Ana Sayfa > Siyasət > Britaniya ilə iqtisadi əməkdaşlıq yeni imkanlar yaradır

Britaniya ilə iqtisadi əməkdaşlıq yeni imkanlar yaradır


Bu gün, 11:13. Yazar: azer
Britaniya ilə iqtisadi əməkdaşlıq yeni imkanlar yaradır

Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin inkişafında iqtisadi əməkdaşlıq hər zaman mühüm yer tutub. Yeni dövrdə bu əməkdaşlığın daha geniş istiqamətləri əhatə etməsi, investisiya imkanlarının artırılması və qarşılıqlı iqtisadi maraqların uzlaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə məhz bu baxımdan iki ölkənin iqtisadi əlaqələrinə yeni perspektivlər açır. Sənəddə davamlı və şaxələndirilmiş iqtisadi artımın, açıq ticarətin, investisiyaların və innovasiyanın uzunmüddətli sabitlik və rifahın əsasları kimi qəbul edilməsi tərəflərin gələcək əməkdaşlıq fəlsəfəsini aydın ifadə edir.

Bəyannamədə iqtisadiyyat, ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi üçün konkret istiqamətlərin müəyyənləşdirilməsi diqqətəlayiqdir. Bərpaolunan enerji, infrastruktur və xidmətlər sektorlarında uzunmüddətli kommersiya tərəfdaşlıqlarının təşviqi, bizneslərarası əlaqələrin inkişafı, maliyyə və kapital bazarları üzrə dialoqun dərinləşdirilməsi qarşılıqlı iqtisadi faydanın artırılmasına xidmət edir. Böyük Britaniyanın bu sahələrdə Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyəti ölkəmizin əlverişli investisiya mühitinə, enerji və tranzit imkanlarına, habelə regional iqtisadi proseslərdə artan roluna verilən qiymətin göstəricisidir. Xüsusilə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın investisiya, iqtisadi şaxələndirmə, enerji əməkdaşlığı və Orta Dəhliz üzrə təşəbbüslərin irəlilədilməsi üçün əsas platforma kimi müəyyənləşdirilməsi mühüm praktik əhəmiyyət daşıyır.

İqtisadi tərəfdaşlığın perspektivlərini müəyyən edən digər mühüm istiqamət regional bağlantıların inkişafıdır. Azərbaycanın coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və tranzit potensialı ölkəmizi beynəlxalq ticarət marşrutlarının əhəmiyyətli iştirakçısına çevirib. Bəyannamədə Orta Dəhlizin inkişafına dəstəyin ifadə olunması, nəqliyyat-logistika layihələrinin təşviqi və TRİP layihəsinin dəstəklənməsi Azərbaycanın regional kommunikasiyaların genişləndirilməsi ilə bağlı prioritetlərinin beynəlxalq səviyyədə qəbul edildiyini göstərir. Bu təşəbbüslər yalnız yükdaşımaların artmasına deyil, həm də regionda yeni iqtisadi əlaqələrin yaranmasına, investisiya axınının genişlənməsinə və dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə imkan yaradır. Böyük Britaniyanın bu proseslərə konstruktiv münasibəti Azərbaycanın təşəbbüslərinin strateji tərəfdaşlıq çərçivəsində dəstəkləndiyini təsdiqləyir.

Enerji sahəsində əməkdaşlığın ənənəvi istiqamətlərlə yanaşı, yaşıl enerji, aşağı karbonlu texnologiyalar və yaşıl maliyyələşdirmə kimi yeni sahələri əhatə etməsi də xüsusi qeyd olunmalıdır. Bu, Azərbaycanın enerji siyasətinin müasir çağırışlara uyğun şaxələndirilməsi və ölkəmizin beynəlxalq enerji təhlükəsizliyində rolunun genişləndirilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, təhsil, innovasiya və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq iqtisadi tərəfdaşlığın uzunmüddətli insan kapitalı bazasını formalaşdırır. Beləliklə, Dublin Bəyannaməsi Azərbaycan-Britaniya əlaqələrini ənənəvi əməkdaşlıq çərçivəsindən çıxararaq yeni iqtisadi imkanlara, regional bağlantılara və innovativ inkişafa əsaslanan strateji mərhələyə daşıyır.

Emil Tağıyev,
YAP Xaçmaz rayon təşkilatının sədri.

Geri dön