Ana Sayfa > Manşet / Siyasət > Demokratik inkişafın siyasi-hüquqi əsasları: sabitlik və tərəqqi amili kimi
Demokratik inkişafın siyasi-hüquqi əsasları: sabitlik və tərəqqi amili kimiBu gün, 12:49. Yazar: azer |
![]() Hər bir müstəqil dövlətin siyasi sisteminin dayanıqlılığı, hüquqi münasibətlərinin tənzimlənməsi, idarəçilik mexanizmlərinin səmərəliliyi və gələcək inkişaf perspektivləri, ilk növbədə, onun Konstitusiyası ilə müəyyən olunur. Əsas Qanun dövlət hakimiyyətinin təşkili prinsiplərini, dövlət orqanlarının səlahiyyətlərini, vətəndaşların hüquq və vəzifələrini müəyyənləşdirməklə yanaşı, cəmiyyətin hansı milli-mənəvi və demokratik dəyərlər üzərində formalaşdığını da özündə əks etdirir. Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyası müstəqil dövlətçiliyimizin möhkəm hüquqi təməlini yaratmaqla ölkəmizin demokratik inkişaf modelini müəyyənləşdirdi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas istiqamətlərini formalaşdırdı. Azərbaycanın müasir Konstitusiyası mürəkkəb tarixi-siyasi şəraitdə hazırlanaraq ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edildi. Həmin dövrdə ölkənin qarşısında dayanan başlıca vəzifələr dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması, dövlət idarəçiliyinin hüquqi əsaslarının yaradılması və demokratik təsisatların formalaşdırılması idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Əsas Qanun bu taleyüklü vəzifələrin həyata keçirilməsi üçün fundamental hüquqi baza rolunu oynadı. Konstitusiyanın qəbulu ilə Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin əsası qoyuldu, müstəqil dövlətin siyasi, iqtisadi və hüquqi inkişafının fundamental prinsipləri təsbit edildi. Beləliklə, ölkəmizin gələcək tərəqqisinin hüquqi təminatı yaradıldı, milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində mühüm tarixi addım atıldı. Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində qanunun aliliyi, insan hüquq və azadlıqlarına hörmət, milli maraqların qorunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi xüsusi yer tuturdu. Onun rəhbərliyi ilə hazırlanmış Konstitusiya ümumbəşəri demokratik prinsipləri milli dövlətçilik ənənələrimizlə uzlaşdıraraq müasir Azərbaycanın hüquqi inkişaf modelini formalaşdırdı. Əsas Qanunda Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi və unitar respublika olması təsbit edildi. Hakimiyyətin qanunvericilik, icra və məhkəmə qollarına bölünməsi, siyasi plüralizmin təmin olunması, mülkiyyətin müxtəlif formalarının tanınması, insan hüquq və azadlıqlarının ali dəyər kimi qəbul edilməsi demokratik dövlət quruculuğunun əsas prinsiplərinə çevrildi. Bu müddəalar müstəqil Azərbaycanın siyasi və hüquqi sisteminin möhkəm təməllər üzərində formalaşmasına, dövlət idarəçiliyində qanunçuluq və məsuliyyət prinsiplərinin bərqərar olmasına xidmət etdi. Konstitusiyanın ən mühüm xüsusiyyətlərindən biri insan amilinə və onun hüquq və azadlıqlarına verdiyi yüksək dəyərdir. Əsas Qanunda hər kəsin qanun qarşısında bərabərliyi, yaşamaq, azadlıq, mülkiyyət, təhsil, əmək və sosial təminat hüquqları, eləcə də digər fundamental hüquq və azadlıqları təsbit olunub. Bu müddəalar vətəndaşların hüquqi müdafiəsinin təmin edilməsinə, dövlət idarəçiliyində və ictimai həyatda fəal iştirakına, öz potensiallarını reallaşdırmalarına geniş imkanlar yaradır. Eyni zamanda, insan hüquq və azadlıqlarının qorunması dövlət orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilir. Beləliklə, Konstitusiya dövlətlə vətəndaş arasında münasibətlərin hüquqi çərçivəsini formalaşdırmaqla qarşılıqlı məsuliyyət, etimad və qanunçuluq prinsiplərini möhkəmləndirir. Bu yanaşma azad cəmiyyətin inkişafı, vətəndaş fəallığının artırılması və demokratik dəyərlərin ictimai həyatda möhkəmlənməsi üçün etibarlı zəmin yaradır. Ötən dövr ərzində Azərbaycanın keçdiyi inkişaf yolu Konstitusiyanın ictimai-siyasi reallıqlara və zamanın tələblərinə uyğun təkmilləşdirilməsinin vacibliyini də təsdiqləyib. Müxtəlif illərdə keçirilmiş ümumxalq referendumları vasitəsilə Əsas Qanuna edilmiş dəyişikliklər dövlət idarəçiliyinin müasirləşdirilməsinə, demokratik institutların inkişafına, hüquqi mexanizmlərin təkmilləşdirilməsinə və insan hüquqlarının müdafiəsi imkanlarının genişləndirilməsinə xidmət edib. Bu proses ölkədə həyata keçirilən siyasi, iqtisadi və institusional islahatlarla paralel şəkildə davam edərək dövlət idarəçiliyinin yeni inkişaf mərhələsinin hüquqi əsaslarını formalaşdırıb. Bütün bunlar Konstitusiyanın fundamental dövlətçilik prinsiplərini qorumaqla yanaşı, cəmiyyətin inkişafından irəli gələn yeni çağırışlara da çevik hüquqi cavab vermək imkanlarını nümayiş etdirir. