Ana Sayfa > Siyasət / Parlament > Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb


Bu gün, 18:18. Yazar: azer
Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin  dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb

Noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov iclası açaraq vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin davam etdirilməsi ölkəmizin gələcək inkişafı üçün mühüm imkanlar yaradır. Yeni geosiyasi reallıqlar fonunda regional sülh və əməkdaşlıq perspektivlərinin genişlənməsi də bu prosesə əlavə təkan verir.
Qeyd olunub ki, makroiqtisadi dayanıqlılığın gücləndirilməsi, ölkəmizin hərbi qüdrətinin yüksəldilməsi, dövlət xərclərinin səmərəliliyinin artırılması, qeyri-neft-qaz sektorunun inkişafı və sosial öhdəliklərin maliyyələşdirilməsi büdcə siyasətinin əsas prinsipləri kimi müəyyən edilib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın davam etdirilməsi büdcənin prioritet istiqamətlərini təşkil edir.
Vitse-spiker nəzərə çatdırıb ki, 2027-ci il dövlət büdcəsinin gəlirlərinin 39,25 milyard manat, xərclərinin isə 42,4 milyard manat olacağı proqnozlaşdırılır. Sosialyönümlü xərclər büdcədə ən böyük paya malik olacaq. Bu isə əhalinin sosial rifahının qorunmasının və yüksəldilməsinin hər zaman dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu göstərir. O qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsində təhsil sahəsi üzrə nəzərdə tutulan vəsaitlər təhsilin yalnız davamlı maliyyələşdirilməsini deyil, eyni zamanda onun keyfiyyətinin yüksəldilməsini, əhatəliliyinin genişləndirilməsini və əmək bazarının tələblərinə uyğun kadr yetişdirilməsini hədəfləyir. O, həmçinin elm xərclərinin artırılmasının elmi tədqiqatların və tətbiqi elmin inkişafına ayrılan resursların genişləndirilməsinə imkan yaratdığını söyləyib.
Müasir beynəlxalq münasibətlər sistemində müşahidə olunan geosiyasi gərginliklər, regional münaqişələr və kiberhücumlar şəraitində Azərbaycanın müdafiə potensialının möhkəmləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını deyən Ziyafət Əsgərov bu baxımdan, müdafiə və milli təhlükəsizlik xərclərinin artırılmasının, hərbi qulluqçuların sosial təminatının gücləndirilməsinin ölkənin təhlükəsizlik ehtiyaclarının qarşılanmasına xidmət etdiyini vurğulayıb. O, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davam etdirilməsinin, Böyük Qayıdışın təmin olunmasının və həmin ərazilərdə dayanıqlı yaşayış şəraitinin yaradılmasının dövlət büdcəsinin mühüm istiqamətləri olduğunu qeyd edib.
Bununla yanaşı, bildirilib ki, məhkəmə hakimiyyətinin, hüquq-mühafizə orqanlarının fəaliyyətinin maliyyələşdirilməsi də büdcənin digər mühüm istiqamətləri sırasındadır. Bu sahələr üzrə nəzərdə tutulan vəsaitlər qanunun aliliyinin təmin edilməsinə, hüquqi təhlükəsizliyin möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edir.
Vitse-spiker qeyd edib ki, qarşıdakı ilin dövlət büdcəsi ölkənin əsas inkişaf prioritetlərinin həyata keçirilməsinə, iqtisadi və sosial sahələrdə qarşıya qoyulan hədəflərə çatmağa, əhalinin rifahının yüksəldilməsinə, müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, təhlükəsizliyimizin etibarlı qorunmasına və gələcək inkişaf üçün əlverişli şəraitin yaradılmasına xidmət edəcək.
Sonra maliyyə naziri Sahil Babayev “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib.
