Ana Sayfa > Özəl > İran atom sualtı qayıqları hazırlamağı planlaşdırır – Tehrandan Rusiyaya qəti mesaj
İran atom sualtı qayıqları hazırlamağı planlaşdırır – Tehrandan Rusiyaya qəti mesajBu gün, 20:43. Yazar: vasif |
![]() İran nüvə proqramı ilə bağlı yeni mövqeyini açıqlayıb. Tehran zənginləşdirilmiş nüvə materiallarını ölkədən çıxarmaq niyyətində olmadığını və onlardan atom enerjisi ilə işləyən gəmilərin, eləcə də sualtı qayıqların hazırlanmasında istifadə etməyi planlaşdırdığını bildirib. Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai açıqlama verib. Onun sözlərinə görə, İran nüvə materialları üzərində nəzarəti tam şəkildə özündə saxlayacaq və onların başqa ölkələrə göndərilməsinə razılıq verməyəcək. “Biz zənginləşdirilmiş nüvə materialının bir zərrəsini belə İrandan çıxarmayacağıq”, – deyə Rezai vurğulayıb. İran rəsmisi bildirib ki, bu mövqe Rusiya tərəfinə də çatdırılıb. “Rusiyalı dostlarımıza da məlumat vermişik ki, zənginləşdirilmiş materiallar İranda qalacaq və onlardan özümüz istifadə edəcəyik”, – deyə o qeyd edib. Möhsün Rezai açıqlamasında nüvə materiallarının gələcəkdə hansı məqsədlər üçün istifadə oluna biləcəyinə də toxunub. Onun sözlərinə görə, İranın atom enerjisi ilə işləyən gəmilərin və sualtı qayıqların layihələndirilməsi üçün zənginləşdirilmiş nüvə materiallarına ehtiyacı var. Bu bəyanat Tehranın nüvə texnologiyalarından dəniz nəqliyyatı və sualtı qayıqlar sahəsində istifadə etmək niyyətini ortaya qoyur. Bununla belə, İranın atom sualtı qayıqlarının istehsalına artıq başladığı, yaxud belə gəmilərin nə vaxt hazır olacağı barədə konkret məlumat açıqlanmayıb. Rezainin bəyanatı İranın zənginləşdirilmiş nüvə materiallarının ölkə daxilində saxlanılması məsələsində mövqeyini dəyişmək niyyətində olmadığını göstərir. Geri dön |