Ana Sayfa > Siyasət > Tariximizin, Qürurumuzun və Zəfərimizin təcəssümü
Tariximizin, Qürurumuzun və Zəfərimizin təcəssümüBu gün, 10:03. Yazar: azer |
![]() Hər bir xalqın tarixində onun milli kimliyini, azadlıq iradəsini və dövlətçilik ənənələrini təcəssüm etdirən müqəddəs dəyərlər var. Dövlət bayrağı bu dəyərlərin ən uca rəmzidir. Azərbaycan xalqı üçün üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin, tarixi yaddaşımızın və qürurumuzun ifadəsidir. O, xalqımızın azadlıq mübarizəsini, dövlətçilik arzularını və gələcəyə inamını özündə yaşadır. Hər il noyabrın 9-da qeyd etdiyimiz Dövlət Bayrağı Günü isə bizi müstəqillik tariximizə nəzər salmağa, keçdiyimiz çətin və şərəfli yolu bir daha dəyərləndirməyə çağırır. Üçrəngli bayrağımızın tarixi Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. 1918-ci il noyabrın 9-da Cümhuriyyət hökumətinin Bakıda keçirilən iclasında üçrəngli bayrağın qəbul edilməsi haqqında qərar verildi. Bu hadisə milli dövlətçilik tariximizin ən əlamətdar səhifələrindən biri oldu. Cümhuriyyətin ömrü uzun çəkməsə də, onun yaratdığı dövlətçilik ənənələri və qəbul etdiyi bayraq xalqımızın yaddaşında yaşadı. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutu ilə üçrəngli bayrağımız dövlət atributu kimi istifadədən çıxarılsa da, onun təcəssüm etdirdiyi müstəqillik ideyası xalqımızın mənəviyyatından silinmədi. Bayrağımızın yenidən dövlətçilik tariximizə qayıdışında Ümummilli Lider Heydər Əliyevin 1990-cı ilin noyabrında Naxçıvanda atdığı tarixi addım müstəsna əhəmiyyət daşıyır. Onun rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda, muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması milli dövlətçilik iradəsinin nümayişi idi. Bu qərarlar Azərbaycanın müstəqilliyə doğru hərəkətində mühüm dönüş yaratdı. Naxçıvan Ali Məclisinin müraciətindən sonra 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanunu qəbul etdi. Həmin ilin oktyabrında qəbul edilmiş Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri bərpa olundu. Beləliklə, xalqımızın yaddaşında qorunan üçrəngli bayraq yenidən müstəqil Azərbaycanın səmasında dalğalanmağa başladı. Bu, milli tarixi varisliyin və müstəqillik ideallarının təntənəsi idi. Dövlət bayrağına ehtiram dövlətə, xalqın tarixinə və milli dəyərlərinə ehtiramın ifadəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsi hər bir vətəndaşın dövlət rəmzlərinə hörmət etməsini tələb edir. Dövlət bayrağından istifadə qaydalarını müəyyənləşdirən 2004-cü il 8 iyun tarixli qanun bu sahədə hüquqi çərçivəni müəyyən edir. Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli sərəncamı ilə noyabrın 9-nun Dövlət Bayrağı Günü elan edilməsi isə üçrəngli bayrağımıza ümumxalq ehtiramını daha da möhkəmləndirdi. Bayrağımızın tarixində ən qürurverici səhifələrdən biri Vətən müharibəsində qazandığımız tarixi Zəfərlə bağlıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Dövlət başçısının azad edilmiş ərazilərdə Azərbaycan bayrağını ucaltması tarixi anlara çevrildi. Bu mənzərə onilliklər boyu davam edən həsrətin sona çatmasını, tarixi ədalətin bərpasını və milli iradəmizin təntənəsini bütün dünyaya nümayiş etdirdi. Bu gün Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə, Zəngilanda və digər doğma yurdlarımızda dalğalanan üçrəngli bayrağımız suverenliyimizin, ərazi bütövlüyümüzün və milli qürurumuzun rəmzidir. Xüsusilə Zəngilan torpağında bayrağımızın ucalması hər bir zəngilanlı üçün tarixi ədalətin və Vətənə bağlılığın təcəssümüdür. Bu mənzərə doğma yurda qayıdışın, quruculuğun və gələcəyə inamın rəmzi kimi xüsusi məna daşıyır. Dövlət Bayrağı Günü yalnız əlamətdar təqvim tarixi deyil, hər bir vətəndaşı milli birlik, vətənpərvərlik və dövlətə sədaqət ruhunda düşünməyə çağıran mənəvi gündür. Bayrağımızın ucalığı xalqımızın birliyində, dövlətimizin qüdrətində, müstəqilliyimizin dönməzliyində və milli dəyərlərimizin qorunmasında təcəssüm olunur. Ona hörmət etmək, təmsil etdiyi dövlətçilik ideallarını yaşatmaq hər birimizin vətəndaşlıq borcudur. Bu gün Azərbaycanın üçrəngli bayrağı qalib, suveren dövlətimizin rəmzi kimi beynəlxalq aləmdə qürurla dalğalanır. Bir əsrdən artıq tarixə malik bu müqəddəs bayraq xalqımızın azadlıq arzusunu, sarsılmaz iradəsini və müstəqil yaşamaq əzmini özündə yaşadır. O, keçmişimizdən gələn, bu günümüzü birləşdirən və gələcəyimizə istiqamət verən milli sərvətimizdir. Bayrağımız daim uca, dövlətimiz qüdrətli, xalqımız bir və həmrəy, müstəqilliyimiz əbədi olsun! Natiq Quluzadə YAP Zəngilan rayon təşkilatının sədri Geri dön |