Ana Sayfa > Özəl > Kişilərdə döş böyüməsi hansı xəstəliklərin əlaməti ola bilər? – Həkimdən vacib açıqlama
Kişilərdə döş böyüməsi hansı xəstəliklərin əlaməti ola bilər? – Həkimdən vacib açıqlamaBu gün, 18:17. Yazar: vasif |
![]() Kişilərdə döş nahiyəsinin böyüməsi yalnız artıq çəki ilə əlaqəli olmaya bilər. Bu vəziyyət bəzən hormonal dəyişikliklərin, dərmanların təsirinin və ya müəyyən xəstəliklərin əlaməti kimi ortaya çıxır. Plastik, rekonstruktiv və estetik cərrah Tale Qasımov bildirib ki, tibbdə ginekomastiya adlandırılan bu vəziyyət kişilərdə süd vəzisi toxumasının xoşxassəli böyüməsidir. Böyümə bir və ya hər iki döşdə müşahidə oluna bilər. Həkimin sözlərinə görə, ginekomastiyanın əsas səbəblərindən biri testosteron və estrogen hormonları arasındakı tarazlığın pozulmasıdır. Estrogenin təsirinin artması və ya testosteronun təsirinin azalması süd vəzi toxumasının böyüməsinə səbəb ola bilər. Ginekomastiya yeniyetməlik dövründə hormonal dəyişikliklər nəticəsində tez-tez yaranır və bir çox hallarda bir-iki il ərzində öz-özünə geriləyir. Yenidoğulmuşlarda da anadan keçən hormonların təsiri ilə müvəqqəti döş böyüməsi mümkündür. Yaşlı kişilərdə isə hormonal dəyişikliklər və yanaşı xəstəliklər bu vəziyyətin yaranma ehtimalını artırır. Tale Qasımov qeyd edib ki, testosteron çatışmazlığı, qalxanabənzər vəzin həddindən artıq aktivliyi, qaraciyər və böyrək xəstəlikləri də ginekomastiyaya səbəb ola bilər. Bundan başqa, bəzi dərmanlar, hormonal preparatlar, anabolik steroidlər və spirtli içkilər hormonal tarazlığa təsir göstərə bilər. Nadir hallarda isə bu dəyişiklik müəyyən hormon ifraz edən şişlərlə əlaqəli ola bilər. Həkim vurğulayıb ki, ginekomastiyanı sinə nahiyəsində adi piy toplanmasından fərqləndirmək vacibdir. Onun sözlərinə görə, həqiqi ginekomastiyada süd vəzi toxuması böyüyür və döş giləsinin altında nisbətən sərt toxuma hiss edilə bilər. Yalançı ginekomastiyada isə əsas səbəb piy toxumasının artmasıdır. Qarışıq formada həm piy, həm də vəzili toxuma çoxalır. Bu fərqlər müalicə üsulunun müəyyənləşdirilməsində mühüm rol oynayır. Bəzi hallarda liposaksiya kifayət etdiyi halda, digər hallarda artıq vəzili toxumanın cərrahi yolla çıxarılması tələb oluna bilər. Bəs hansı əlamətlər təhlükəli hesab olunur? Tale Qasımov bildirib ki, döş nahiyəsində ağrı, həssaslıq, gilə ətrafında qabarıqlıq və həcm artımı ginekomastiyanın əsas əlamətləri sırasındadır. Lakin bəzi dəyişikliklər xüsusi diqqət tələb edir. Döş giləsindən qanlı və ya şəffaf ifrazat gəlməsi, gilənin içəri çəkilməsi, dəridə dəyişikliklər, qoltuqaltı limfa düyünlərinin böyüməsi, sərt və hərəkətsiz kütlənin yaranması, eləcə də döşün sürətlə böyüməsi zamanı gecikmədən həkimə müraciət edilməlidir. “Bu əlamətlər mütləq xərçəng demək deyil, lakin əlavə müayinə tələb edə bilər”, – deyə mütəxəssis bildirib. Həkim əlavə edib ki, ginekomastiya əksər hallarda xoşxassəli vəziyyətdir və özü-özlüyündə süd vəzi xərçənginin ilkin mərhələsi hesab edilmir. Bununla belə, xüsusilə yetkin yaşda qəfil yaranan və ya sürətlə böyüyən döş toxumasının səbəbi mütləq araşdırılmalıdır. Müalicənin düzgün seçilməsi üçün ilk növbədə hormonal dəyişikliklər və mümkün yanaşı xəstəliklər qiymətləndirilməlidir. Geri dön |