Ana Sayfa > Siyasət > Azərbaycan Respublikasının Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli

Azərbaycan Respublikasının Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli


Bu gün, 15:25. Yazar: azer
Azərbaycan Respublikasının Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli

Azərbaycan xalqının dövlətçilik tarixində elə mühüm hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, gələcək nəsillərin taleyinə, dövlətin inkişaf yoluna da öz təsirini göstərir. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi məhz belə tarixi hadisələrdən biridir.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və müəllifliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilən Azərbaycan Respublikasının ilk Konstitusiyasının bu il 31 ili tamam olur. Bu mühüm sənəd müstəqil dövlət quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirməklə yanaşı, Azərbaycanın gələcək inkişaf strategiyasının da möhkəm təməlini formalaşdırdı.
Konstitusiya sadəcə qanunlar toplusu deyil. O, dövlətin mahiyyətini, cəmiyyətin hüquqi düşüncəsini, xalqın azadlıq və ədalətə münasibətini özündə əks etdirən ali hüquqi sənəddir. Azərbaycan Konstitusiyası da xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərinin, müasir hüquqi düşüncənin və ümumbəşəri prinsiplərin vəhdətindən yaranmış fundamental sənəddir.
Əsas Qanunun qəbul edilməsi ilə ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun başlıca prinsipləri təsbit olundu. Hakimiyyətin qanunvericilik, icra və məhkəmə qolları arasında bölgüsü müəyyənləşdirildi, insan və vətəndaş hüquq və azadlıqları dövlətin ali məqsədi səviyyəsinə yüksəldildi. Eyni zamanda, mülkiyyətin toxunulmazlığı, sahibkarlıq azadlığı və bazar iqtisadiyyatının hüquqi əsasları müəyyən edilərək ölkənin sosial-iqtisadi inkişafı üçün geniş imkanlar yaradıldı.
Bütün bunlar müstəqilliyin ilk illərində mürəkkəb siyasi və iqtisadi proseslərdən keçən Azərbaycanın dövlətçilik dayaqlarının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Konstitusiya ölkədə hüquqi sabitliyin təmin olunmasına, dövlət institutlarının formalaşmasına və cəmiyyətin demokratik inkişafına istiqamət verən mühüm sənədə çevrildi.
Bu tarixi sənədin milli dövlətçilik tariximizdəki müstəsna rolunu nəzərə alan Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanı ilə noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edildi. Ümummilli Liderin 1996-cı il 1 noyabr tarixli Fərmanı ilə isə bu əlamətdar günün ölkəmizdə təntənəli şəkildə qeyd olunması qərara alındı.
Bu gün Konstitusiyaya nəzər salarkən onun yalnız hüquqi sənəd deyil, həm də müstəqil Azərbaycanın siyasi iradəsini, dövlətçilik fəlsəfəsini və gələcəyə baxışını ifadə edən mühüm tarixi nailiyyət olduğunu görürük. Zaman dəyişir, cəmiyyət inkişaf edir, dövlət qarşısında yeni vəzifələr yaranır. Lakin hüququn aliliyi, insan hüquqlarına hörmət, dövlət müstəqilliyinin qorunması və milli maraqların üstünlüyü kimi fundamental prinsiplər öz əhəmiyyətini daim saxlayır.
Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin hüquqi təminatı, dövlətçiliyimizin möhkəm dayağı və gələcək nəsillər üçün etibarlı hüquqi mirasdır.
12 Noyabr – Konstitusiya Günü hər birimizi dövlətimizin hüquqi əsaslarına, milli suverenliyimizə və müstəqilliyimizin dəyərlərinə daha dərindən sahib çıxmağa çağıran əlamətdar tarixdir.

Neva Abdurahmanova,
YAP Qusar rayon təşkilatının sədr müavini.
Geri dön