Ana Sayfa > Siyasət > Azərbaycan Konstitusiyası – milli tərəqqinin hüquqi əsası

Azərbaycan Konstitusiyası – milli tərəqqinin hüquqi əsası


Bu gün, 12:51. Yazar: azer
Azərbaycan Konstitusiyası – milli tərəqqinin hüquqi əsası

Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə ümumxalq səsverməsi referendum yolu ilə qəbul etdiyi ilk milli Konstitusiyası dövlətçilik tariximizdə möhtəşəm dönüş nöqtəsidir. 12 Noyabr – Konstitusiya Günü sadəcə təqvimdəki əlamətdar bir tarix deyil bu gün xalqımızın öz taleyinə sahib çıxmasının, hüququn aliliyinə söykənən sivil və demokratik dövlət qurmaq əzminin təntənəsidir.

Tarixə qısa bir nəzər salsaq görərik ki, milli dövlətçilik ideyamızın və ana dilimizin hüquqi statusunun qorunması hələ sovet rejiminin kəskin dövründə Ümummilli Lider Heydər Əliyevin birinci rəhbərliyi illərində möhkəm təməllərə söykənmişdi. 1978-ci il aprelin 21-də qəbul edilən Konstitusiyaya Ulu Öndərin müstəsna siyasi cəsarəti nəticəsində Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi milli kimliyimizin saxlanması yolunda misilsiz addım idi. 1990-cı illərin başlanğıcında ölkəmizi bürüyən siyasi böhran, idarəolunmazlıq və hüquqi vakuum şəraitində isə dövlətin varlığını xilas etmək üçün köklü hüquqi bazanın yaradılması həyati zərurətə çevrilmişdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə nizam-intizamı bərpa etdi və şəxsi rəhbərliyi altında fəaliyyət göstərən Konstitusiya Komissiyası vasitəsilə Əsas Qanunun layihəsini ərsəyə gətirdi.

1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumunda seçicilərin 86 faizinin məntəqələrə gələrək onların 91,9 faizinin bu tarixi sənədə "bəli" deməsi xalqın Ulu Öndərin siyasi xəttinə olan sonsuz inamının bariz göstəricisi idi. Noyabrın 27-də qüvvəyə minən Konstitusiyamız müasir Azərbaycanın inkişaf istiqamətini dəqiq müəyyənləşdirdi. Bu tarixi hadisənin mahiyyətini əbədiləşdirmək üçün Ümummilli Lider 1995-ci il dekabrın 15-də Fərman verərək 12 Noyabrı Konstitusiya Günü elan etdi, 1996-cı il noyabrın 1-də imzalanan növbəti sənədlə isə bu günün hər il təntənəli şəkildə qeyd olunması rəsmiləşdirildi. Ulu Öndər Heydər Əliyev Əsas Qanunun mahiyyətini qiymətləndirərkən vurğulayırdı: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.”

Konstitusiyamızın ən ali üstünlüyü ondadır ki, onun mərkəzində bilavasitə İnsan və onun hüquqları dayanır. Sənədin 48 maddəsi tamamilə vətəndaşların hüquq və təminatlarına həsr olunub. Fikir, vicdan və söz azadlığı, mülkiyyət toxunulmazlığı, habelə hər bir şəxsin qanun qarşısında bərabərliyi dövlətimizin ali məqsədi kimi təsbit edilib. 1998-ci ildən fəaliyyətə başlayan Konstitusiya Məhkəməsi isə bu prinsiplərin etibarlı keşikçisinə çevrilib. Zamanın tələblərinə uyğun olaraq 2002, 2009 və 2016-cı illərdə keçirilən ümumxalq səsvermələri idarəetmə sistemini daha da təkmilləşdirib, xüsusilə 2016-cı ildə Birinci vitse-prezidentlik institutunun təsisi dövlət idarəçiliyində keyfiyyətcə yeni mərhələ açıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan 2020-ci ilin 44 günlük Zəfəri və 2023-cü ilin sentyabrındakı antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Bununla da Əsas Qanunumuzun hüquqi qüvvəsi Xankəndidə, Şuşada, Laçında ölkəmizin hər bir qarışında tam bərqərar edildi.

Prezident İlham Əliyev Konstitusiyanın dövlətçilik tariximizdəki rolu barədə deyib: “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”

Dövlət başçımızın digər Fərmanında da vurğulandığı kimi: “1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur.”

Tarixi Qələbələrimiz və Konstitusiyamızın 30 illik yubileyinin şərəfinə Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu gün müstəqil, qalib və suveren Azərbaycanın vətəndaşları olaraq Əsas Qanunumuzun ruhuna sədaqətlə xidmət etmək, qanunun aliliyini uca tutmaq hər birimizin müqəddəs borcudur. 12 Noyabr Konstitusiya Günü münasibətilə bütün həmvətənlərimizi səmimi-qəlbdən təbrik edir, dövlətimizə əbədi qüdrət və rifah arzulayırıq.

Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri

Geri dön