Ana Sayfa > Manşet / Siyasət > Səttar Möhbalıyev: "Zəfər tariximizin müəllifi olan Ali Baş Komandanın yenilməz iradəsi"

Səttar Möhbalıyev: "Zəfər tariximizin müəllifi olan Ali Baş Komandanın yenilməz iradəsi"


Bu gün, 13:58. Yazar: azer
Səttar Möhbalıyev: "Zəfər tariximizin müəllifi olan Ali Baş Komandanın yenilməz iradəsi"

8 Noyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən, milli yaddaşımıza əbədi həkk olunmuş ən möhtəşəm günlərdən biridir. Bu tarix xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin, milli iradəsinin, sarsılmaz birliyinin və dövlətçilik əzminin təntənəsidir. Zəfər Günü yalnız hərbi qələbənin qeyd edildiyi bayram deyil, həm də otuz il ərzində ürəyində Vətən həsrəti yaşadan milyonlarla insanın ümidlərinin gerçəkləşdiyi, tarixi ədalətin bərpa olunduğu müqəddəs gündür.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məslisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, bu əlamətdar gün münasibətilə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına Xankəndi şəhərində, Zəfər tağının önündə ünvanladığı təbrik nitqi öz məzmunu və siyasi-mənəvi mahiyyəti ilə xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının xalqımıza və Silahlı Qüvvələrimizə ünvanladığı təbrikdə 44 günlük Vətən müharibəsinin tarixi nəticələri, Qələbəni şərtləndirən amillər, milli həmrəyliyin gücü və Azərbaycanın gələcək inkişaf hədəfləri bütöv bir məntiqi ardıcıllıqla ifadə olunur. Cənab Prezident İlham Əliyev ilk növbədə Vətən müharibəsində canlarından keçərək şəhadət zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edir, onların ruhuna rəhmət diləyir. Bu, təsadüfi deyil. Çünki Azərbaycan Zəfərinin hər səhifəsində şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı dayanır. Onların hər biri xalqımızın yaddaşında əbədi yaşayacaq. Zəfərimizin sevincini yaşadığımız hər an şəhidlərimizin müqəddəs xatirəsi qarşısında mənəvi borcumuzu da xatırlayırıq. Dövlət başçısının nitqində xüsusi vurğulanan məqamlardan biri 44 günlük müharibənin hərbi və mənəvi mahiyyətidir. Azərbaycan Ordusu bu müddətdə 300-dən çox şəhər və kəndi döyüş meydanında azad edərək düşmənin müdafiə sistemini darmadağın etdi. Ermənistanın qurduğu çoxsaylı müdafiə xətləri, istehkamlar, minalanmış ərazilər və əlverişli mövqelər ordumuzun iradəsini qıra bilmədi. Çünki Azərbaycan əsgərinin arxasında güclü dövlət, bütöv xalq və haqqın tərəfində olan tarixi həqiqət dayanırdı. Əlbəttə, bu Qələbə təsadüfən qazanılmamışdı. Uzun illər ərzində həyata keçirilən ordu quruculuğu, Silahlı Qüvvələrin müasir silah və texnika ilə təchiz edilməsi, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi, müntəzəm təlimlər və döyüş qabiliyyətinin artırılması mühüm rol oynadı. Cənab Prezidentin də qeyd etdiyi kimi, qələbəyə aparan əsas yol xalqımızın və əsgərlərimizin ürəyindən keçirdi. Bu yol ləyaqət, vətənpərvərlik və milli ruh yolu idi. Azərbaycan xalqı heç vaxt torpaqlarının işğalı ilə barışmadı. İşğal illərində ölkəmizə qarşı müxtəlif təzyiqlər, siyasi təxribatlar, qarayaxma kampaniyaları aparılsa da, xalqımız öz haqq mövqeyindən geri çəkilmədi. Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, beynəlxalq tribunadan səsləndirdiyi prinsipial bəyanatlar və Azərbaycan cəmiyyətinin dövlət başçısının ətrafında sıx birləşməsi Qələbənin siyasi əsaslarını möhkəmləndirdi. Xalqın Ali Baş Komandana etimadı, Ali Baş Komandanın isə xalqına arxalanması müharibənin ən böyük mənəvi gücünə çevrildi.
Millət vəkili onu da bildirib ki, Şuşanın 8 noyabr 2020-ci ildə azad edilməsi bu mübarizənin həlledici mərhələsi oldu. Sıldırım qayaları, mürəkkəb relyefi və strateji əhəmiyyəti ilə seçilən Şuşanın qəhrəmanlıqla azad edilməsi Ermənistanın məğlubiyyətini qaçılmaz etdi. Ardınca imzalanan kapitulyasiya sənədi ilə döyüş meydanında hələ azad edilməmiş ərazilərimizin də Azərbaycana qaytarılması təmin olundu. Beləliklə, Azərbaycan həm hərbi gücünü, həm də beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini bütün dünyaya nümayiş etdirdi. Cənab Prezidentin təbrikində 20 sentyabr 2023-cü il hadisələrinin də xüsusi yer tutması diqqətəlayiqdir. Həmin gün dövlət suverenliyimizin tam bərpası istiqamətində həyata keçirilən əməliyyat nəticəsində Azərbaycanın bütün ərazisində konstitusiya quruluşunun bərpası təmin edildi. Beləliklə, cənab Prezidentin vaxtilə səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” bəyanatının tarixi məzmunu real nəticəsini tapdı. Bu gün Xankəndidən səslənən təbrik nitqi, əslində, Azərbaycanın keçdiyi yolun canlı mənzərəsidir. Vaxtilə işğalçılıq siyasətinin mərkəzlərindən biri olmuş şəhərdə indi Azərbaycan Bayrağı dalğalanır, Zəfər tağı ucalır, Zəfər Muzeyi yaradılır. Bu mənzərə tarix qarşısında qazanılmış qələbənin ən aydın ifadəsidir.

Cənab Prezident İlham Əliyevin nitqində bir daha vurğulanan xalq-ordu-dövlət birliyi Azərbaycanın ən böyük güc mənbəyidir. Bu birlik sayəsində xalqımız otuzillik işğala son qoydu, milli ləyaqətini və ərazi bütövlüyünü bərpa etdi. Bu gün isə qarşımızda duran əsas vəzifə əldə etdiyimiz Zəfəri qorumaq, dövlətimizin gücünü daha da artırmaq və gələcək nəsillərə qüdrətli Azərbaycan miras qoymaqdır. 8 Noyabrın mənası da məhz budur: Azərbaycan xalqı öz taleyinin sahibi olduğunu sübut etdi. Bu Zəfər bizim ortaq tariximiz, milli qürurumuz və gələcəyə inamımızdır. O tarix ki, onun müəllifi xalqımız, qəhrəmanları şəhidlərimiz və qazilərimiz, siyasi iradəsinin təcəssümü isə Müzəffər Ali Baş Komandan İlham Əliyevdir-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.
Geri dön