Ana Sayfa > Siyasət > Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdırBu gün, 11:16. Yazar: azer |
![]() Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin İrlandiyanın paytaxtı Dublində keçirilən 9-cu Zirvə Toplantısında iştirakı Azərbaycanın Avropa məkanında artan siyasi çəkisinin, beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinin və etibarlı tərəfdaş kimi qəbul edilməsinin növbəti göstəricisidir. Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib. O qeyd edib ki, Azərbaycanın belə bir yüksəksəviyyəli siyasi platformada iştirakı ölkəmizin yalnız regional proseslərin iştirakçısı deyil, həm də Avropanın gələcək təhlükəsizlik və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaş olduğunu təsdiqləyir: “Prezident İlham Əliyevin sammit çərçivəsində keçirdiyi görüşlər, aparılan müzakirələr və əldə olunan razılaşmalar Azərbaycanın çoxşaxəli xarici siyasətinin, milli maraqlara əsaslanan praqmatik diplomatiyasının nəticəsidir. Bu gün Avropa ölkələrinin Azərbaycana marağının artması təsadüfi deyil. Bu marağın arxasında Prezident İlham Əliyevin beynəlxalq səviyyədə qazandığı yüksək şəxsi nüfuz, ölkəmizin iqtisadi və siyasi potensialı, enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol, eləcə də mürəkkəb regional məsələlərin həllində nümayiş etdirdiyi prinsipial və ardıcıl mövqe dayanır”. Deputat bildirib ki, Dublin Sammiti çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemlə keçirilən görüş və Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin mübadiləsi bu baxımdan xüsusi diqqətə layiqdir. Bu görüşün ən mühüm nəticələrindən biri iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin mübadilə olunmasıdır. Sənəd Azərbaycan-Böyük Britaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsini rəsmiləşdirir. Əslində, bu münasibətlər uzun illərdir strateji tərəfdaşlıq xarakteri daşıyır. Lakin Bəyannamə mövcud əməkdaşlığın siyasi və hüquqi əsaslarını daha da möhkəmləndirir, gələcək münasibətlərin prioritetlərini müəyyənləşdirir. S.Salmanova vurğulayıb ki, Dublin Sammiti Azərbaycanın regional sülh gündəliyinin beynəlxalq müstəvidə təqdim edilməsi baxımından da əhəmiyyətlidir. Ermənistanla münasibətlərin normallaşdırılması, sülhün möhkəmləndirilməsi, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı və regional əməkdaşlıq imkanları Azərbaycanın Avropa tərəfdaşları ilə müzakirə etdiyi mühüm məsələlər sırasındadır. “Ölkəmiz regionda davamlı sülhün təmin olunmasını yalnız siyasi bəyanatlarla deyil, konkret iqtisadi və nəqliyyat layihələri ilə dəstəkləyir. Prezident İlham Əliyevin beynəlxalq platformalarda keçirdiyi ikitərəfli görüşlərin intensivliyi də Azərbaycanın artan diplomatik nüfuzunun göstəricisidir. Davos, Münxen və digər beynəlxalq tədbirlər çərçivəsində dövlət və hökumət başçıları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə aparılan müzakirələr ölkəmizə olan marağın konkret təzahürüdür. Xüsusilə, bir sıra görüşlərin qarşı tərəfin təşəbbüsü və müraciəti əsasında təşkil olunması Azərbaycanın etibarlı dialoq tərəfdaşı kimi qəbul edildiyini nümayiş etdirir. Bütün bunlar göstərir ki, Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirən, müxtəlif siyasi mərkəzlərlə müstəqil və qarşılıqlı faydalı əməkdaşlıq quran dövlətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və uzaqgörən xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsini, tərəfdaşlıq əlaqələrinin genişlənməsini və milli maraqlarının qlobal səviyyədə daha effektiv müdafiəsini təmin edir”, - deyə S.Salmanova əlavə edib. Geri dön |