığı bu əlaqələrin konkret nəticələrini və davamlı xarakterini təsdiqləyir. Cənab Prezident İlham Əliyevin Dublində Böyük Britaniyanın Azərbaycanın Avropadakı ən böyük investoru olduğunu xüsusi qeyd etməsi də iqtisadi münasibətlərin əhatə dairəsini və əhəmiyyətini aydın şəkildə ortaya qoyur.

Birgə Bəyannamə iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərini üç mühüm sahə üzrə müəyyənləşdirir. Sənəddə müdafiə və təhlükəsizlik, ticarət, investisiya və iqtisadi artım, eləcə də təhsil və innovasiya sahələri başlıca əməkdaşlıq prioritetləri kimi ön plana çəkilir. Bu yanaşma Böyük Britaniyanın Azərbaycanla münasibətlərə yalnız iqtisadi əməkdaşlıq prizmasından deyil, həm də regional təhlükəsizliyin qorunması və uzunmüddətli inkişafın təmin edilməsi baxımından yanaşdığını nümayiş etdirir. Dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüququn prinsiplərinə hörmət məsələlərinin sənəddə öz əksini tapması ikitərəfli münasibətlərin siyasi və hüquqi dayaqlarını daha da gücləndirir. 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Zirvəsinin Bəyannaməsinə istinad edilməsi və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə dəstəyin ifadə olunması regionda dayanıqlı sülhün qarşılıqlı dialoq əsasında qurulmasının əhəmiyyətini bir daha vurğulayır.

Bəyannamədə regional əməkdaşlığın mühüm komponentlərindən biri kimi nəqliyyat və logistika əlaqələrinin inkişafına da xüsusi diqqət yetirilir. Orta Dəhlizin genişləndirilməsinin dəstəklənməsi Azərbaycanın Avropa ilə Asiya arasında mühüm tranzit və logistika mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə şərait yarada bilər. Bu baxımdan TRIPP layihəsi regional kommunikasiyaların bərpası, nəqliyyat əlaqələrinin genişləndirilməsi və beynəlxalq ticarət marşrutlarının inkişafı üçün əlavə imkanlar yaradan təşəbbüs kimi xüsusi əhəmiyyətə malikdir. Böyük Britaniyada TRIPP layihəsinin Orta Dəhlizin potensialını artıracağına dair müsbət yanaşmanın ifadə olunması da sənəddə müəyyənləşdirilən nəqliyyat bağlantıları gündəliyi ilə üst-üstə düşür. Birgə Bəyannamə mövcud münasibətlərin strateji səviyyədə rəsmiləşdirilməsi ilə kifayətlənmir, eyni zamanda əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün siyasi iradəni ortaya qoyur. Tərəflərin hər il strateji tərəfdaşlıq görüşlərinin keçirilməsi barədə razılığa gəlməsi əldə olunan razılaşmaların həyata keçirilməsinə nəzarət edilməsi və gələcək əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm mexanizm rolunu oynayacaq. Nəticə etibarilə, Azərbaycan və Böyük Britaniya qarşılıqlı etimada, bərabərhüquqlu tərəfdaşlığa və praktiki nəticələrə əsaslanan münasibətlərini daha yüksək inkişaf mərhələsinə yüksəldirlər.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.

Geri dön