Ana Sayfa > Karusel / Gündəm > Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi dayağı və gələcəyə istiqamət verən Əsas Qanundur
Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi dayağı və gələcəyə istiqamət verən Əsas QanundurBu gün, 14:03. Yazar: azer |
![]() “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir”. Ulu Öndər Heydər Əliyevin bu fikri Azərbaycan Respublikasının Konstitusiyasının mahiyyətini, onun dövlət və cəmiyyət həyatındakı müstəsna rolunu aydın ifadə edir. Hər bir müstəqil dövlətin siyasi, hüquqi və ictimai həyatının əsaslarını müəyyənləşdirən Konstitusiya dövlətçiliyin möhkəmliyinin, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təminatının başlıca göstəricisidir. Azərbaycanın müstəqillik tarixində bu ali hüquqi sənədin qəbul edilməsi isə dövlət quruculuğunun ən mühüm mərhələlərindən biri olmuşdur. Noyabrın 12-də qeyd etdiyimiz Konstitusiya Günü xalqımızın dövlətçilik iradəsinin, müstəqil və demokratik Azərbaycan qurmaq əzminin təcəssümüdür. Bu əlamətdar tarix bizi milli dövlətçilik ənənələrimizin keçdiyi mürəkkəb inkişaf yolunu, müstəqil Azərbaycanın hüquqi əsaslarının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini bir daha xatırlamağa sövq edir. Azərbaycanın konstitusiya quruculuğu tarixi mürəkkəb və ziddiyyətli mərhələlərdən keçib. 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti qısa ömrü ərzində müstəqil dövlətçilik ənənələrinin əsasını qoysa da, dövlətin Əsas Qanununu qəbul edə bilmədi. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da, sovet hakimiyyəti dövründə qəbul olundu. Sonrakı illərdə SSRİ-də baş verən siyasi və hüquqi dəyişikliklərə uyğun olaraq, 1925, 1927 və 1937-ci illərdə Azərbaycan SSR-in konstitusiya aktları yeniləndi. Bu tarixdə xüsusi əhəmiyyət daşıyan məqamlardan biri 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in yeni Konstitusiyasının qəbul edilməsi idi. Həmin dövrdə respublikaya rəhbərlik edən Ümummilli Lider Heydər Əliyevin qətiyyətli mövqeyi və təşəbbüsü nəticəsində Əsas Qanunda Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması təmin edildi. Bu, sovet ideoloji sisteminin hökm sürdüyü bir şəraitdə milli kimliyimizin və dilimizin qorunması baxımından mühüm tarixi hadisə idi. Ulu Öndərin dövlətçilik düşüncəsi, milli maraqlara bağlılığı və uzaqgörən siyasəti gələcək müstəqilliyimizin ideoloji və siyasi əsaslarının formalaşmasına da xidmət edirdi. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası ilə Azərbaycanın qarşısında yeni konstitusiya quruculuğu vəzifəsi dayandı. Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, idarəçilik böhranı, qanunsuzluq və özbaşınalıq bu mühüm prosesin həyata keçirilməsinə imkan vermirdi. Dövlətçiliyin qorunması, ictimai-siyasi sabitliyin təmin edilməsi və hüquqi dövlət quruculuğunun başlanması üçün ilk növbədə ölkədə güclü siyasi iradəyə və müdrik rəhbərliyə ehtiyac var idi. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəni parçalanmaq və dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Onun rəhbərliyi ilə siyasi sabitlik bərpa olundu, dövlət idarəçiliyinin əsasları möhkəmləndirildi və müstəqil Azərbaycanın gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Konstitusiyanın hazırlanması da bu genişmiqyaslı dövlət quruculuğu siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ulu Öndər Heydər Əliyev yeni Konstitusiyanın müstəqil Azərbaycanın demokratik prinsiplər əsasında uzunmüddətli və sabit inkişafını təmin etməli olduğunu xüsusi vurğulayırdı. Onun rəhbərliyi ilə yaradılmış Konstitusiya komissiyası tərəfindən hazırlanmış layihə ümumxalq müzakirəsinə çıxarıldı. Layihədə müasir dünyanın demokratik və hüquqi dövlətçilik təcrübəsi, beynəlxalq hüququn ümumtanınmış prinsipləri, xalqımızın çoxəsrlik dövlətçilik ənənələri və milli maraqları nəzərə alındı. 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq referendumunda seçicilərin 86 faizi iştirak etdi, səsvermədə iştirak edənlərin 91,9 faizi Konstitusiyanın qəbul edilməsini dəstəklədi. Beləliklə, müstəqil Azərbaycanın ilk Konstitusiyası xalqın iradəsi ilə qəbul edildi və həmin il noyabrın 27-də qüvvəyə mindi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu tarixi sənəd demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm hüquqi təməlini yaratdı. Konstitusiyanın qəbulundan sonra noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edildi. Ümummilli Lider Heydər Əliyevin 1995-ci il dekabrın 15-də imzaladığı Fərmanla bu tarix təsis olundu, 1996-cı il noyabrın 1-də imzalanmış növbəti Fərmanla isə Konstitusiya Gününün ölkəmizdə təntənəli şəkildə qeyd edilməsi müəyyənləşdirildi. Azərbaycan Respublikasının Konstitusiyası mahiyyət etibarilə yalnız dövlət idarəçiliyinin təşkili qaydalarını müəyyən edən hüquqi sənəd deyil. O, dövlətin əsas məqsədlərini, cəmiyyətin inkişaf