Ana Sayfa > Siyasət > Konstitusiya – milli inkişafın və dövlətçilik ənənələrinin əsas dayağıdır
Konstitusiya – milli inkişafın və dövlətçilik ənənələrinin əsas dayağıdırBu gün, 10:06. Yazar: azer |
![]() Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi və siyasi təməlini formalaşdıran əsas sənəd olmaqla yanaşı, xalqımızın dövlətçilik əzmini, demokratik cəmiyyət qurmaq istəyini və gələcəyə dair strateji hədəflərini özündə əks etdirir. Bu mühüm hüquqi sənədin tarixi dəyəri onun qəbul olunduğu dövrdə mövcud olan mürəkkəb siyasi vəziyyət, dövlət müstəqilliyinin qorunması və yeni idarəçilik sisteminin yaradılması zərurəti ilə birbaşa əlaqədardır. Konstitusiyanın hazırlanması və ümumxalq səsverməsi ilə qəbul olunması müasir Azərbaycan dövlətçiliyinin tarixində mühüm mərhələ təşkil etmiş, ölkənin davamlı inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin 1918–1920-ci illəri əhatə edən fəaliyyəti dövründə dövlətin Əsas Qanununu qəbul etmək mümkün olmamışdır. Sovet hakimiyyəti illərində qəbul edilən konstitusiyalar isə Azərbaycanın müstəqil dövlət kimi iradəsini və milli maraqlarını tam şəkildə ifadə edə bilmirdi. Bununla belə, həmin mürəkkəb tarixi şəraitdə milli dəyərlərin və dövlətçilik ənənələrinin qorunması istiqamətində mühüm addımlar atılmışdır. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin 1978-ci ildə qəbul edilən Konstitusiyanın hazırlanması prosesində göstərdiyi qətiyyətli və prinsipial mövqe xüsusi əhəmiyyət daşıyır. Məhz onun təşəbbüsü və siyasi iradəsi nəticəsində Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması təmin edildi. Bu tarixi qərar milli kimliyimizin, dilimizin və mənəvi irsimizin qorunması baxımından müstəsna əhəmiyyətə malik idi. Eyni zamanda, həmin addım gələcək müstəqil dövlətçiliyimizin ideoloji və mənəvi əsaslarının möhkəmləndirilməsinə xidmət edən mühüm siyasi hadisə kimi tarixə düşdü. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra yeni Konstitusiyanın hazırlanması dövlət quruculuğunun qarşısında duran əsas vəzifələrdən birinə çevrildi. Lakin ölkədə hökm sürən siyasi qeyri-sabitlik, hakimiyyət böhranı və idarəçilik sahəsindəki ciddi çətinliklər bu prosesin həyata keçirilməsini ləngidirdi. Dövlət müstəqilliyinin qorunması, siyasi sabitliyin yaradılması və səmərəli idarəetmə sisteminin qurulması həyati əhəmiyyət daşıyan məsələlər idi. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində ölkəni parçalanma təhlükəsi ilə üz-üzə qoyan proseslərin qarşısı alındı və ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində mühüm nəticələr əldə edildi. Bununla da müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun yeni mərhələsinə keçidi üçün əlverişli şərait yarandı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq referendumuna təqdim edildi. Səsvermədə seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi yeni Əsas Qanunun qəbul edilməsinə müsbət münasibət bildirdi. Referendumun nəticələri Azərbaycanın yeni dövlətçilik modelinin xalq tərəfindən dəstəkləndiyini təsdiqləməklə yanaşı, ölkənin gələcək inkişafının hüquqi istiqamətlərini də müəyyənləşdirdi. Həmin il noyabrın 27-də qüvvəyə minən Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun fundamental prinsiplərini özündə əks etdirdi. Əsas Qanunun başlıca üstünlüklərindən biri dövlət hakimiyyətinin bölünməsi, hüququn üstünlüyü və insan hüquq və azadlıqlarının müdafiəsi