Ana Sayfa > Karusel / Özəl / Təhsil > Aqrar Universitetdən fermer təsərrüfatına uzanan dayanıqlı inkişaf körpüsü
Aqrar Universitetdən fermer təsərrüfatına uzanan dayanıqlı inkişaf körpüsüBu gün, 12:24. Yazar: azer |
![]() Müasir dünyanın qarşısında dayanan ən ciddi problemlərdən biri iqlim dəyişikliyidir. Artıq bu məsələ yalnız ekoloji tarazlığın qorunması və təbii mühitin mühafizəsi çərçivəsində müzakirə olunmur. İqlim dəyişiklikləri su ehtiyatlarının azalmasından kənd təsərrüfatının məhsuldarlığına, ərzaq təhlükəsizliyindən iqtisadi inkişafın davamlılığına qədər həyatın bütün mühüm sahələrinə təsir göstərir. Bu səbəbdən iqlim çağırışlarına qarşı mübarizə beynəlxalq əməkdaşlığın, elmi araşdırmaların, innovasiyaların və yeni təhsil yanaşmalarının birləşdirilməsini tələb edir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı-COP məhz belə qlobal problemlərin müzakirə olunduğu, dövlətlərin, beynəlxalq təşkilatların, elm və təhsil müəssisələrinin, eləcə də müxtəlif sahələrin nümayəndələrinin ortaq fəaliyyət istiqamətlərini müəyyənləşdirdiyi mühüm beynəlxalq platformadır. COP-un əsas mahiyyəti iqlim dəyişikliklərinin doğurduğu təhlükələri qiymətləndirməklə yanaşı, onların qarşısının alınması və nəticələrinin yumşaldılması üçün konkret əməkdaşlıq mexanizmləri formalaşdırmaqdır. COP31 çərçivəsində Türkiyənin Antalya şəhərində keçirilən tədbirlərdə universitetlərin dayanıqlı inkişaf prosesindəki roluna xüsusi diqqət yetirilməsi də təsadüfi deyil. Çünki iqlim dəyişikliklərinə qarşı mübarizədə elmi bilik, müasir texnologiyalar və peşəkar kadr potensialı olmadan qarşıya qoyulan məqsədlərə çatmaq mümkün deyil. Universitetlər isə bu üç mühüm istiqaməti öz fəaliyyətində birləşdirən əsas elm və təhsil mərkəzləridir. Bu baxımdan COP31 çərçivəsində Türk Dünyası Universitetlərinin Dayanıqlılıq Şəbəkəsinin (TURKSUN) təşkil etdiyi panellər xüsusi əhəmiyyət daşıyıb. Noyabrın 13-də Türkiyə Ali Təhsil Şurasının (YÖK) Pavilyonunda Yaşıl Zonada keçirilən ilk panel Türk Dünyası Universitetlərinin Dayanıqlılıq Şəbəkəsinin fəaliyyət istiqamətlərinə həsr olunub. Noyabrın 14-də isə Mavi Zonada, Azərbaycan Pavilyonunda "Universitetlərin iqlim yönümlü dayanıqlı inkişafda rolu: qlobal əməkdaşlıq və birgə iqlim fəaliyyəti" mövzusunda ikinci panel təşkil edilib. Ege Universitetinin Dayanıqlılıq üzrə koordinatoru, TURKSUN koordinatoru Göknur Şişman Aydının moderatorluğu ilə keçirilən hər iki paneldə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Ege Universitetinin rektoru Musa Alcı və Ürgənc Dövlət Tibb İnstitutunun rektoru Rəşid Ruzibayev çıxış ediblər. ADAU rektoru Zəfər Qurbanovun çıxışları isə bu müzakirələrə aqrar elmin və kənd təsərrüfatı təhsilinin prizmasından yanaşması ilə diqqət çəkib. Onun səsləndirdiyi fikirlərin əsas məğzi ondan ibarət olub ki, iqlim dəyişikliyinin təsirləri ilk növbədə su ehtiyatlarında və kənd təsərrüfatında özünü göstərir. Deməli, bu sahədə dayanıqlı inkişafın təmin edilməsi yalnız ekoloji tədbirlərin görülməsi ilə məhdudlaşmamalı, aqrar elmin, təhsilin və istehsalın vahid fəaliyyət sistemində birləşdirilməsini tələb etməlidir. Əslində, bu yanaşma aqrar universitetlərin müasir dövrdə üzərinə düşən missiyanı daha aydın ifadə edir. Çünki kənd təsərrüfatının gələcəyi yalnız torpağın becərilməsi, məhsulun yetişdirilməsi və istehsal həcminin artırılması ilə müəyyən olunmur. Bu gələcək, eyni zamanda, suya qənaət edən texnologiyaların tətbiqindən, torpaq münbitliyinin qorunmasından, iqlim risklərinin düzgün qiymətləndirilməsindən, elmi yeniliklərin istehsalata gətirilməsindən və bu prosesləri