Ana Sayfa > Manşet / Siyasət / Özəl > Eltun Süleymanov:"Zəfərin işığında yüksələn qüdrətli Azərbaycan"

Eltun Süleymanov:"Zəfərin işığında yüksələn qüdrətli Azərbaycan"


Dünən, 16:37. Yazar: azer
Eltun Süleymanov:"Zəfərin işığında yüksələn qüdrətli Azərbaycan"

Tarix elə hadisələr yaradır ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, bütöv bir xalqın gələcəyini müəyyənləşdirir. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə məhz belə hadisələrdəndir. Bu Zəfər təkcə torpaqlarımızın işğaldan azad edilməsi deyil, milli ləyaqətimizin, dövlətçilik iradəmizin, tarixi yaddaşımızın və gələcəyə inamımızın təntənəsi oldu. Bu gün 8 Noyabrı böyük qürurla qeyd edən xalqımız həm keçmişin ağrılarını, həm də qazanılmış Qələbənin misilsiz sevincini eyni anda yaşayır.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, cənab Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndi şəhərində, Zəfər tağının önündən Azərbaycan xalqına ünvanladığı təbrik bu baxımdan xüsusi rəmzi məna daşıyır. Çünki dövlət başçısının təbrik etdiyi xalq artıq öz doğma torpaqlarına qayıdan, azad Qarabağda yeni həyat quran, illərlə düşmənin işğal altında saxladığı ərazilərdə qurub-yaradan qalib xalqdır. Dövlət başçısının nitqində diqqət çəkən əsas məqamlardan biri Zəfərin yalnız hərbi güclə deyil, həm də milli-mənəvi dəyərlərimizə bağlılıqla qazanılmasıdır. Cənab Prezident xüsusi olaraq bildirir ki, Azərbaycan xalqını irəliyə aparan milli ruh, ləyaqət və mənəvi bütövlük olmuşdur. Məhz bu keyfiyyətlər xalqımızın ən çətin sınaqlardan üzüağ çıxmasına imkan verdi. Otuz il ərzində doğma yurdlarından didərgin düşmüş insanlar torpaqlarına qayıdacaqları günə inamlarını itirmədilər. Bu inam nəsillərdən-nəsillərə ötürüldü və nəhayət, tarixi Qələbə ilə gerçəkləşdi. Bu gün cənab Prezidentin Xankəndidəki Zəfər tağının önündən xalqa müraciət etməsi də dərin rəmzi məna daşıyır. Bir vaxtlar işğalın və separatizmin mərkəzi olan şəhər indi Azərbaycanın suverenliyinin, gücünün və quruculuq əzminin ifadəsinə çevrilib. Dövlət başçısının diqqətə çatdırdığı kimi, Bakıdan sonra Xankəndidə də Zəfər tağının ucaldılması bu böyük tarixi hadisənin əbədiləşdirilməsinə xidmət edir. Xüsusilə Zəfər Muzeyinin yaradılması ilə bağlı fikirlər gələcək nəsillərin milli yaddaşının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Vaxtilə işğalçılıq siyasətinin mərkəzi olmuş binada indi Azərbaycanın qəhrəmanlıq tarixini yaşadacaq muzeyin yaradılması tarixin ədalətli hökmüdür. Orada hər bir şəhidimizin adının yaşadılması, Vətən müharibəsinin 44 günlük salnaməsinin gələcək nəsillərə çatdırılması Zəfərin mənəvi dəyərini daha da artıracaq. Cənab Prezidentin nitqində xüsusi yer tutan digər mühüm istiqamət işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləridir. Ermənistan işğal dövründə şəhər və kəndlərimizi dağıtmış, tarixi abidələrimizi, məscidlərimizi təhqir etmiş, təbii sərvətlərimizi talamışdır. Azərbaycan isə bu torpaqlara qayıdaraq onları yenidən qurur, müasir yaşayış məkanlarına çevirir. Dövlət başçısının qeyd etdiyi kimi, artıq 97 min insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır və çalışır. Bu rəqəm Böyük Qayıdışın real nəticələrinin, dövlətimizin məqsədyönlü siyasətinin və xalqımızın quruculuq iradəsinin göstəricisidir. Əslində, Böyük Qayıdış proqramı yalnız insanların doğma yurdlarına köçürülməsi deyil. Bu, dağıdılmış həyatların bərpası, tarixi yaddaşın dirçəldilməsi, milli-mənəvi irsin qorunması və Qarabağın iqtisadi, sosial və mədəni həyatının yenidən formalaşdırılması deməkdir. Bu gün Qarabağda salınan yollar, tikilən yaşayış evləri, məktəblər, xəstəxanalar, yaradılan istehsal və xidmət infrastrukturu Azərbaycanın qurucu xalq olduğunu təsdiqləyir.

Dövlət başçısının təbrikində azərbaycançılıq məfkurəsinə xüsusi yer ayırması da təsadüfi deyil. Cənab Prezident bu məfkurəni bütün vətəndaşlarımızı birləşdirən, ölkəmizin uğurlarının təməlində dayanan milli ideya kimi səciyyələndirir. Azərbaycanda müxtəlif etnik qrupların və dini konfessiyaların nümayəndələrinin vahid ailə kimi yaşaması, ictimai-siyasi sabitliyin qorunması, milli həmrəyliyin möhkəmlənməsi dövlətimizin ən mühüm mənəvi sərvətlərindəndir. Zəfərimiz də məhz bu birlik və həmrəyliyin gücünü bütün dünyaya göstərdi. Bu gün Azərbaycan siyasi, iqtisadi və hərbi baxımdan güclü, müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən dövlətdir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra ölkəmizə zərər vurmaq heç kimin ağlına belə gəlməməlidir. Bu fikir həm əldə edilmiş nailiyyətlərin qorunmasına, həm də dövlətimizin gələcək qüdrətinin artırılmasına yönəlmiş strateji baxışın ifadəsidir. 8 Noyabrın hər bir azərbaycanlı üçün müqəddəs mənəvi dəyəri var. Bu gün biz şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, qazilərimizin fədakarlığını ehtiramla yad edir, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbəmizlə fəxr edirik.

Zəfər bizim üçün artıq tarixə çevrilmiş bir hadisə deyil, bu günümüzün reallığı, sabahımızın təminatı və gələcək nəsillərə ötürəcəyimiz ən qiymətli milli mirasdır. Azad Qarabağda yüksələn hər bir bina, açılan hər bir məktəb, doğma yurduna qayıdan hər bir ailə bu mirasın canlı ifadəsidir. Azərbaycan xalqı Zəfərlə öz tarixinin yeni mərhələsini yazdı. İndi bu tarixi yaşatmaq, dövlətimizi daha da gücləndirmək və milli birliyimizi qorumaq hər birimizin vətəndaşlıq borcudur. Çünki Zəfərimizin əbədi olması, ilk növbədə, qüdrətli və bütöv Azərbaycanın gələcəyinin təmin edilməsidir-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.
Geri dön