prinsiplərini dövlət idarəçiliyinin əsas istiqamətləri kimi müəyyənləşdirməsidir. Qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin səlahiyyətlərinin dəqiq müəyyən olunması idarəetmə sistemində qarşılıqlı tarazlığın, məsuliyyətin və hüquqi nəzarətin təmin edilməsinə imkan yaradır. İnsan və vətəndaş hüquqlarına geniş yer ayrılması isə dövlət siyasətinin mərkəzində şəxsiyyətin, onun ləyaqətinin və qanuni maraqlarının dayanmasını təsdiqləyir. Konstitusiyada irqindən, milliyyətindən, dinindən, dilindən və digər xüsusiyyətlərindən asılı olmayaraq bütün insanların qanun qarşısında bərabərliyi prinsipinin təsbit edilməsi də mühüm əhəmiyyətə malikdir. Bu müddəa ölkəmizdə yaşayan müxtəlif xalqların və etnik qrupların hüquqlarının qorunmasına, cəmiyyətdə qarşılıqlı hörmət və həmrəyliyin gücləndirilməsinə xidmət edən mühüm hüquqi təminatdır. Beləliklə, Azərbaycan Konstitusiyası yalnız dövlət idarəçiliyinin əsaslarını müəyyənləşdirmir, eyni zamanda, milli birliyin və ictimai həmrəyliyin qorunmasına da möhkəm zəmin yaradır. Konstitusiyanın qəbulundan sonrakı dövrdə onun müddəalarının praktikada tətbiqini təmin etmək məqsədilə zəruri hüquqi və institusional islahatlar həyata keçirildi. 1998-ci ildə Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması ölkədə konstitusiya nəzarətinin formalaşması, qanunların Əsas Qanuna uyğunluğunun təmin edilməsi və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisə oldu. Sonrakı illərdə keçirilən referendumlar nəticəsində Konstitusiyaya edilmiş dəyişikliklər isə dövlət idarəçiliyinin müasirləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiə mexanizmlərinin genişləndirilməsi və hüquqi sistemin dövrün tələblərinə uyğunlaşdırılması məqsədi daşıyırdı. Müasir mərhələdə Konstitusiyanın dövlətçilik tariximizdəki rolu Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi ilə daha da aktuallaşmışdır. 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində konstitusion quruluşun bərqərar edilməsi müstəqil dövlətçiliyimizin ən mühüm nailiyyətlərindəndir. Bu tarixi hadisələr Azərbaycanın suveren hüquqlarının tam təmin olunması, milli maraqlarının qorunması və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi baxımından yeni imkanlar yaratdı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət ölkəmizin dövlət suverenliyinin möhkəmləndirilməsinə, milli maraqlarının beynəlxalq müstəvidə müdafiəsinə və qarşıya qoyulan strateji hədəflərin reallaşdırılmasına istiqamətlənmişdir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması da Azərbaycanın dövlətçilik tarixində əldə etdiyi mühüm nailiyyətlərin, hüquqi inkişaf yolunun və suverenlik prinsiplərinə sadiqliyinin ifadəsi kimi xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycanın müstəqilliyinin, milli həmrəyliyinin, dövlətçilik ənənələrinin və gələcək tərəqqisinin əsas təminatlarından biridir. Hər il noyabrın 12-də qeyd edilən Konstitusiya Günü vətəndaşlara qanunlara hörmətlə yanaşmağın, hüquq və vəzifələrinə məsuliyyətlə münasibət göstərməyin, dövlətçilik dəyərlərini qorumağın vacibliyini xatırladır. Əsas Qanunun müəyyən etdiyi prinsiplərə əsaslanan güclü hüquqi sistem və səmərəli dövlət idarəçiliyi Azərbaycanın gələcək inkişafının, ictimai-siyasi sabitliyinin və müstəqilliyinin etibarlı təminatıdır. Rəşad Əsgərov, SOCAR “Kompleks qazma işləri” trestinin müdiri, YAP Nərimanov ƏPT nin sədri Geri dön |