O, növbəti ildə və ortamüddətli dövrdə dayanıqlı iqtisadi artımın dəstəklənməsinin və makroiqtisadi sabitliyin qorunmasının, əhalinin rifahı və sosial tədbirlərin tam maliyyələşdirilməsinin, müdafiə qabiliyyətinin və təhlükəsizliyin təminatının gücləndirilməsinin, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafının, rəqəmsal texnologiyaların və innovasiyaların tətbiqinin genişləndirilməsinin, təhsil və səhiyyə sektorlarının inkişafının dəstəklənməsinin, fiskal intizam qorunmaqla büdcə qaydasına əməl edilməsinin, real sektorun inkişafının sürətləndirilməsinin büdcə siyasətinin əsas istiqamətləri olaraq müəyyən edildiyini söyləyib.
2027-ci ilin əsas makroiqtisadi göstəriciləri ilə əlaqədar nəzərə çatdırılıb ki, Ümumi Daxili Məhsul (ÜDM) növbəti ildə 141 milyard manat, qeyri-neft sektoru üzrə ÜDM 109,1 milyard manat məbləğində proqnozlaşdırılır. Xam neftin bir barelinin orta illik qiyməti növbəti ildə 65 dollar olaraq qiymətləndirilir. Orta illik inflyasiya 5,3 faiz, manatın məzənnəsi isə 1,7 manat 1 dollar nisbətində nəzərdə tutulub. Dövlət borcunun cari ilin sonuna ÜDM-ə nisbəti 19,5 faiz proqnozlaşdırılır. 16,2 milyard manat daxili dövlət borcunu, 7,7 milyard manat isə xarici dövlət borcunu təşkil edir. Növbəti ildə Neft Fondunun gəlirləri 7,8 milyard dollar olaraq proqnozlaşdırılır.
Nazir çıxışında dövlət büdcəsinin əsas məqamlarına toxunaraq bildirib ki, burada nəzərə çarpan əsas amil neftdən asılılığın davamlı olaraq azalmasıdır. Belə ki, növbəti ildə qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 17,1 faiz olaraq proqnozlaşdırılır, bu isə 2026-cı illə müqayisədə 1,7 faiz aşağıdır. Qeyd edilib ki, proqnoza əsasən cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbəti 90,1 faizə çatacaq, əsas hədəflərdən biri isə ortamüddətli dövrün sonuna cari xərclərin 100 faiz qeyri-neft gəlirləri hesabına örtülməsini təmin etməkdir. Bununla yanaşı, icmal büdcə xərclərinin qeyri-neft ÜDM-in 46,2 faizinə bərabər olması planlaşdırılır. Dövlət büdcəsinin 32,5 faizinin investisiyayönümlü olduğu deyilib. Habelə, qeyd olunub ki, təhsil xərclərinin ÜDM-də payı 3,6 faizə, təhsil və elm xərclərinin birlikdə ÜDM-də payı 3,8 faizə çatacaq. Səhiyyə xərclərinin ÜDM-də payı 1,5 faiz olacaq. Aqrar sektora ayırmalar 15,8 faizə çatacaq. Rayonların dotasiyadan asılılığı tam şəkildə aradan qalxacaq, Naxçıvan Muxtar Respublikasına dotasiya isə 198 milyon manat məbləğində nəzərdə tutulur.
2027-ci ilin gəlirləri ilə bağlı bildirilib ki, icmal büdcə gəlirləri 47,6 milyard manat, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 64,5 faiz olacaq. Dövlət büdcəsinin gəlirləri isə 39,3 milyard manat olacaq. Qeyri-neft sektoru üzrə gəlirlər 23,8 milyard manat və ya gəlirlərin 60,6 faizini təşkil edəcək. Qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-ə nisbəti 21,8 faiz olacaq. Neft-qaz sektoru üzrə gəlirlər 15,5 milyard manat və ya büdcə gəlirlərinin 39,4 faizi olacaq.