prinsiplərini, hakimiyyət qollarının səlahiyyət və məsuliyyət çərçivəsini, insan və vətəndaş hüquq və azadlıqlarının təminatlarını özündə ehtiva edən fundamental sənəddir. Əsas Qanunda dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması, demokratik cəmiyyətin formalaşdırılması, qanunun aliliyinin təmin edilməsi, vətəndaş cəmiyyətinin inkişafı və bazar iqtisadiyyatı münasibətlərinin təşviqi kimi strateji istiqamətlər təsbit olunub. Konstitusiyanın mühüm üstünlüklərindən biri insan hüquq və azadlıqlarını dövlət siyasətinin mərkəzinə yerləşdirməsidir. Əsas Qanunun 48 maddəsi bilavasitə insan və vətəndaş hüquqlarına, onların təminatlarına həsr olunub. Hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, fikir və söz azadlığı, vicdan və sərbəst toplaşmaq hüququ, mülkiyyət hüququ, əmək, təhsil və sosial təminat hüquqları Konstitusiya səviyyəsində qorunur. Bu hüquqların təmin edilməsi dövlət hakimiyyəti orqanlarının əsas vəzifələrindəndir. Konstitusiyanın qəbul edilməsi ilə ölkəmizdə müasir konstitusiya nəzarəti institutunun yaradılması üçün də hüquqi zəmin formalaşdı. 1997-ci ildə “Konstitusiya Məhkəməsi haqqında” Qanunun qəbul edilməsindən sonra 1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. Bu təsisat Konstitusiyanın aliliyinin təmin olunmasında, hüquq normalarının Əsas Qanuna uyğunluğunun yoxlanılmasında və konstitusion hüquqların müdafiəsində mühüm yer tutur. Zamanın tələbləri və ölkənin inkişafı Konstitusiyanın ayrı-ayrı müddəalarının təkmilləşdirilməsini də zəruri edib. 2002, 2009 və 2016-cı illərdə ümumxalq referendumları əsasında Əsas Qanuna əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının təminatlarının genişləndirilməsi, sosial dövlət prinsiplərinin möhkəmləndirilməsi və hakimiyyət institutlarının fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması məqsədi daşıyıb. Xüsusilə 2016-cı il referendumunda Birinci vitse-prezident vəzifəsinin təsis edilməsi dövlət idarəçiliyi sistemində yeni institusional mərhələnin başlanğıcı olub. Müstəqil Azərbaycanın konstitusiya tarixində son illərin hadisələri də xüsusi yer tutur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bununla da Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi ölkəmizin bütün ərazisində bərqərar oldu. Bu tarixi reallıq dövlət suverenliyimizin möhkəmləndirilməsi ilə yanaşı, Əsas Qanunumuzun bütün ölkə ərazisində tam tətbiqi baxımından da mühüm əhəmiyyət daşıyır. Məhz bu tarixi nailiyyətlərin və Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümünün əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncamla 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildi. Həmin il Konstitusiyanın 30 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, Əsas Qanunun hüquqi və ictimai-siyasi əhəmiyyətinin bir daha diqqətə çatdırılması baxımından mühüm mərhələ oldu. Eyni zamanda, Prezidentin təşəbbüsü ilə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalının təsis edilməsi konstitusiya quruculuğuna, hüquq sisteminin inkişafına və Konstitusiyanın aliliyinin təmin edilməsinə töhfə verən şəxslərin əməyinə verilən yüksək qiymətin ifadəsidir. Bu gün Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmiz öz suveren hüquqlarına, milli maraqlarına və Konstitusiyanın müəyyən etdiyi prinsiplərə əsaslanaraq müstəqil siyasətini inamla davam etdirir. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, həmin ərazilərdə həyatın yenidən canlandırılması, vətəndaşların doğma yurdlarına qayıdışının təmin edilməsi dövlətimizin qarşısında duran mühüm vəzifələrdəndir. Bu proseslərdə Konstitusiyanın müəyyən etdiyi hüquqi çərçivə, dövlətin və vətəndaşın qarşılıqlı məsuliyyəti xüsusi əhəmiyyət daşıyır. Konstitusiya yalnız dövlətin hüquqi əsaslarını müəyyən edən sənəd kimi deyil, həm də hər bir vətəndaşın hüquq və vəzifələrini dərk etməsi, qanunun aliliyinə hörmətlə yanaşması və cəmiyyət qarşısında məsuliyyətini anlaması baxımından mühüm əhəmiyyət kəsb edir. Əsas Qanuna hörmət, onun müddəalarına əməl olunması, hüquqi maarifləndirmənin gücləndirilməsi və konstitusion dəyərlərin gənc nəslə aşılanması demokratik cəmiyyətin davamlı inkişafının vacib şərtlərindəndir. 12 Noyabr – Konstitusiya Günü müstəqil dövlətçiliyimizin hüquqi təməllərinə, milli iradəmizə və gələcəyə inamımıza ehtiram günüdür. Bu əlamətdar tarixdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik irsini dərin hörmətlə yad edir, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən siyasətin əhəmiyyətini bir daha vurğulayırıq. Əminliklə qeyd etmək olar ki, Konstitusiyamız bundan sonra da müstəqil Azərbaycan dövlətinin inkişafına, milli birliyimizin möhkəmlənməsinə, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə və ölkəmizin qarşıya qoyduğu strateji hədəflərə çatmasına xidmət edəcəkdir. Asif Əsgərov, Milli Məclisin deputatı Geri dön |