Ana Sayfa > Özəl > ABŞ-dən Rusiyaya qarşı yeni həmlə – Moldovaya 530 milyon dollarlıq dəstəyin səbəbi

ABŞ-dən Rusiyaya qarşı yeni həmlə – Moldovaya 530 milyon dollarlıq dəstəyin səbəbi


Dünən, 23:43. Yazar: vasif
ABŞ-dən Rusiyaya qarşı yeni həmlə – Moldovaya 530 milyon dollarlıq dəstəyin səbəbi




ABŞ Moldovada diplomatik mövcudluğunu gücləndirmək və ölkənin Avropa ilə enerji əlaqələrini genişləndirmək məqsədilə 530 milyon dollarlıq investisiya planlaşdırır. Bu addım Vaşinqtonun Şərqi Avropadakı strateji maraqları baxımından diqqət çəkir.

Planlaşdırılan vəsaitin 400 milyon dolları Kişinyovda yeni ABŞ səfirliyinin tikintisinə, 130 milyon dolları isə Moldovanı Rumıniya vasitəsilə Avropanın elektrik şəbəkəsinə birləşdirəcək enerji xəttinə ayrılacaq.

Layihənin Moldovanın enerji təhlükəsizliyini gücləndirəcəyi və Rusiyadan asılılığını azaltmağa kömək edəcəyi gözlənilir.

Siyasi şərhçi Əli Orucovun fikrincə, ABŞ-nin Moldovaya ayırdığı sərmayə təkcə iqtisadi deyil, həm də geosiyasi məqsədlər daşıyır.

Ekspert bildirib ki, Rusiya postsovet ölkələrinə təsir imkanlarını qorumaq üçün tarixi iqtisadi əlaqələrdən və enerji asılılığından istifadə edir. Vaşinqton isə investisiyalar vasitəsilə həmin dövlətlərin müstəqil siyasət yürütmək imkanlarını genişləndirməyə çalışır.

Orucovun sözlərinə görə, Moldovanın Avropa enerji sisteminə qoşulması Kişinyovun xarici enerji mənbələrindən asılılığını azaltmaq baxımından mühüm əhəmiyyət daşıyır.

“Moldovaya ayrılan 530 milyon dollarlıq sərmayə Kişinyovun müstəqilliyinə və seçdiyi siyasi kursa dəstək kimi qiymətləndirilə bilər”, – deyə siyasi şərhçi qeyd edib.

Ekspert ABŞ-nin Moldovada kənd təsərrüfatı və digər iqtisadi sahələrə də maraq göstərə biləcəyini vurğulayıb.

Onun qənaətinə görə, Vaşinqtonun Moldova ilə əməkdaşlığı genişləndirməsi Rusiyanın regiondakı təsir imkanlarının məhdudlaşdırılmasına və Şərqi Avropanın enerji dayanıqlığının artırılmasına xidmət edə bilər.

Beləliklə, 530 milyon dollarlıq investisiya planı ABŞ-Moldova münasibətlərinin inkişafı ilə yanaşı, regionda enerji təhlükəsizliyi və geosiyasi rəqabət baxımından da əhəmiyyət daşıyır.
Geri dön