Ana Sayfa > Siyasət > Konstitusiyadan suverenliyə uzanan Azərbaycanın dövlətçilik yolu

Konstitusiyadan suverenliyə uzanan Azərbaycanın dövlətçilik yolu


Bu gün, 10:15. Yazar: azer
Konstitusiyadan suverenliyə uzanan Azərbaycanın dövlətçilik yolu

Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi əsaslarını müəyyən edən, xalqımızın milli iradəsini, dövlətçilik ənənələrini və demokratik inkişaf istiqamətini özündə əks etdirən fundamental sənəddir. Hər il noyabrın 12-də qeyd olunan Konstitusiya Günü Azərbaycanın müasir dövlətçilik tarixində mühüm mərhələnin, hüquqi dövlət quruculuğunun və milli suverenliyin əsaslarının formalaşmasının əlamətdar tarixidir.

1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin müstəqillik tarixində yeni siyasi və hüquqi mərhələnin başlanğıcını qoydu. Bu mühüm sənədin hazırlanması və qəbul edilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu prosesinin ən əhəmiyyətli nəticələrindən biri oldu.

1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində müstəqil dövlətçilik ənənələrinin formalaşmasına mühüm töhfələr versə də, mövcud olduğu 23 ay ərzində ölkənin əsas qanununu qəbul edə bilmədi. Sovet hakimiyyəti dövründə isə 1921, 1927, 1937 və 1978-ci illərdə Azərbaycan SSR-in müxtəlif konstitusiyaları qəbul edildi.

Həmin sənədlər Azərbaycanın siyasi və hüquqi həyatının müəyyən mərhələlərini əks etdirsə də, müstəqil dövlətin milli iradəyə əsaslanan Konstitusiyasının qəbul edilməsi yalnız dövlət müstəqilliyinin bərpasından sonra mümkün oldu.

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi yeni Əsas Qanunun hazırlanmasını zəruri etdi. Lakin müstəqilliyin ilk illərində ölkədə yaşanan siyasi böhran, idarəçilik problemləri və qeyri-sabitlik dövlət quruculuğu prosesini ciddi şəkildə çətinləşdirirdi. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin siyasi fəaliyyəti nəticəsində ölkədə sabitliyin təmin olunması və dövlət idarəçiliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bununla da Azərbaycanın müasir Konstitusiyasının hazırlanması və qəbul edilməsi üçün zəruri siyasi və hüquqi şərait formalaşdı.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Konstitusiya komissiyası tərəfindən hazırlanan layihə 1995-ci il noyabrın 12-də referendum yolu ilə xalqın müzakirəsinə və təsdiqinə təqdim edildi. Referendumda seçicilərin 86 faizi iştirak etdi, onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinə səs verdi. Həmin il noyabrın 27-də qüvvəyə minən Əsas Qanun müstəqil Azərbaycanın dövlətçilik modelini, hakimiyyət sistemini və hüquqi inkişaf istiqamətlərini müəyyənləşdirdi.

Konstitusiyanın qəbul edilməsi ilə Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməli yaradıldı. Əsas Qanun hakimiyyət bölgüsünün prinsiplərini müəyyənləşdirərək qanunvericilik, icra və məhkəmə hakimiyyətinin fəaliyyət çərçivəsini təsbit etdi. İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunması dövlətin başlıca vəzifələrindən biri kimi müəyyən olundu.

Konstitusiyada müxtəlif dil, din, irq və etnik mənsubiyyətə malik insanların hüquq və azadlıqlarının təmin edilməsi, cəmiyyətin demokratik əsaslarla inkişafı və qanunların aliliyinin qorunması xüsusi əhəmiyyət daşıyır.

Əsas Qanunun qəbulundan sonra ölkədə hüquqi dövlət quruculuğunun inkişafı istiqamətində mühüm institusional islahatlar həyata keçirildi. 1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması konstitusiya nəzarətinin formalaşması, hüquqi təminatların gücləndirilməsi və Konstitusiyanın aliliyinin qorunması baxımından əhəmiyyətli hadisə oldu.

Sonrakı illərdə keçirilən referendumlar nəticəsində Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edildi. 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən referendumlar dövlət idarəçiliyinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi, hüquqi mexanizmlərin müasir tələblərə uyğunlaşdırılması məqsədi daşıdı.

Azərbaycan Konstitusiyası dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik cəmiyyət qurmaq, hüquqi dövlət prinsiplərini təmin etmək və iqtisadi inkişafı dəstəkləmək kimi strateji məqsədləri müəyyənləşdirir. Bu baxımdan Əsas Qanun yalnız dövlət idarəçiliyinin hüquqi çərçivəsini müəyyən edən sənəd deyil, həm də Azərbaycanın gələcək inkişafının istiqamətlərini müəyyənləşdirən fundamental dövlətçilik aktıdır.

2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bununla da Konstitusiyanın hüquqi qüvvəsi ölkəmizin bütün ərazilərində təmin olundu.

2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıdı. Konstitusiyanın qəbul edilməsinin 30-cu ildönümü və Vətən müharibəsində əldə edilən Qələbənin beşinci ildönümü ilə əlaqədar bu təşəbbüs dövlətçilik ənənələrinin, hüquqi prinsiplərin və milli suverenliyin daha geniş təbliğinə xidmət etdi. İl ərzində həyata keçirilən tədbirlər Konstitusiyanın cəmiyyət həyatındakı rolunun, hüquqi dövlət quruculuğunun və milli inkişafın əsaslarının daha dərindən dərk edilməsinə yönəldildi. Azərbaycan Respublikasının Konstitusiyasının 30 illiyi münasibətilə yubiley medalının təsis edilməsi də Əsas Qanunun hazırlanmasına, təkmilləşdirilməsinə, hüquq sisteminin inkişafına və konstitusion prinsiplərin qorunmasına töhfə verən şəxslərin fəaliyyətinin qiymətləndirilməsi baxımından əhəmiyyətli addım oldu.

Bu gün Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin siyasi, hüquqi və ictimai həyatının əsasını təşkil edir. Onun müəyyən etdiyi prinsiplər dövlət idarəçiliyinin inkişafına, insan hüquqlarının qorunmasına, cəmiyyətin demokratikləşməsinə və milli suverenliyin möhkəmləndirilməsinə xidmət edir. Konstitusiyanın mahiyyətini dərindən anlamaq, onun müddəalarına hörmətlə yanaşmaq və hüquqi dövlət prinsiplərini gündəlik həyatımızda rəhbər tutmaq hər bir vətəndaşın məsuliyyətidir.

12 noyabr – Konstitusiya Günü Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan, müstəqilliyimizin hüquqi əsaslarını və xalqımızın demokratik inkişaf iradəsini təcəssüm etdirən əlamətdar gündür. Konstitusiyamızın aliliyinin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və milli suverenliyimizin əbədi təmin edilməsi Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri olaraq qalır.

Elmar Abbasov
Abşeron RİH başçısının Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Geri dön