həyata keçirə biləcək mütəxəssislərin hazırlanmasından asılıdır. Məhz bu məqamda Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyəti xüsusi aktuallıq qazanır. Azərbaycanın aqrar sahə üzrə ixtisaslaşmış yeganə ali təhsil müəssisəsi olan ADAU-nun qarşısında dayanan vəzifə yalnız ali təhsilli mütəxəssis hazırlamaq deyil. Universitet həm də kənd təsərrüfatının müasir çağırışlara uyğun inkişafına elmi töhfə verməli, yeni texnologiyaların tətbiqini sürətləndirməli, aqrar istehsalın səmərəliliyinin artırılmasına xidmət edən tədqiqatlar aparmalıdır. Zəfər Qurbanovun çıxışlarında diqqətə çatdırılan üç istiqamət-kadr hazırlığı, universitet kampusunun və təcrübə təsərrüfatının canlı laboratoriya kimi istifadəsi, elmi biliklərin fermerlərə çatdırılması-bu baxımdan xüsusi əhəmiyyət daşıyır. İlk növbədə, iqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün yeni düşüncəyə və müasir biliklərə malik aqrar mütəxəssislərin hazırlanması vacibdir. Gələcəyin aqronomu, torpaqşünası, mühəndisi və digər aqrar sahə mütəxəssisləri yalnız ənənəvi biliklərlə kifayətlənməməli, su ehtiyatlarından səmərəli istifadə, iqlimə uyğunlaşma, resurslara qənaət, rəqəmsal kənd təsərrüfatı və innovativ istehsal texnologiyalarını da dərindən mənimsəməlidirlər. Bu isə tədris proqramlarının müasir tələblərə uyğunlaşdırılmasını, elmi-praktik hazırlığın gücləndirilməsini zəruri edir. İkinci mühüm məsələ universitetin öz infrastrukturunun elmi təcrübə və tədqiqat məkanına çevrilməsidir. Kampus və təcrübə təsərrüfatı yalnız tədrisin təşkil olunduğu və istehsalat təcrübəsinin keçirildiyi ərazilər kimi deyil, həm də iqlim dəyişikliklərinin təsirlərinin öyrənildiyi, suya qənaət texnologiyalarının sınaqdan keçirildiyi, innovativ aqrar həllərin tətbiq olunduğu canlı laboratoriyalar kimi fəaliyyət göstərməlidir. Belə bir yanaşma tələbələrə nəzəri bilikləri real şəraitdə yoxlamaq, elmi nəticələri praktik müstəvidə qiymətləndirmək imkanı yaradır. Üçüncü istiqamət isə elmi biliyin fermerə çatdırılmasıdır. Çünki universitet laboratoriyalarında, elmi tədqiqatlarda əldə olunan nəticələr fermer təsərrüfatlarında tətbiq edilmədikcə onların real iqtisadi və sosial səmərəsi tam üzə çıxmır. Fermer müasir elmin imkanlarından istifadə etməli, suvarma rejimini elmi əsaslarla müəyyənləşdirməli, torpağın xüsusiyyətlərini nəzərə almalı, iqlim risklərinə uyğun istehsal qərarları qəbul etməlidir. Bu baxımdan universitetlə fermer arasında davamlı bilik və təcrübə mübadiləsinin qurulması aqrar inkişafın vacib şərtlərindən biridir. Rektorun çıxışlarında Azərbaycanın COP29-a ev sahibliyi təcrübəsinin xatırladılması da mühüm məna daşıyır. Azərbaycan bu beynəlxalq tədbir vasitəsilə iqlim gündəliyinin müzakirəsində fəal iştirakını, qlobal əməkdaşlığa verdiyi əhəmiyyəti nümayiş etdirdi. COP29-da əldə olunan təcrübənin ali təhsil və aqrar elm müstəvisində davam etdirilməsi isə beynəlxalq səviyyədə səsləndirilən təşəbbüslərin ölkə daxilində konkret elmi və praktiki fəaliyyətə çevrilməsi baxımından əhəmiyyətlidir. Digər tərəfdən, kənd təsərrüfatının inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının diqqətə çatdırılması ADAU-nun qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri ilə qlobal iqlim gündəliyi arasında əlaqəni ortaya qoyur. Bu proqram çərçivəsində aqrar sahənin inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələrin elmi təminatı, müasir texnologiyaların tətbiqi və peşəkar kadr hazırlığı universitetin üzərinə mühüm məsuliyyət qoyur. Beləliklə, ADAU-nun fəaliyyəti yalnız milli aqrar inkişafın deyil, eyni zamanda, qlobal dayanıqlılıq