Ana Sayfa > Manşet / Parlament > Nazir manatın məzənnəsindən danışdı
Nazir manatın məzənnəsindən danışdıBu gün, 11:56. Yazar: Subhan |
![]() "Bu gün qarşımızda duran əsas vəzifə əldə olunmuş nailiyyətləri qorumaqla yanaşı, ölkənin inkişafını yeni mərhələyə daşımaq, iqtisadi artımın dayanıqlığını təmin etmək və artan maliyyə imkanlarından maksimum səmərəli istifadə etməkdir: aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib. “Bu baxımdan, qeyri-neft sektorunun inkişafı, özəl sektorun iqtisadiyyatda rolunun artması, əhalinin rifahının yüksəldilməsi, müdafiə və təhlükəsizlik potensialının möhkəmləndirilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davam etdirilməsi dövlət siyasətinin başlıca istiqamətləri olaraq qalır”, - nazir bildirib. Qlobal miqyasda müşahidə olunan qeyri müəyyənliklərin və xarici bazarlardakı dəyişkənliklərin fiskal siyasətdə ehtiyatlı yanaşmanı, büdcə intizamını və dövlət maliyyəsinin dayanıqlılığını xüsusi aktuallıqla gündəmə gətirdiyini deyən S.Babayev əlavə edib ki, 2027-ci ilin dövlət büdcəsi məhz bu prioritetlər və mövcud iqtisadi reallıqlar nəzərə alınmaqla hazırlanıb. Maliyyə naziri vurğulayıb ki, büdcə siyasətində əsas yanaşma iqtisadi inkişafın maliyyə təminatını yaratmaqla yanaşı, dövlətin sosial və strateji öhdəliklərini tam yerinə yetirmək, büdcə resurslarından istifadənin səmərəliliyini artırmaq və uzunmüddətli fiskal dayanıqlılığı qorumaqdır. S.Babayev qeyd edib ki, cari ilin 1 oktyabr tarixinə ölkənin məcmu valyuta ehtiyatları 89,4 mlrd. ABŞ dolları təşkil edib, xarici dövlət borcunu təqribən 20 dəfə üstələmiş, proqnozlaşdırılan illik ÜDM-in isə 110 faizinə bərabər olub. Onun sözlərinə görə, Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdəndir: "Belə yüksək ehtiyat səviyyəsi makroiqtisadi sabitliyin, milli valyutanın dayanıqlılığının və xarici öhdəliklərin mühüm təminatıdır. 2027-ci il üçün Azərbaycan Respublikasında ümumi daxili məhsulun real ifadədə 2,7 faiz artımla 141 mlrd. manat təşkil edəcəyi proqnozlaşdırılır. İqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində, ÜDM-in 77,4 faizi və yaxud 109,1 mlrd. manatı qeyri-neft sektorunun payına düşəcəkdir. Bu isə 2026-cı illə müqayisədə nominal ifadədə 9,1 mlrd. manat, real ifadədə 4,4 faiz çoxdur. Monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi nəticəsində növbəti ildə də manatın məzənnəsi sabit saxlanılmaqla 1,7 manat, illik inflyasiya isə 5,3 faiz proqnozlaşdırılıb. 2027-ci il üçün “Azəri light” markalı xam neftin bir barelinin dünya bazarlarındakı satış qiyməti orta hesabla 65 ABŞ dollar səviyyəsində proqnozlaşdırılıb. Beynəlxalq maliyyə bazarlarındakı dalğalanmalar nəzərə alınmaqla, neftin qiymətinin müəyyən olunmasında mühafizəkar yanaşma əsas götürülüb". aia.az Geri dön |