Növbəti ilin xərclərinə dair məlumatda diqqətə çatdırılıb ki, icmal büdcənin xərcləri 50,4 milyard manat, icmal büdcə xərclərinin ÜDM-də payı 35,7 faiz, qeyri-neft ÜDM-də payı isə 46,2 faiz olacaq. Dövlət büdcəsinin xərcləri 42,4 milyard manat proqnozlaşdırılır. Cari xərclər 26,4 milyard manat, sosialyönümlü xərclər 18,7 milyard manat, əsaslı xərclər 13,8 milyard manat, dövlət borclarına xidmətlə bağlı xərclər isə 2,2 milyard manat nəzərdə tutulub.
Sahil Babayev çıxışında büdcənin funksional təsnifatı barədə də məlumat verib. Qeyd olunub ki, növbəti ildə ümumi dövlət xidmətləri 5,5 milyard manat, müdafiə və milli təhlükəsizlik xərcləri 8,8 milyard manat, məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclər 3,4 milyard manat məbləğində proqnozlaşdırılır. Təhsil xərcləri 5,1 milyard manat, səhiyyə xərcləri 2,1 milyard manat, icmal səhiyyə xərcləri 4 milyard manat, sosial müdafiə və sosial təminat xərcləri 4,9 milyard manat, icmal sosial təminat xərcləri 12,9 milyard manat, iqtisadi fəaliyyət xərcləri 8,9 milyard manat təşkil edəcək. Yerli gəlirlər və yerli xərclər isə 735,6 milyon manat olaraq proqnozlaşdırılıb.
Bildirilib ki, dövlət büdcəsinin kəsiri 2027-ci ildə 3,1 milyard manat, icmal büdcənin kəsiri isə 2,8 milyard manat, kəsirin ÜDM-ə nisbətinin icmal büdcədə 2 faizə, dövlət büdcəsində isə 2,2 faizə bərabər olacağı gözlənilir.
Sahil Babayev 2027-ci il üzrə həm dövlət, həm icmal büdcələrin dövlətimizin prioritetlərinə uyğun şəkildə tərtib olunduğunu, müdafiə qabiliyyətimizin gücləndirilməsi, Böyük Qayıdış proqramının həyata keçirilməsi, regionların inkişafı, kənd təsərrüfatına dəstəklə bağlı layihələrin reallaşdırılması və ümumilikdə ölkəmizin sosial-iqtisadi inkişafının həyata keçirilməsi üçün maliyyə təminatı yaratdığını vurğulayıb.
İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Azər Bayramov bildirib ki, əldə edilmiş tarixi nailiyyətlər, formalaşmış iqtisadi potensial və müasir infrastruktur ölkəmizin yeni strateji inkişaf mərhələsinə daha geniş imkanlarla daxil olması üçün möhkəm zəmin yaradıb. Məhz bu əsaslarda hazırlanmış 2027-ci ilin dövlət büdcəsi layihəsi yeni mərhələnin hədəflərinə nail olunmasında mühüm rol oynayacaq. O, qlobal iqtisadi qeyri-müəyyənliyin davam etdiyi bir şəraitdə ölkəmizdə makroiqtisadi sabitliyin qorunduğunu, iqtisadiyyatın şaxələndirildiyini və qeyri-neft-qaz sektorunun davamlı olaraq inkişaf etdiyini söyləyib.