məqsədlərinin reallaşdırılmasının da tərkib hissəsinə çevrilir. Panellərdə müzakirə olunan digər mühüm istiqamət Türk dünyası universitetləri arasında elmi və akademik əməkdaşlığın genişləndirilməsi olub. Ortaq coğrafi məkan, oxşar təbii-iqlim şəraiti, kənd təsərrüfatında qarşıya çıxan bənzər problemlər bu əməkdaşlıq üçün geniş imkanlar yaradır. Su ehtiyatlarının idarə olunması, quraqlıq risklərinin azaldılması, torpaqların mühafizəsi, iqlimə davamlı bitki sortlarının öyrənilməsi və ərzaq təhlükəsizliyi kimi məsələlər Türk dünyası ölkələrinin universitetlərini birləşdirən ümumi elmi maraqlardır. Zəfər Qurbanovun TURKSUN çərçivəsində əməkdaşlığın ilk addımı kimi tələbələrin iştirakı ilə su səmərəliliyi sahəsində birgə təşəbbüsün həyata keçirilməsi təklifi bu baxımdan xüsusi diqqətə layiqdir. Təklifin dəyəri ondadır ki, əməkdaşlıq ümumi niyyət və bəyanatlar səviyyəsində qalmır, konkret fəaliyyətə, tələbə iştirakına və ölçülə bilən nəticələrə istiqamətlənir. Su səmərəliliyi aqrar sahənin ən aktual məsələlərindən biridir. Su ehtiyatlarının qorunması, suvarma sistemlərinin təkmilləşdirilməsi və mövcud resurslardan daha qənaətlə istifadə edilməsi kənd təsərrüfatının dayanıqlı inkişafının əsas şərtlərindəndir. Bu istiqamətdə müxtəlif türk dünyası universitetlərinin tələbələrinin birgə tədqiqat və təcrübə layihələrinə cəlb edilməsi həm onların peşəkar hazırlığına, həm də universitetlər arasında elmi əlaqələrin möhkəmlənməsinə xidmət edə bilər. Eyni zamanda, belə təşəbbüslər gələcəyin aqrar mütəxəssislərində ekoloji məsuliyyət və ortaq fəaliyyət mədəniyyətinin formalaşmasına töhfə verər. Əslində, bu təklif ADAU-nun beynəlxalq əməkdaşlıq anlayışına yanaşmasının da mühüm ifadəsidir. Yəni, əməkdaşlıq yalnız təcrübə mübadiləsi deyil, ortaq problemin müəyyənləşdirilməsi, birgə elmi araşdırılması və konkret həll yollarının hazırlanmasıdır. COP31 çərçivəsində keçirilən TURKSUN panelləri bir daha göstərdi ki, müasir universitetin nüfuzu yalnız onun auditoriyalarında, elmi dərəcələrində və tədris göstəricilərində deyil, həm də bəşəriyyətin qarşısında dayanan problemlərin həllinə verdiyi töhfədə ölçülür. Aqrar universitet üçün isə bu məsuliyyət daha konkretdir. Torpağı, suyu, ərzaq ehtiyatlarını qorumaq, kənd təsərrüfatını iqlim dəyişikliklərinə uyğunlaşdırmaq və gələcək nəsillər üçün dayanıqlı aqrar inkişafın elmi əsaslarını yaratmaq ən vacib məsələdir. ADAU-nun rektoru Zəfər Qurbanovun Antalya platformasında səsləndirdiyi fikirlərin mahiyyəti də məhz bu reallıqdan qaynaqlanır. Universitetin milli aqrar inkişaf qarşısındakı vəzifələri ilə beynəlxalq iqlim gündəliyinin tələbləri arasında yaradılan əlaqə göstərir ki, müasir aqrar təhsil artıq yalnız peşə hazırlığı deyil, həm də ekoloji təhlükəsizliyin, ərzaq təminatının və dayanıqlı gələcəyin formalaşdırılmasına xidmət edən strateji fəaliyyət sahəsidir. Bu baxımdan ADAU-nun COP31-də təmsil olunması və TURKSUN panellərində təqdim edilən təşəbbüslər universitetin elmi potensialının beynəlxalq əməkdaşlıq müstəvisində ifadəsi kimi dəyərləndirilə bilər. Ən əsası, burada səslənən ideyalar universitetin auditoriyalarından başlayaraq təcrübə təsərrüfatlarına, oradan da fermer təsərrüfatlarına və bütövlükdə ölkənin aqrar inkişafına uzanan vahid bir fəaliyyət xəttini ifadə edir. Çünki iqlimə davamlı gələcək yalnız bu gün qəbul edilən qərarlarla deyil, həmin qərarları sabah həyata keçirəcək savadlı, təşəbbüskar və məsuliyyətli mütəxəssislərin yetişdirilməsi ilə qurulur. ADAU-nun missiyası da məhz bu gələcəyin elmi və kadr təminatına töhfə verməkdir. ![]() Qalib Rəhimli. Geri dön |