Ana Sayfa > Siyasət > Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ

Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ


Bu gün, 14:21. Yazar: azer
Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, çoxşaxəli və praqmatik xarici siyasət ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə, müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə və milli maraqların etibarlı şəkildə təmin olunmasına xidmət edir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu, etibarlı tərəfdaş kimi mövqeyi və təşəbbüskar diplomatik fəaliyyəti bu siyasətin mühüm nəticələrindəndir.
2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcını ifadə edir. Sənəd siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bəyannamə Azərbaycan ilə Böyük Britaniya arasında uzun illər ərzində formalaşmış dostluq və əməkdaşlıq ənənələrinə, 1994-cü il və 1998-ci il tarixli birgə bəyannamələrə əsaslanır. Bu, ikitərəfli münasibətlərin möhkəm tarixi təmələ söykəndiyini və qarşılıqlı etimad əsasında inkişaf etdiyini göstərir. Yeni sənəd həmin əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində daha sistemli və institusional şəkildə davam etdirilməsinə xidmət edir.
Bəyannamənin siyasi baxımdan mühüm müddəalarından biri BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmətin bir daha təsdiqlənməsidir. Bu prinsiplər Azərbaycanın xarici siyasətinin əsasını təşkil edir. Ölkəmiz beynəlxalq münasibətlərdə hüquq bərabərliyinin, qarşılıqlı hörmətin və dövlətlərin legitim maraqlarının qorunmasının tərəfdarı kimi çıxış edir.
Sənəddə 2025-ci il avqustun 8-də Vaşinqtonda qəbul edilmiş Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətinin vurğulanması, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların alqışlanması xüsusi diqqət çəkir. Böyük Britaniyanın ikitərəfli dialoq əsasında regionda davamlı sülhə nail olunmasına yönəlmiş səyləri dəstəkləməsi Azərbaycanın Cənubi Qafqazda sülh və əməkdaşlıq gündəliyinin əhəmiyyətini göstərir. Sülhün möhkəmləndirilməsi regionda nəqliyyat, ticarət, investisiya və iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar yaradır.
Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi də strateji tərəfdaşlığın əsas istiqamətlərindəndir. Bəyannamədə müdafiə təlimləri, peşəkar potensialın artırılması, müdafiə sənayesi, hüquq-mühafizə orqanları, sərhəd idarəçiliyi və hüquqi əməkdaşlıq üzrə əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulur. Bu istiqamətlər regional sabitliyin qorunmasına, təhlükəsizlik çağırışlarına qarşı birgə fəaliyyət imkanlarının genişləndirilməsinə və institusional əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
İqtisadi və ticarət əlaqələrinin inkişafı tərəfdaşlığın digər mühüm sütununu təşkil edir. Azərbaycan zəngin enerji potensialı, əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə beynəlxalq iqtisadi münasibətlərdə mühüm tərəfdaşdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Böyük Britaniya Azərbaycanın ən böyük Avropa investorudur. Otuz ildən artıq davam edən enerji əməkdaşlığı iki ölkə arasında iqtisadi münasibətlərin möhkəm təməlini formalaşdırıb. Yeni Bəyannamə isə bu əməkdaşlığın bərpaolunan enerji, infrastruktur, xidmətlər, maliyyə bazarları və digər perspektivli sahələr üzrə genişləndirilməsini nəzərdə tutur.
Sənəddə Orta Dəhlizin inkişafına xüsusi yer ayrılması Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sistemində artan rolunun göstəricisidir. Şərqlə Qərbi birləşdirən mühüm tranzit məkanlarından biri olan ölkəmiz regional bağlantıların gücləndirilməsi və beynəlxalq ticarətin asanlaşdırılması istiqamətində əhəmiyyətli imkanlara malikdir. Yaşıl enerji, ekoloji dayanıqlılıq, aşağı karbonlu texnologiyalar və enerji təhlükəsizliyi sahələrində əməkdaşlıq da gələcək iqtisadi inkişafın prioritetləri ilə uzlaşır.
Tərəfdaşlığın digər mühüm istiqaməti təhsil, elm və innovasiyadır. Müasir dövrdə insan kapitalının inkişafı, elmi potensialın gücləndirilməsi və rəqəmsal transformasiya dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdəndir. Bəyannamədə ali və peşə təhsili, rəqəmsal və texniki bacarıqlar, süni intellekt, elmi tədqiqatlar və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Universitetlər, elmi-tədqiqat institutları və sənaye müəssisələri arasında əlaqələrin inkişafı hər iki ölkənin intellektual və texnoloji potensialına töhfə verə bilər.
Bəyannamədə insanlararası əlaqələrin, mədəni mübadilənin və peşəkar şəbəkələrin inkişafına da diqqət yetirilir. Sənədin müddəalarına əsasən, tərəflər strateji tərəfdaşlığın üç əsas istiqaməti üzrə görülən işləri qiymətləndirmək, gələcək prioritetləri müəyyənləşdirmək və əməkdaşlığın praktiki nəticələrini izləmək məqsədilə hər il Strateji Tərəfdaşlıq görüşləri keçirməyi nəzərdə tuturlar. Bu mexanizm əldə olunmuş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi baxımından əhəmiyyətlidir.
Beləliklə, Azərbaycan ilə Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə uzunmüddətli münasibətlərin yeni məzmunla zənginləşdirilməsini, siyasi, iqtisadi, təhlükəsizlik və humanitar əlaqələrin daha geniş müstəvidə inkişafını nəzərdə tutur. Bu sənəd Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətin, Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinin və milli maraqlara əsaslanan diplomatik xəttinin mühüm istiqamətlərindən birini əks etdirir.
Azərbaycan bundan sonra da suverenliyinə və milli maraqlarına əsaslanaraq beynəlxalq tərəfdaşları ilə qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və etibarlı tərəfdaşlıq prinsipləri əsasında əlaqələrini inkişaf etdirmək əzmindədir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Geri dön