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası konstitusion dövlət quruculuğunun tarixində yeni mərhələnin başlanğıcını qoydu. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət hakimiyyətinin suveren səlahiyyətlərinin həyata keçirilməsi təmin edildi. Bununla da uzun illər davam edən işğala son qoyuldu, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi ölkənin bütün ərazisində bərqərar oldu. Bu tarixi nailiyyət yalnız hərbi-siyasi Qələbə deyil, həm də milli iradənin, dövlətimizin siyasi qətiyyətinin və müstəqil dövlətçilik prinsiplərinin təntənəsi idi. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması dövlət müstəqilliyimizin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirərək xalqımızın tarixi arzularının gerçəkləşməsini təmin etdi. Suverenliyin tam bərpasından sonra qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən qurulması, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsidir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri dövlətimizin öz suveren hüquqlarını bütün ərazisində reallaşdırmaq, vətəndaşların konstitusion hüquq və azadlıqlarını təmin etmək imkanlarının bariz nümunəsidir. Yeni yaşayış məntəqələrinin salınması, sosial obyektlərin inşası, təhsil və səhiyyə xidmətlərinin təşkili, nəqliyyat və kommunikasiya infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin genişləndirilməsi həmin ərazilərin ölkənin vahid hüquqi, iqtisadi və sosial məkanına inteqrasiyasına xidmət edir. Bu proses həm də Böyük Qayıdışın uğurla həyata keçirilməsi, insanların doğma torpaqlarında təhlükəsiz və layiqli həyat şəraitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində müstəqilliyin qorunması, milli maraqların müdafiəsi, dövlət suverenliyinin möhkəmləndirilməsi və ölkənin davamlı inkişafının təmin edilməsi prioritet istiqamətlər olaraq qalır. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu, müstəqil xarici siyasət kursu, regional və qlobal proseslərdə fəal iştirakı dövlətçiliyimizin möhkəm siyasi və iqtisadi əsaslar üzərində qurulduğunu təsdiqləyir. Ərazi bütövlüyünün və suverenliyin tam təmin olunması ölkəmizin qarşısında yeni strateji imkanlar açıb. Bu imkanlardan səmərəli istifadə edilməsi, hüquqi institutların fəaliyyətinin təkmilləşdirilməsi, iqtisadi potensialın gücləndirilməsi və vətəndaş rifahının yüksəldilməsi müasir inkişaf strategiyasının başlıca istiqamətlərindəndir. Bu baxımdan 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi xüsusi tarixi və siyasi məna daşıyırdı. Konstitusiyanın qəbulunun 30 illiyinin dövlət suverenliyimizin tam bərpası ilə eyni ildə qeyd olunması iki mühüm tarixi nailiyyətin vəhdətini ifadə edirdi. Bu qərar Əsas Qanunun dövlətçilik sistemindəki yerinin və rolunun bir daha dəyərləndirilməsinə, hüquqi maarifləndirmənin genişləndirilməsinə, konstitusion dəyərlərin cəmiyyət həyatında daha dərindən mənimsənilməsinə mühüm şərait yaratdı. İl çərçivəsində həyata keçirilən tədbirlər dövlət müstəqilliyinin hüquqi əsaslarının, milli suverenliyin və vətəndaş məsuliyyətinin əhəmiyyətini bir daha ön plana çıxardı. Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi münasibətilə yubiley medalının təsis edilməsi də bu əlamətdar tarixə verilən yüksək qiymətin, Əsas Qanunun hazırlanması və təkmilləşdirilməsi, hüquqi dövlət quruculuğu sahəsində xidmətlərin tanınmasının mühüm ifadəsi oldu. Azərbaycan Konstitusiyası dövlət müstəqilliyimizin qorunmasının, milli maraqlarımızın müdafiəsinin, insan hüquq və azadlıqlarının təmin edilməsinin, suverenliyimizin möhkəmləndirilməsinin etibarlı hüquqi təməlidir. Bu gün öz suverenliyini bütün ərazisində təmin etmiş Azərbaycan qarşıya qoyduğu strateji hədəflərə məhz bu möhkəm hüquqi əsas üzərində inamla irəliləyir. Qarşıdakı mərhələdə qanunun aliliyinin daha da möhkəmləndirilməsi, hüquqi institutların inkişafı, azad vətəndaş cəmiyyətinin formalaşdırılması, milli həmrəyliyin qorunması və insan amilinin dövlət siyasətində prioritet mövqeyinin saxlanılması ölkəmizin davamlı tərəqqisinin mühüm şərtləri olacaq. Əsas Qanuna sədaqət, onun norma və prinsiplərinə hörmət yalnız hüquqi öhdəlik deyil, həm də dövlətçilik dəyərlərinə, milli irsə və gələcək nəsillər qarşısında məsuliyyətə sadiqliyin ifadəsidir. 12 Noyabr – Konstitusiya Günü hüquqi dövlət quruculuğunun, azad cəmiyyət ideallarının və milli suverenliyimizin təntənəsini, müstəqil Azərbaycanın gələcək inkişafına olan inamımızı təcəssüm etdirir. Heydər Əsədov Milli Məclisin deputatı Geri dön |