Ana Sayfa > Özəl > Fransa Almaniyanın raket planlarından narahatdır – Rusiyanın nüvə cavabı verməsi təhlükəsi

Fransa Almaniyanın raket planlarından narahatdır – Rusiyanın nüvə cavabı verməsi təhlükəsi


Bu gün, 19:00. Yazar: vasif
Fransa Almaniyanın raket planlarından narahatdır – Rusiyanın nüvə cavabı verməsi təhlükəsi



Fransa ilə Almaniya arasında uzaqmənzilli raket sistemlərinin istifadəsi və mümkün nüvə eskalasiyası ilə bağlı məxfi danışıqlar aparıldığı bildirilir. Paris Berlinin yeni hərbi planlarının Rusiya ilə qarşıdurmada təhlükəli nəticələr yarada biləcəyindən ehtiyat edir.

“Financial Times” nəşrinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, Fransa hökuməti Almaniyanın uzaqmənzilli silahlardan istifadə doktrinasının dəqiqləşdirilməsini və Parisin nüvə çəkindirmə strategiyası ilə uyğunlaşdırılmasını istəyir.

Fransa rəsmilərinin əsas narahatlığı Almaniyanın yüksək dəqiqlikli adi silahlarla Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsi ehtimalı ilə bağlıdır.

Parisdə hesab edirlər ki, Moskva belə hücumların xarakterini yanlış qiymətləndirə və onları daha genişmiqyaslı hərbi təhlükə kimi qəbul edə bilər. Bu isə Rusiyanın nüvə silahı ilə cavab verməsi riskini gündəmə gətirir.

Almaniyanın 2000 kilometrlik raket planı

Məlumata görə, Fransanın diqqət mərkəzində Almaniyanın 500 kilometrdən 2000 kilometrə qədər uçuş məsafəsinə malik yeni raket sistemləri hazırlamaq planı dayanır.

Berlinin Avropanın yenidən silahlanması proqramında fəal iştirak etməsi də bu müzakirələrin əhəmiyyətini artırır.

Fransa tərəfi hesab edir ki, uzaqmənzilli silahların hansı şəraitdə istifadə ediləcəyini müəyyənləşdirən aydın hərbi doktrinanın olmaması təhlükəli qeyri-müəyyənlik yaradır.

Belə qeyri-müəyyənliyin hərbi qarşıdurma zamanı yanlış qərarlara və nəzarətdən çıxan eskalasiyaya səbəb ola biləcəyi vurğulanır.

London da müzakirələrə qoşula bilər

Almaniya tərəfinin də mümkün hərbi eskalasiyanın mərhələləri ilə bağlı ortaq yanaşmanın hazırlanmasına müsbət münasibət bəslədiyi bildirilir.

Məlumata əsasən, gələcəkdə Almaniya, Fransa və Böyük Britaniyanın uzaqmənzilli silahların istifadəsi və təhlükəsizlik strategiyası ilə bağlı birgə bəyanatla çıxış etməsi istisna olunmur.

Hələlik tərəflər arasında konkret razılaşmanın əldə edildiyi açıqlanmayıb.

Müzakirələrin əsas məqsədi Avropanın müdafiə imkanlarını gücləndirərkən Rusiya ilə mümkün hərbi qarşıdurmanın nüvə münaqişəsinə çevrilməsi riskini azaltmaqdır.
Geri dön