Nazir müavini cari ilin 9 ayında Ümumi Daxili Məhsulun qeyri-neft sektorunda 2,6% artdığını, ilin yekununa ÜDM-in bütövlükdə 1,7%, qeyri-neft-qaz ÜDM-in isə 3,1% artacağını qeyd edib. Artımın əsasən qeyri-neft-qaz sənayesi, nəqliyyat və rəqəmsal xidmətlər hesabına təmin olunduğunu deyib. Cari ilin 9 ayının nəticələrinə görə ölkənin qeyri-neft-qaz sənayesinin 6,3%, nəqliyyat sektorunun 10%, informasiya və rabitə sahəsinin 11,1% artdığını bildirib. O, iqtisadiyyatımızın dayanıqlığının artırılmasında rəqəmsallaşmanın xüsusi əhəmiyyətindən bəhs edib. Dövlət xidmətlərinin rəqəmsallaşmasının və iqtisadiyyatın ağarmasının sağlam rəqabət mühitinin formalaşmasına xidmət etdiyini vurğulayıb. Habelə, Azərbaycanın etibarlı iqtisadi tərəfdaş kimi rolunun güclənməsində əlverişli investisiya mühitinin formalaşması, iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi kimi amillərin vacibliyindən danışıb. Dövlət-özəl tərəfdaşlığı, investisiya təşviqi mexanizmləri, güzəştli kreditlər, sənaye zonaları, vergi və gömrük güzəştləri kimi alətlərlə sahibkarlığın inkişafına dəstək verildiyini bildirib. O, işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılması və sahibkarlığın inkişafı məqsədilə vergi və gömrük güzəştləri, kommunal və sosial sığorta subsidiyaları, kredit zəmanətləri, faiz subsidiyaları və güzəştli kreditlər daxil olmaqla müxtəlif dəstək mexanizmlərinin tətbiq edildiyini diqqətə çatdırıb.
Azər Bayramov bildirib ki, qarşıdakı dövrdə əsas vəzifələr özəl investisiyaların artırılması, strateji layihələrin sürətləndirilməsi, qeyri-neft-qaz ixracının genişləndirilməsi, beynəlxalq nəqliyyat dəhlizləri boyunca logistika və emal klasterlərinin formalaşdırılması, eləcə də 2027–2030-cu illər üzrə sosial-iqtisadi inkişaf strategiyasının və Böyük Qayıdışa dair II Dövlət Proqramının icrası olacaq.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə dair Palatanın rəyini təqdim edib.
O qeyd edib ki, Hesablama Palatasının rəyi 2027-ci ilin dövlət büdcəsinə dair qanun layihəsi və layihə ilə birlikdə hazırlanan və təqdim olunan aidiyyəti sənədlərin mövcud qanunvericilik aktlarına uyğunluğu, nəzərdə tutulmuş büdcənin gəlirləri və xərcləri, büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyü və tamlığı, həmçinin bu göstəricilərin əsas makroiqtisadi parametrlərə və ölkənin strateji sənədlərinə uyğunluğu barədə kənar dövlət maliyyə nəzarəti orqanının mövqeyini ifadə edir.
Bildirilib ki, dövlət büdcəsi layihəsinin tərtibinə qanunla müəyyən olunmuş müddətdə başlanılıb, Hesablama Palatasına icmal büdcə xərclərinin yuxarı həddi və Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar da daxil olmaqla, dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri də təqdim edilib.
Nəzərə çatdırılıb ki, 2027-ci ilin büdcə zərfində büdcə-vergi siyasəti üzrə məlumatlılıq artırılıb, büdcə-vergi siyasətində ilk dəfə olaraq gəlirlər üzrə ortamüddətli hədəflər müəyyənləşdirilib. Fiskal diaqnostika alətlərinin tələblərindən irəli gələrək analoji təcrübənin xərclər üzrə də tətbiqinin məqsədəuyğunduğu qeyd olunub. Növbəti ilin dövlət büdcəsinin layihəsinə dair sənədlərdə bəzi yeniliklərin təqdim edildiyi, son illər ərzində məlumatlılığın yüksəldilməsi istiqamətində müəyyən addımların atıldığı, fiskal dayanıqlığa təsir edən risklər üzrə təhlilin aparıldığı söylənilib.
Palata sədrinin sözlərinə görə, növbəti ildə iqtisadi artım və inflyasiya gözləntiləri, vergi inzibatçılığı və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə qanunvericiliyə təklif olunan dəyişikliklər hesabına əlavə gəlir potensialının formalaşması sayəsində proqnozlaşdırılan daxilolmaların cari ilin göstəricisini əhəmiyyətli dərəcədə üstələyəcəyi gözlənilir.
Vüqar Gülməmmədov çıxışında, habelə Hesablama Palatasının rəyində 35 tövsiyənin təklif edildiyini bildirib və onları nəzərə çatdırıb.
