Ana Sayfa > Manşet / Siyasət > Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin və milli suverenliyimizin hüquqi təməli

Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin və milli suverenliyimizin hüquqi təməli


Bu gün, 15:59. Yazar: azer
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin və milli suverenliyimizin hüquqi təməli

Azərbaycan xalqının dövlətçilik tarixində Konstitusiyanın qəbulu müstəqilliyimizin möhkəmləndirilməsi, milli suverenliyimizin təmin edilməsi və hüquqi dövlət quruculuğunun əsaslarının formalaşdırılması baxımından müstəsna əhəmiyyət daşıyır. Konstitusiya dövlətin idarəçilik sistemini, hakimiyyət bölgüsünü, insan və vətəndaş hüquq və azadlıqlarını müəyyən etməklə yanaşı, xalqın milli iradəsini və dövlətçilik fəlsəfəsini əks etdirən Əsas Qanundur.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, 1918–1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb tarixi və siyasi şərait səbəbindən dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdir. Sonrakı illərdə SSRİ-də baş verən siyasi və hüquqi dəyişikliklərlə əlaqədar Azərbaycan SSR-in Konstitusiyasına əlavə və dəyişikliklər edilmiş, 1927-ci il martın 26-da yeni Konstitusiya təsdiqlənmişdir. SSRİ-nin 1936-cı il Konstitusiyasının qəbulundan sonra isə 1937-ci il martın 14-də Azərbaycan SSR-in növbəti Konstitusiyası qüvvəyə minmişdir. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyasının qəbulundan sonra Azərbaycan SSR-in də yeni Əsas Qanununun layihəsi hazırlanmış, 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul edilmişdir. Həmin prosesdə Ümummilli Lider Heydər Əliyevin prinsipial mövqeyi xüsusi əhəmiyyət daşımışdır. Ulu Öndərin təşəbbüsü və qətiyyəti nəticəsində Konstitusiyanın 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili olması təsbit edilmişdir. Bu, sovet ideologiyasının hökm sürdüyü mürəkkəb şəraitdə milli kimliyimizin və ana dilimizin qorunması istiqamətində mühüm tarixi addım idi.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə ölkədə hökm sürən siyasi qeyri-sabitlik və hakimiyyət böhranı bu prosesin həyata keçirilməsinə imkan verməmişdi. Dövlət müstəqilliyinin qorunması, qanunçuluğun təmin edilməsi və müasir dövlət institutlarının formalaşdırılması ciddi təhlükə ilə üzləşmişdi. Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində ölkədə siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün zəruri şərait yaradıldı. Ulu Öndər müstəqil Azərbaycanın gələcək inkişafının möhkəm hüquqi əsaslar üzərində qurulmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Konstitusiyanın hazırlanmasına xüsusi diqqət yetirən Heydər Əliyev onun demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə və beynəlxalq hüququn normalarına uyğun olmasını vacib hesab edirdi. Ulu Öndərin qeyd etdiyi kimi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”

Beləliklə, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bu tarixi hadisə ölkəmizdə yeni dövlətçilik mərhələsinin hüquqi əsaslarını müəyyənləşdirdi. Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri oldu.

Azərbaycan Respublikasının Konstitusiyası demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərini müəyyənləşdirən, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə təminat yaradan mütərəqqi sənəddir. Əsas Qanunumuz ölkədə qanunun aliliyini və hakimiyyət bölgüsünü təsbit etməklə dövlət idarəçiliyinin, siyasi, sosial, iqtisadi və mədəni inkişafın hüquqi bazasını formalaşdırmışdır. 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar nəticəsində Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər isə dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və hüquqi mexanizmlərin müasir tələblərə uyğunlaşdırılmasına xidmət etmişdir. Müstəqil Azərbaycanın dövlətçilik tarixində ən mühüm hadisələrdən biri də ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsidir. 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər ərazi bütövlüyümüzün bərpası istiqamətində həlledici mərhələ oldu. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən antiterror əməliyyatı nəticəsində isə ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam təmin edildi. Bununla da Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş ərazilərimizdə də bərqərar oldu, dövlət hakimiyyəti institutlarının fəaliyyətinin bərpası üçün tam hüquqi zəmin yarandı. Bu tarixi nailiyyət Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir. Vətən müharibəsində qazanılmış Zəfər və antiterror əməliyyatının uğurla başa çatdırılması Azərbaycanın siyasi iradəsinin, güclü ordusunun və xalqımızın milli birliyinin təntənəsidir.

2025-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu, Vətən müharibəsində tarixi Qələbəmizin isə beşinci ildönümü qeyd edilmişdir. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının yaratdığı yeni reallıqları, bu əlamətdar tarixi hadisələri nəzərə alan Prezident İlham Əliyev 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncamla 2025-ci ili Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan etmişdir. Dövlət başçısının 2025-ci il fevralın 11-də imzaladığı Sərəncamla isə bu çərçivədə həyata keçiriləcək tədbirlər planı təsdiq edilmişdir.

“Konstitusiya və Suverenlik İli”nin elan edilməsi yalnız yubiley tarixlərinin qeyd olunması deyil, həm də müstəqil dövlətçiliyimizin hüquqi əsaslarının, Konstitusiyanın cəmiyyət həyatındakı rolunun və milli suverenliyimizin tarixi əhəmiyyətinin bir daha vurğulanması baxımından mühüm siyasi və ictimai məna daşıyır. Bu təşəbbüs konstitusion dəyərlərin təbliğinə, hüquqi maarifləndirmənin gücləndirilməsinə və dövlətçilik ənənələrimizin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Bu gün Azərbaycan öz suveren hüquqlarını bütün ərazisində təmin edən, müstəqil siyasət yürüdən və beynəlxalq mövqelərini möhkəmləndirən qüdrətli dövlətdir. Konstitusiyamız isə müstəqilliyimizin, dövlət suverenliyimizin və gələcək inkişafımızın hüquqi təminatıdır. Onun 30 illik tarixi bir daha təsdiq edir ki, güclü dövlətçiliyin təməlində möhkəm hüquqi sistem, milli birlik və qətiyyətli siyasi iradə dayanır. Millət vəkili Tamam Cəfərova belə deyib.
Geri dön