Ana Sayfa > Siyasət > Azərbaycan-Böyük Britaniya münasibətləri qarşılıqlı etimad üzərində qurulub
Azərbaycan-Böyük Britaniya münasibətləri qarşılıqlı etimad üzərində qurulubBu gün, 17:18. Yazar: azer |
![]() Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm siyasi və diplomatik sənəd kimi diqqət çəkir. Bu sənəd Azərbaycan ilə Birləşmiş Krallıq arasında mövcud əməkdaşlığın daha geniş istiqamətlər üzrə inkişaf etdirilməsi, qarşılıqlı maraqların uzlaşdırılması və gələcək tərəfdaşlığın prioritetlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır. Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici siyasətində qarşılıqlı hörmət, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, bərabərhüquqlu əməkdaşlıq prinsiplərini əsas götürərək müxtəlif dövlətlərlə əlaqələrini genişləndirib. Böyük Britaniya ilə münasibətlər də bu siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Xüsusilə enerji sahəsində formalaşmış əməkdaşlıq iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin inkişafına mühüm töhfə verib. Noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətlərin inkişafında əlamətdar hadisədir. Bu sənəd iki ölkə arasında uzun illər ərzində formalaşmış əməkdaşlığın siyasi-hüquqi çərçivəsini daha da genişləndirir, qarşılıqlı münasibətlərin gələcək inkişafı üçün yeni prioritetlər müəyyənləşdirir. Eyni zamanda, Bəyannamə Azərbaycanın beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi və Avropa dövlətləri ilə əlaqələrinin daha yüksək səviyyəyə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin təməli müstəqilliyimizin ilk illərində qoyulub. 1994-cü il fevralın 23-də Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamənin, 1998-ci il iyulun 21-də isə Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əlaqələrin inkişafında mühüm mərhələlər olub. Sonrakı illərdə enerji, iqtisadiyyat, investisiya və siyasi dialoq sahələrində genişlənən əməkdaşlıq qarşılıqlı münasibətlərin dayanıqlı əsaslarını formalaşdırıb. Yeni Bəyannamə məhz bu tarixi təcrübəyə söykənərək tərəfdaşlığı müasir dövrün tələblərinə uyğun yeni məzmunla zənginləşdirir. Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri müxtəlif dövlətlərlə münasibətlərdə qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və milli maraqların qorunması prinsiplərini rəhbər tutmasıdır. Ölkəmiz beynəlxalq münasibətlər sistemində öz mövqeyini müstəqil şəkildə müəyyənləşdirir, siyasi qərarlarını milli inkişaf strategiyasına və dövlətçilik maraqlarına uyğun qəbul edir. Bu yanaşma Azərbaycanın həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınmasına imkan yaradıb. Böyük Britaniya ilə imzalanmış Birgə Bəyannamədə BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqliyin təsdiqlənməsi xüsusi siyasi məna daşıyır. Dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ikitərəfli münasibətlərin mühüm dayaqları kimi müəyyən olunur. Bu müddəalar Azərbaycanın uzun illər ərzində müdafiə etdiyi beynəlxalq hüquq prinsipləri ilə uzlaşır. Ölkəmiz hər zaman dövlətlərin ərazi bütövlüyünün və suveren hüquqlarının qorunmasını beynəlxalq təhlükəsizlik sisteminin vacib şərti hesab edib. Məhz bu mövqedən çıxış edən Azərbaycan beynəlxalq platformalarda fəal diplomatik fəaliyyət göstərərək milli maraqlarının təmin olunmasına nail olub. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycanın müstəqil xarici siyasət kursunun və qarşılıqlı maraqlara əsaslanan diplomatik münasibətlərinin növbəti təzahürüdür. Ölkəmizlə əməkdaşlıq aparıcı dövlətlər üçün yalnız mövcud iqtisadi imkanlar baxımından deyil, həm də regional və beynəlxalq proseslərdə Azərbaycanın artan rolu baxımından əhəmiyyətlidir. Bəyannamədə regional sülh və təhlükəsizlik məsələlərinə xüsusi yer ayrılması Azərbaycanın yeni geosiyasi reallıqların formalaşmasındakı rolunu bir daha ön plana çıxarır. 