Tədbirdə çıxış edən İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafına, əhalinin rifahının yüksəldilməsinə, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və insan hüquqlarının daha səmərəli təmininə mühüm töhfələr verir. O, 2027-ci ilin dövlət büdcəsinin müzakirəsinin qarşıda duran strateji vəzifələrin həyata keçirilməsi üçün zəruri maliyyə imkanlarının qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib.
Ombudsman insan hüquq və azadlıqlarının daha effektiv qorunması məqsədilə dövlət büdcəsində nəzərə alınması üçün bəzi təkliflərini səsləndirib. O, sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, regionlarda tibbi infrastrukturun və ixtisaslı kadr təminatının gücləndirilməsi, onkoloji xəstələrin müasir müalicə üsullarına və dərman preparatlarına əlçatanlığının artırılması, süni intellekt əsaslı diaqnostika və klinik qərarların dəstəklənməsi texnologiyalarının səhiyyə sistemində təhlükəsiz və mərhələli tətbiqinin vacibliyindən danışıb. Bununla yanaşı, uşaqların hüquqlarının müdafiəsi, onların təhlükəsiz və sağlam mühitdə inkişafının təmin edilməsi, keyfiyyətli təhsilə bərabər çıxış imkanlarının genişləndirilməsi, uşaqların kibertəhdidlərdən, onlayn zorakılıqdan və fərdi məlumatların qanunsuz istifadəsindən müdafiəsinə yönəlmiş maarifləndirmə proqramlarının maliyyələşdirilməsinin önəmini qeyd edib. Habelə rəqəmsal bacarıqların inkişafı üzrə proqramlara maliyyə dəstəyinin, iqlim dəyişmələri və təbii fəlakət riskləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsində sosial yardım imkanlarının nəzərə alınmasının əhəmiyyətindən bəhs edib. Səbinə Əliyeva, eyni zamanda, Ombudsman Aparatının strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin daha səmərəli təşkili məqsədilə bir sıra təkliflərini diqqətə çatdırıb.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, İntizam komissiyasının sədri Eldar İbrahimov çıxış ediblər.
Çıxışlarda qlobal qeyri-müəyyənliklər fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlılığını qoruduğu, iqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun inkişafının əsas prioritetlər olduğu vurğulanıb.
Bildirilib ki, növbəti ilin dövlət büdcəsində müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi-sənaye kompleksinin inkişafı, Qarabağ və Şərqi Zəngəzurun bərpası, eləcə də əhalinin sosial rifahının yaxşılaşdırılması üçün kifayət qədər vəsait nəzərdə tutulub. Müasir ordu quruculuğu, müdafiə sənayesinin gücləndirilməsi, sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi də əsas prioritetlər sırasındadır.
Eyni zamanda, regionlarda investisiyaların təşviqi, işğaldan azad edilmiş ərazilərdə yeni müəssisələrin yaradılması və kənd təsərrüfatının inkişafının iqtisadi artıma və büdcə gəlirlərinin artırılmasına töhfə verdiyi qeyd olunub.
Müzakirələrdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev, deputatlar Razi Nurullayev, Elman Nəsirov, Naqif Həmzəyev, Samir Vəliyev, Hikmət Məmmədov, Qaya Məmmədov, Məzahir Əfəndiyev, Gülşən Paşayeva çıxış edərək məsələ ilə  bağlı fikirlərini bildiriblər, qeydlərini və suallarını səsləndiriblər.
Maliyyə naziri Sahil Babayev və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətiriblər.
Müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev, İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əli-zadə, deputatlar Kamran Bayramov, Sabir Hacıyev, Azay Quliyev, Bəhruz Məhərrəmov, Kamal Cəfərov, Səbinə Salmanova, Mahir Süleymanlı, Azər Allahverənov, Tural Gəncəliyev, Mircəlil Qasımlı, Sevil Mikayılova, Vüqar Rəhimzadə, Xanlar Fətiyev, Vasif Qafarov, ədliyyə nazirinin müavini Toğrul Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.

Geri dön