Ana Sayfa > Özəl > Trampın İranla bağlı gizli hesabı: Nə sülh, nə müharibə – ABŞ nə istəyir?

Trampın İranla bağlı gizli hesabı: Nə sülh, nə müharibə – ABŞ nə istəyir?


Bu gün, 21:15. Yazar: vasif
Trampın İranla bağlı gizli hesabı: Nə sülh, nə müharibə – ABŞ nə istəyir?



ABŞ Prezidenti Donald Trampın İranla razılaşmaya ehtiyac olmadığını bəyan etməsi Vaşinqtonun Tehranla münasibətlərdə hansı strategiyanı seçdiyi barədə yeni müzakirələrə səbəb olub. Siyasi ekspertlər hesab edirlər ki, sərt açıqlamalara baxmayaraq, iki ölkə arasında həllini gözləyən ciddi problemlər qalmaqdadır.

Tramp “Truth Social” hesabında İranla bağlı diqqətçəkən paylaşım edib.

“Bizə İranla saziş lazım deyil. Artıq o günlər geridə qalıb. Biz onların pullarına, yüz milyardlarla dollara və onların boğazına sahibik”, – deyə ABŞ Prezidenti bildirib.

Trampın bu mövqeyi Vaşinqtonun danışıqlarda daha sərt xətt tutması kimi qiymətləndirilir. Onun vitse-prezident Ceyms Di Vensin İranla danışıqlardan uzaqlaşaraq daxili məsələlərə diqqət yetirməsini istədiyi də bildirilir.

Bununla belə, ekspertlər hesab edirlər ki, ABŞ prezidentinin razılaşmaya ehtiyac olmadığını söyləməsi İranla bağlı problemlərin aradan qalxdığı anlamına gəlmir. Hərbi qarşıdurmanın dayandırılması, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi, iqtisadi sanksiyalar və İranın nüvə proqramı hələ də əsas mübahisə mövzuları olaraq qalır.

Siyasi şərhçi Aydın Quliyev hesab edir ki, Trampın son bəyanatı ABŞ-ın İran qarşısında istədiyi nəticəyə nail ola bilmədiyini göstərir.

Onun sözlərinə görə, hərbi əməliyyatlar Vaşinqtonun gözlədiyi nəticələri tam təmin etməyib.

“Bu cür ifadə əslində çarəsizliyin əlamətinə daha çox oxşayır. Çünki hərbi əməliyyatlar Amerika üçün lazımi nəticəni vermədi. İranın nüvə potensialının tam şəkildə məhv edilmədiyini hadisələrin gedişi sübut etdi. Halbuki Tramp İranın nüvə potensialının tam məhv ediləcəyini bildirmişdi”, – deyə siyasi şərhçi vurğulayıb.

Aydın Quliyevin fikrincə, Trampın sazişə ehtiyac olmadığını deməsi ABŞ-ın İrana qarşı əlavə təsir imkanlarının məhdudlaşdığını göstərən siyasi mesaj kimi də başa düşülə bilər.

Ekspert hesab edir ki, Vaşinqton İranla münasibətlərdə “nə sülh, nə müharibə” vəziyyətini uzun müddət davam etdirə bilər.

Onun qənaətinə görə, ABŞ administrasiyası tammiqyaslı hərbi qarşıdurmaya və yekun sülh razılaşmasına getmədən diplomatik təmasları davam etdirməklə mövcud qeyri-müəyyənliyi saxlamağa çalışa bilər.

“Tramp siyasi ritorikada sazişə ehtiyac olmadığını deyir, amma ABŞ-ın qarşısında duran problemlərin bir çoxu diplomatik razılaşma olmadan həll edilməyəcək. Bu açıqlama həm də İrana psixoloji təzyiqdir. ‘Bizə saziş lazım deyil’ bəyanatı danışıqlarda üstünlük əldə etmək cəhdi kimi görünür”, – deyə Quliyev bildirib.

Digər siyasi analitiklər isə İranın da ABŞ-la müəyyən razılaşmaya ehtiyac duyduğunu düşünürlər. Lakin onların fikrincə, Tehran istənilən şərtlərlə deyil, ölkənin təhlükəsizlik maraqlarını və siyasi mövqeyini qoruyan razılaşmaya üstünlük verə bilər.

Beləliklə, Trampın sərt bəyanatları ABŞ-İran münasibətlərində diplomatik həll imkanlarının tamamilə aradan qalxdığını göstərmir. Əsas sual Vaşinqtonun təzyiq siyasətini davam etdirərək yeni razılaşmaya nail olmağa çalışacağı, yoxsa mövcud qeyri-müəyyən vəziyyəti uzadacağı ilə bağlıdır.
Geri dön