Ana Sayfa > Siyasət > Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir


Bu gün, 11:28. Yazar: azer
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Cənubi Qafqazda yaranmış yeni geosiyasi şəraitin və Azərbaycanın irəli sürdüyü regional əməkdaşlıq təşəbbüslərinin beynəlxalq miqyasda qəbul olunması baxımından mühüm siyasi hadisədir. Sənədin əsas xüsusiyyətlərindən biri Böyük Britaniyanın regionda uzunmüddətli sülhün bərqərar olmasına, dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün qorunmasına, eyni zamanda iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsinə verdiyi dəstəyin konkret siyasi prinsiplər əsasında ifadə edilməsidir. Bu mövqe Azərbaycanın regionda artan nüfuzunun, həyata keçirdiyi təşəbbüslərin və müəyyənləşdirdiyi əməkdaşlıq istiqamətlərinin beynəlxalq səviyyədə lazımi şəkildə dəyərləndirildiyini təsdiqləyir. Bəyannamədə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşmaların əhəmiyyətinə toxunulması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində görülən işlərin müsbət qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bununla Böyük Britaniya Cənubi Qafqazda sabitliyin və sülhün möhkəmləndirilməsinə tərəfdar olduğunu, tərəflər arasında siyasi dialoqun davam etdirilməsini vacib saydığını ortaya qoyur. Eyni zamanda, sənəddə BMT Nizamnaməsinin müddəalarına və beynəlxalq hüququn əsas prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət məsələsinə yer verilməsi mühüm siyasi məna daşıyır. Bu prinsiplər Azərbaycanın uzun müddətdir beynəlxalq münasibətlər sistemində müdafiə etdiyi hüquqi mövqe ilə tam uyğunluq təşkil edir.

Birgə Bəyannamədə xüsusi yer tutan digər mühüm məsələlərdən biri də regionda kommunikasiyaların açılması və beynəlxalq nəqliyyat imkanlarının genişləndirilməsidir. Orta Dəhlizin inkişafına dəstək göstərilməsi, sərhədyanı ticarət və investisiya fəaliyyətini asanlaşdıran nəqliyyat-logistika layihələrinin təşviq edilməsi ilə bağlı əldə olunan razılıq Azərbaycanın geoiqtisadi mövqeyinin daha da gücləndirilməsi baxımından əhəmiyyətli perspektivlər yaradır. Bu istiqamətdə TRIPP layihəsi də xüsusi önəm daşıyır. Azərbaycanın irəli sürdüyü regional bağlantı təşəbbüsləri nəqliyyat xəritəsinin yenidən formalaşmasına, Şərq-Qərb istiqamətində daşımaların genişlənməsinə və ölkələr arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə şərait yaradır. Böyük Britaniyanın regional nəqliyyat bağlantılarının inkişafına və Orta Dəhlizin genişləndirilməsinə verdiyi önəm TRIPP layihəsinin meydana çıxardığı imkanlarla da uyğunluq təşkil edir. Bu baxımdan, nəqliyyat və kommunikasiya layihələri təkcə iqtisadi səmərəliliyin artırılmasına xidmət etmir, həm də regionda davamlı sülhün, qarşılıqlı etimadın və əməkdaşlıq mühitinin formalaşmasında mühüm vasitəyə çevrilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl və uzaqgörən xarici siyasət ölkəmizin beynəlxalq tərəfdaşlarla əlaqələrini qarşılıqlı maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında inkişaf etdirməsinə geniş imkanlar yaradıb. Azərbaycanın təşəbbüsləri artıq yalnız milli maraqların təmin olunması ilə məhdudlaşmır, eyni zamanda daha geniş regionda iqtisadi əməkdaşlığın genişləndirilməsi və təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətli rol oynayır. Böyük Britaniya ilə imzalanan Birgə Bəyannamə də mövcud reallığın mühüm siyasi ifadəsi kimi qiymətləndirilə bilər. Sənədin əhəmiyyəti yalnız iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə yüksəldilməsi ilə bitmir, həm də gələcək regional əməkdaşlığın istiqamətlərini müəyyənləşdirən ümumi yanaşmanın formalaşdırılmasında özünü göstərir. Müdafiə və təhlükəsizlik, iqtisadi əlaqələr, investisiya və innovasiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi sülh təşəbbüslərinin konkret iqtisadi və siyasi nəticələrlə möhkəmləndirilməsinə xidmət edir. Bütün bunlar göstərir ki, Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regionda sabitliyin qorunması, əməkdaşlıq imkanlarının artırılması və ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malik siyasi platformadır.

Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini.

Geri dön