Ana Sayfa > Özəl > İran Yaxın Şərqdə vəziyyəti dəyişmək üçün Çinə üz tutdu – Tehrandan mühüm çağırış
İran Yaxın Şərqdə vəziyyəti dəyişmək üçün Çinə üz tutdu – Tehrandan mühüm çağırışBu gün, 21:33. Yazar: vasif |
![]() İran Yaxın Şərqdə davam edən gərginliyin azaldılması və regional sabitliyin bərpası üçün Çinin vasitəçilik imkanlarından yararlanmaq istəyir. Tehran Pekinin diplomatik proseslərdə daha fəal iştirak etməsinin bölgədəki münaqişələrin həllinə töhfə verə biləcəyini düşünür. Bu barədə İran parlamentinin sədri və ölkənin Çinlə münasibətlər üzrə xüsusi nümayəndəsi Məhəmməd Baqir Qalibaf açıqlama verib. Qalibaf bildirib ki, Çin daha əvvəl İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasında mühüm rol oynayıb. Onun fikrincə, həmin diplomatik təcrübədən Yaxın Şərqdəki mövcud böhranların aradan qaldırılması üçün də istifadə etmək mümkündür. “Çin İran və Səudiyyə Ərəbistanı arasında uğurlu vasitəçilik həyata keçirdi. Bu səylər nəticəsində iki ölkə diplomatik münasibətlərini bərpa etdi. Regionda davamlı sabitliyin təmin olunması üçün Çinlə oxşar əməkdaşlıq modellərindən yararlana bilərik”, – deyə Qalibaf vurğulayıb. İran rəsmisinin açıqlaması ABŞ-la münasibətlərdə gərginliyin davam etdiyi və Yaxın Şərqdə təhlükəsizlik məsələlərinin aktuallaşdığı bir dövrə təsadüf edir. Tehranın Çinə müraciəti Pekinin regiondakı diplomatik nüfuzundan istifadə etmək və münaqişələrin həllində alternativ beynəlxalq vasitəçilik imkanlarını genişləndirmək istəyi kimi qiymətləndirilir. Xatırladaq ki, 2023-cü ilin martında Çinin vasitəçiliyi ilə İran və Səudiyyə Ərəbistanı arasında tarixi razılaşma əldə olunub. Pekində aparılan danışıqlar nəticəsində iki ölkə yeddiillik fasilədən sonra diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəlib. İran indi həmin təcrübənin daha geniş regional məsələlərə tətbiq edilməsində maraqlıdır. Bununla belə, Çinin Tehranın yeni vasitəçilik təklifinə necə cavab verəcəyi və mümkün diplomatik təşəbbüsün hansı formatda həyata keçiriləcəyi hələlik açıqlanmayıb. Geri dön |