Ana Sayfa > Özəl > Kosmosa buraxılan raket 10 dəqiqə sonra sıradan çıxdı – 40 peyk orbitə çata bilmədi
Kosmosa buraxılan raket 10 dəqiqə sonra sıradan çıxdı – 40 peyk orbitə çata bilmədiBu gün, 20:00. Yazar: vasif |
![]() ABŞ-ın “United Launch Alliance” (ULA) şirkətinə məxsus “Vulcan” daşıyıcı raketinin kosmosa buraxılışı uğursuzluqla nəticələnib. Startdan təxminən 10 dəqiqə sonra yaranan texniki nasazlıq səbəbindən “Amazon Leo” internet şəbəkəsinə aid 40 peyk nəzərdə tutulan orbitə çatdırılmayıb. “Boeing” və “Lockheed Martin” şirkətlərinin birgə müəssisəsi olan ULA-nın “Vulcan” raketi ABŞ-ın Florida ştatındakı Kanaveral burnu Kosmik Qüvvələr Stansiyasından yerli vaxtla saat 12:40-da buraxılıb. İlkin mərhələdə uçuş davam etsə də, təxminən 10 dəqiqə sonra raketin fəaliyyətində anormallıq qeydə alınıb. Nəticədə missiyanın əsas məqsədi olan 40 rabitə peykinin orbitə yerləşdirilməsi mümkün olmayıb. Hadisənin ULA şirkətinin 2006-cı ildə yaradılmasından bəri ilk tam missiya uğursuzluğu olduğu bildirilir. Şirkət yaydığı açıqlamada buraxılış zamanı yaranan texniki problemin peyklərin nəzərdə tutulan orbitə çatdırılmasına mane olduğunu təsdiqləyib. “Hər uçuş bizə yeni məlumatlar verir və müəyyən nəticələr çıxarmağa imkan yaradır. Baş vermiş anormallıq hələ çox yenidir. Buna görə də hazırda hadisənin səbəblərini tam anlamağımıza imkan verən konkret məlumatlara malik deyilik”, – deyə ULA-nın açıqlamasında bildirilib. Raketdə nasazlığın hansı səbəbdən yarandığı hələlik müəyyənləşdirilməyib. Uğursuz buraxılış “Amazon Leo” layihəsi üçün də əhəmiyyətli hadisədir. Layihə peyklər vasitəsilə internet bağlantısının təmin edilməsini nəzərdə tutur və orbitə göndərilməsi planlaşdırılan 40 peyk bu şəbəkənin genişləndirilməsi üçün nəzərdə tutulmuşdu. Hazırda əsas diqqət uçuş zamanı qeydə alınan texniki məlumatların araşdırılmasına və nasazlığın səbəbinin müəyyən edilməsinə yönəlib. Geri dön |