Ana Sayfa > Təhsil > Bağçada işləməyənlərə maaş yazılıb, 58 min manat yoxa çıxıb –
Bağçada işləməyənlərə maaş yazılıb, 58 min manat yoxa çıxıb –Bu gün, 21:20. Yazar: vasif |
![]() Şəkidə uşaq bağçasının sabiq müdirinin məhkəməsi maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, bağçaya işə götürülən bəzi şəxslər ümumiyyətlə işə gəlməyiblər. Buna baxmayaraq, onların adına maaş hesablanıb. Nəticədə dövlət büdcəsindən ayrılan 58 min manatdan çox vəsait mənimsənilib. aia.az Oxu.az-a istinadən xəbər verir ki, söhbət Şəki şəhərindəki körpələr evi-uşaq bağçasının keçmiş müdiri Ruziyyə Mahmudovadan gedir. Onun barəsində mənimsəmə və vəzifə saxtakarlığı ittihamları ilə başlanmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Araşdırma Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. İstintaq zamanı müəyyən edilib ki, Ruziyyə Mahmudova bağçaya rəhbərlik etdiyi dövrdə bir neçə nəfəri işə qəbul edib. Ancaq həmin şəxslər faktiki olaraq işləməyib, əmək vəzifələrini yerinə yetirməyiblər. Buna baxmayaraq, onların adına əməkhaqqı hesablanıb. İstintaqın gəldiyi nəticəyə görə, bu yolla bağçanın əməkhaqqı fondundan 58 min 509 manat 53 qəpik vəsait mənimsənilib. Məhkəmə sabiq müdiri təqsirli bilərək beş il müddətinə azadlıqdan məhrum edib. O, həmçinin iki il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunub. Ancaq işin diqqətçəkən tərəfi bundan sonra başlayır. Məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək beşillik həbs cəzasını şərti hesab edib və üçillik sınaq müddəti müəyyənləşdirib. Beləliklə, sabiq müdirə real həbs cəzası tətbiq edilməyib. Bəs 58 min manat necə mənimsənilib? İş üzrə yayılan məlumatlardan görünür ki, mənimsəmə bağçanın əməkhaqqı fondu hesabına həyata keçirilib. Yəni dövlətin işçilərə maaş vermək üçün ayırdığı pullar faktiki işləməyən şəxslərin adına rəsmiləşdirilib. Ancaq burada bir sıra mühüm suallar cavabsız qalır. İşə gəlməyən şəxslər kimlər olub? Onların adına hesablanan maaşlar hansı bank hesablarına köçürülüb? Bu əməliyyatlar nə qədər davam edib? Əməkhaqqı sənədlərini kimlər təsdiqləyib? Ən əsası, mənimsənilən 58 min manatdan artıq vəsait dövlətə qaytarılıbmı? Oxu.az-ın yaydığı məlumatda bu detallara aydınlıq gətirilmir. Həmçinin məhkəmənin hansı yüngülləşdirici halları nəzərə alaraq şərti cəza təyin etdiyi də açıqlanmayıb. Hadisə başqa bir mühüm məsələni də gündəmə gətirir: dövlət bağçalarında əməkhaqqı fonduna nəzarət necə həyata keçirilir? Əgər işə gəlməyən şəxslərə maaş hesablanıbsa, bu, davamiyyət və maliyyə sənədlərinin yoxlanılması zamanı niyə aşkar edilməyib? Şəkidəki cinayət işi üzrə hökm çıxarılıb. Lakin mənimsənilən vəsaitin taleyi və saxta işə qəbul mexanizminin bütün detalları hələ ictimaiyyətə məlum deyil. Geri dön |