2025-ci il avqustun 8-də Vaşinqtonda qəbul olunmuş Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətinin vurğulanması, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların alqışlanması regionun gələcək inkişafı baxımından mühüm siyasi mesajdır. Azərbaycan Cənubi Qafqazda davamlı sülhün təmin olunmasını regionun iqtisadi potensialının reallaşdırılması, nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması üçün əsas şərt hesab edir. Sülh gündəliyinin irəlilədilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və regional əməkdaşlıq mexanizmlərinin inkişafı təkcə region dövlətlərinin deyil, beynəlxalq tərəfdaşların da maraqlarına cavab verir. Böyük Britaniyanın iki ölkə arasında ikitərəfli dialoq əsasında davamlı sülhə nail olunması səylərinə dəstəyini təsdiqləməsi bu baxımdan əhəmiyyətlidir. Çünki Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi Avropa ilə Asiya arasında iqtisadi və nəqliyyat əlaqələrinin daha etibarlı şəkildə inkişafına da şərait yaradır. Azərbaycan-Böyük Britaniya münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Xüsusilə enerji sektorunda uzun illər ərzində formalaşmış əlaqələr iki ölkənin iqtisadi münasibətlərinin əsas komponentlərindən birini təşkil edir. Böyük Britaniya şirkətlərinin Azərbaycanın enerji sektorunda iştirakı, ölkəmizə yönələn investisiyalar və həyata keçirilən birgə layihələr qarşılıqlı iqtisadi maraqların möhkəm əsaslara söykəndiyini nümayiş etdirir. Prezident İlham Əliyevin Dublin görüşündə Böyük Britaniyanın Azərbaycanın Avropada ən böyük investorlarından biri olduğunu vurğulaması bu əməkdaşlığın miqyasını və əhəmiyyətini ifadə edir. 30 ildən artıq müddətdə formalaşmış enerji tərəfdaşlığı ikitərəfli əlaqələrin inkişafında mühüm təcrübə yaradıb. İndi isə həmin təcrübənin iqtisadiyyatın digər sahələrinə də genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur. Bəyannamədə bərpaolunan enerji, infrastruktur, xidmətlər, maliyyə və kapital bazarları, kiçik və orta biznesin inkişafı kimi istiqamətlərin əhatə olunması iqtisadi münasibətlərin şaxələndirilməsinə xidmət edir. Bu yanaşma Azərbaycanın qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və xarici investisiyaların cəlb edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə biznes subyektləri arasında birbaşa əlaqələrin təşviqi, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, uzunmüddətli kommersiya tərəfdaşlıqlarının yaradılması yeni iqtisadi imkanlar formalaşdıracaqdır. Bəyannamədə Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirilməsi Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sistemindəki strateji mövqeyinin əhəmiyyətini bir daha təsdiqləyir. Qlobal ticarət marşrutlarının şaxələndirilməsi, beynəlxalq təchizat zəncirlərinin təhlükəsizliyinin təmin olunması və Avropa ilə Asiya arasında etibarlı bağlantıların yaradılması müasir iqtisadiyyatın əsas tələblərindəndir. Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat infrastrukturu, dəniz limanı, dəmir yolları və avtomobil magistralları ölkəmizə mühüm tranzit imkanları qazandırır. Bu imkanların genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində rolunu daha da artırır. Dublin şəhərində imzalanmış Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələnin başlanğıcı olmaqla, qarşılıqlı etimadın, siyasi iradənin və ortaq strateji maraqların təzahürüdür. Onun müddəalarının ardıcıl həyata keçirilməsi iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə, yeni layihələrin reallaşmasına və regionda davamlı sülhə, sabitliyə və tərəqqiyə töhfə verəcəkdir. Saleh Məhərrəmov, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Geri dön |