Ana Sayfa > Siyasət > Konstitusiya Günü vətəndaşlara hüquqi məsuliyyəti və dövlətə sədaqəti aşılayır
Konstitusiya Günü vətəndaşlara hüquqi məsuliyyəti və dövlətə sədaqəti aşılayırBu gün, 11:16. Yazar: azer |
![]() Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi təməllərini müəyyən edən ali sənəd olmaqla yanaşı, xalqımızın dövlətçilik əzmini, demokratik inkişaf hədəflərini və gələcəyə dair strateji baxışını özündə əks etdirir. Bu mühüm sənədin tarixi dəyəri onun qəbul olunduğu dövrdə mövcud olan mürəkkəb siyasi şərait, müstəqilliyin möhkəmləndirilməsi zərurəti və yeni dövlət idarəçiliyi modelinin yaradılması ilə bilavasitə əlaqədardır. Konstitusiyanın hazırlanması və ümumxalq səsverməsi ilə qəbul olunması müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm mərhələ təşkil etməklə ölkəmizin davamlı inkişafı üçün möhkəm hüquqi baza yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin 1918–1920-ci illərdəki qısa fəaliyyəti dövründə dövlətin əsas qanununu qəbul etmək mümkün olmadı. Daha sonrakı sovet hakimiyyəti illərində qəbul edilmiş konstitusiyalar isə Azərbaycanın müstəqil dövlətçilik mövqeyini və milli iradəsini dolğun şəkildə ifadə edə bilmirdi. Buna baxmayaraq, həmin mürəkkəb tarixi şəraitdə milli maraqların qorunması naminə görülən işlər sırasında Ulu Öndər Heydər Əliyevin 1978-ci il Konstitusiyasının hazırlanması zamanı ortaya qoyduğu qətiyyətli mövqe xüsusi əhəmiyyət daşıyır. Məhz onun təşəbbüsü və prinsipial yanaşması nəticəsində Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyada təsbit olunması milli kimliyimizin, dilimizin və mənəvi irsimizin qorunması baxımından mühüm tarixi nailiyyətə çevrildi. Bu hadisə, eyni zamanda, milli dövlətçilik şüurunun gələcək nəsillərə ötürülməsinə yönəlmiş uzaqgörən siyasi iradənin göstəricisi idi. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə yeni Konstitusiyanın hazırlanması mühüm zərurətə çevrildi. Lakin həmin dövrdə ölkədə yaşanan siyasi qarşıdurmalar, böhran və idarəçilik sahəsindəki ciddi çatışmazlıqlar bu vacib vəzifənin həyata keçirilməsini çətinləşdirirdi. Dövlət müstəqilliyinin qorunması, ictimai-siyasi sabitliyin yaradılması və səmərəli idarəetmə sisteminin formalaşdırılması qarşıda duran əsas məsələlər idi. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti nəticəsində ölkəni parçalanma təhlükəsi ilə üz-üzə qoyan proseslərin qarşısı alındı, dövlətin gələcək inkişafı üçün zəruri olan sabitlik təmin edildi. Yalnız bundan sonra müstəqil Azərbaycanın hüquqi sisteminin yeni dövrün tələblərinə uyğun şəkildə qurulması istiqamətində genişmiqyaslı fəaliyyətə başlamaq mümkün oldu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq referendumuna təqdim edildi. Seçicilərin 86 faizinin iştirak etdiyi səsvermədə iştirak edənlərin 91,9 faizi Əsas Qanunun qəbuluna səs verdi. Bu nəticə Azərbaycan cəmiyyətinin yeni dövlətçilik modelinə verdiyi dəstəyi nümayiş etdirməklə yanaşı, ölkəmizin gələcək inkişafının hüquqi və siyasi istiqamətlərini də müəyyənləşdirdi. Həmin il noyabrın 27-də qüvvəyə minən Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun fundamental prinsiplərini rəsmiləşdirdi. Əsas Qanunun başlıca üstünlüklərindən biri hakimiyyət bölgüsü, qanunun üstünlüyü və insan hüquqlarının müdafiəsi prinsiplərini dövlət idarəçiliyinin əsas istiqamətləri kimi müəyyən etməsidir. Qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin səlahiyyətlərinin və fəaliyyət prinsiplərinin ayrılıqda təsbit olunması dövlət idarəçiliyində hüquqi tarazlığın, qarşılıqlı məsuliyyətin və səmərəli fəaliyyətin təmin edilməsinə xidmət edir. İnsan və vətəndaş hüquq və azadlıqlarına xüsusi yer ayrılması isə dövlət siyasətində şəxsiyyətin, insan ləyaqətinin və qanuni maraqlarının üstün mövqeyini təsdiqləyir. Konstitusiyada irqindən, dinindən, dilindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün insanların bərabər hüquqlara malik olmasının təsbit edilməsi ölkəmizdə müxtəlif xalqların və etnik qrupların birgəyaşayışını və cəmiyyətin bütövlüyünü möhkəmləndirən mühüm hüquqi təminatdır. Konstitusiyanın qəbulundan sonra onun müddəalarının praktikada tətbiqini təmin etmək məqsədilə müvafiq hüquqi və institusional strukturların yaradılması istiqamətində də mühüm işlər görüldü. 1998-ci ildə Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması ölkədə konstitusiya nəzarətinin həyata keçirilməsi, Əsas Qanunun üstün hüquqi qüvvəsinin qorunması baxımından əhəmiyyətli hadisə oldu. Sonrakı mərhələlərdə ümumxalq referendumları əsasında Konstitusiyaya edilən əlavə və dəyişikliklər dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə, hüquq və azadlıqların müdafiəsi mexanizmlərinin gücləndirilməsinə, eləcə də hüquqi sistemin dəyişən ictimai və siyasi reallıqlara uyğunlaşdırılmasına xidmət etdi. Hazırda Konstitusiyanın tarixi və siyasi əhəmiyyəti Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsi şəraitində daha da geniş məzmun qazanmışdır. Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində konstitusion quruluşun bərqərar olması müstəqil dövlətçiliyimizin ən mühüm uğurlarından biridir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın suverenliyinin möhkəmləndirilməsinə, milli maraqlarının qorunmasına və qarşıya qoyulmuş strateji hədəflərin reallaşdırılmasına istiqamətlənmişdir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması da dövlətçilik tariximizin bu mühüm mərhələsini əks etdirən əlamətdar qərarlardan biri oldu. Əsas Qanunun qəbulunun 30-cu ildönümü onun yalnız dövlətin hüquqi sistemini müəyyənləşdirən sənəd deyil, həm də milli müstəqilliyimizin, cəmiyyətimizin birliyinin və ölkəmizin gələcək tərəqqisinin fundamental dayağı olduğunu bir daha təsdiqlədi. Noyabrın 12-də qeyd edilən Konstitusiya Günü hər bir vətəndaşa qanunların aliliyinə riayət etməyin, hüquqi məsuliyyət daşımağın və milli dövlətçilik prinsiplərinə sadiq qalmağın vacibliyini xatırladır. Konstitusiyanın müəyyən etdiyi prinsiplərə əsaslanan güclü dövlət idarəçiliyi Azərbaycanın gələcək illərdə də ictimai-siyasi sabitliyini qoruması, müstəqilliyini daha da möhkəmləndirməsi və davamlı inkişaf yolunda inamla irəliləməsi üçün əsas təminatlardan biridir. Sabirə Şeyxazadə, Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatı aparatının məsləhətçisi Geri dön |