Ana Sayfa > Gündəm / Siyasət > Şuşada tarixi görüşdən sonra mühüm xəbər – "İlham Əliyev Türkiyəyə gedir!"

Şuşada tarixi görüşdən sonra mühüm xəbər – "İlham Əliyev Türkiyəyə gedir!"


Bu gün, 21:05. Yazar: vasif
Şuşada tarixi görüşdən sonra mühüm xəbər – "İlham Əliyev Türkiyəyə gedir!"


Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 İqlim Sammitində iştirak edəcək.

aia.az xəbər verir ki, bu barədə Türkiyənin TRT Haber telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Azərbaycan dövlət başçısı noyabrın 11-də Antalyada keçiriləcək COP31 Liderlər Sammitinə qatılacaq.

Diqqət çəkən məqam odur ki, bu xəbər məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Şuşaya səfərindən və Prezident İlham Əliyevlə keçirdiyi görüşdən sonra yayılıb.

Xatırladaq ki, noyabrın 8-də Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış tarixi Qələbənin altıncı ildönümünü qeyd edir. Bu münasibətlə Şuşaya səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

Şuşada keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətləri, strateji müttəfiqliyin möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər müzakirə olunub.

Dövlət başçıları birgə mətbuat konfransında iki ölkənin sarsılmaz birliyini xüsusi vurğulayıblar. İlham Əliyev Azərbaycan və Türkiyə arasında qardaşlığın əbədi olduğunu bildirib. Ərdoğan isə Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını bəyan edib.

Məhz bu tarixi görüşün ardınca TRT Haber-in İlham Əliyevin Antalyaya səfəri barədə məlumat yayması iki ölkə arasında yüksək səviyyəli siyasi təmasların davam edəcəyini göstərən mühüm məqamdır.

Məlumat üçün bildirək ki, COP31 Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasıdır. Antalya sammitində dünya liderlərinin iqlim dəyişikliyi, istixana qazı emissiyalarının azaldılması, yaşıl enerji keçidi və beynəlxalq iqlim maliyyələşdirilməsi məsələlərini müzakirə etməsi nəzərdə tutulur.
Geri dön