Ana Sayfa > Karusel / Gündəm > Tariximizi şərəfləndirən, xalqımızı qürurlandıran Zəfər salnaməsi
Tariximizi şərəfləndirən, xalqımızı qürurlandıran Zəfər salnaməsiBu gün, 11:14. Yazar: azer |
![]() Azərbaycan xalqı tarixinin ən şanlı səhifələrindən olan Vətən müharibəsindəki Qələbənin altıncı ildönümünü böyük qürur və fəxarət hissi ilə qarşılayır. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən, ölkəmizin qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, torpaqlarımızın işğaldan azad olunmasını dünyaya bəyan edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur. Bunu Milli Məclisin deputatı Xanlar Fətiyev AZƏRTAC-a açıqlamasında deyib. O qeyd edib ki, torpaqlarımızın Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında qalması müasir beynəlxalq münasibətlər sisteminin ən böyük haqsızlıqlarından biri idi. Qarabağ Azərbaycan ərazisi kimi tanınsa da, beynəlxalq təşkilatlar, o cümlədən artıq keçmişdə qalmış Qarabağ probleminin həlli ilə bağlı birbaşa məşğul olan ATƏT-in Minsk qrupu heç vaxt ədalətli və prinsipial mövqe ortaya qoymadılar. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi ilk gündən kağız üzərində qaldı və icra olunmadı. Artıq ləğv edilmiş Minsk qrupu isə fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. İşğalçı və işğala məruz qalan gün kimi aydın olsa da, beynəlxalq ictimaiyyət ədalətli mövqe nümayiş etdirməkdən uzaq oldu. Lakin Azərbaycan dövləti və xalqı torpaqlarımızın işğal altında qalması ilə heç vaxt razılaşmadı. İşğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası və bütün sərhədlərimizin boyunca bayrağımızın dalğalanması hər zaman Azərbaycanda dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi oldu. Bu məsələdə xalqımızın Ulu Öndəri Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji xətt Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildi. “Bu gün tarixə ekskurs edəndə görürük ki, Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad olunması istiqamətində olduqca mükəmməl, uzaqgörən və çoxşaxəli siyasət həyata keçirib. Belə ki, sülh danışıqlarının nəticəsiz qalacağı təqdirdə torpaqlarımızın döyüş yolu ilə azad olunacağını hər zaman açıq şəkildə bəyan edən Prezident İlham Əliyev ordumuzun döyüş qabiliyyətinin ən müasir standartlara uyğun şəkildə gücləndirilməsini diqqət mərkəzində saxladı. Bu məqsədlə hərbi sənayesi inkişaf etmiş bir sıra dövlətlərlə uğurlu əməkdaşlıq quruldu. Azərbaycanın müasir müdafiə sənayesinin formalaşdırılması ilə ordumuzun silah-sursatla təchizatında xarici asılılıq əhəmiyyətli dərəcədə azaldıldı. Bunlarla yanaşı, Prezident İlham Əliyev Ermənistanın “məzlum” obrazının və işğalçı siyasətinin beynəlxalq miqyasda ifşa olunması üçün effektiv xarici siyasət, hücum diplomatiyası həyata keçirdi. Ermənistan bütün siyasi-diplomatik platformalarda küncə sıxışdırıldı, erməni yalanlarının ayaq tutub yeriməsinin qarşısı alındı. Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq mövqelərinin möhkəmlənməsi, regionda və dünyada söz sahibinə çevrilməsi kimi siyasi-iqtisadi faktorlar da nəticə etibarilə torpaqlarımızın işğaldan azad olunmasına xidmət edib. Azərbaycan sülh danışıqlarına sadiq olsa da, artıq 2020-ci ilin ortalarına doğru bu proses dayanmışdı. Ermənistanın 2020-ci ilin iyul ayında Tovuz istiqamətində törətdiyi təxribat, avqust ayında ərazilərimizə diversiya qrupu göndərməsi cəbhə xəttində genişmiqyaslı hərbi toqquşmaların baş verməsini qaçılmaz edirdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra başlanan Vətən müharibəsi Prezident İlham Əliyevin bu sözlərinin təsdiqi oldu. Ermənistan savaşın ilk günündən sözün bütün mənalarında peşman edildi. Müharibənin ilk dəqiqələrindən özünün tarixi missiyasını qətiyyətlə yerinə yetirən, düşmənin yaratdığı mürəkkəb müdafiə-istehkam qurğularını ilk həmlədə dəf edən Azərbaycan Ordusu cəmi bir neçə həftə ərzində 30 ilə yaxın işğal altında qalan ərazilərimizi azad etdi. Bir-birinin ardınca şəhər və rayonlarımızın, strateji yüksəkliklərin işğaldan azad olunması Azərbaycan Ordusunun gücü barədə söylənən fikirlərin döyüş meydanında təsdiqi oldu, “dəmir yumruğ”un təntənəsinə çevrildi. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi isə Vətən müharibəsi tarixinin həlledici hadisəsi oldu. Məhz bundan sonra məğlub olduğunu anlayan Ermənistan Azərbaycanın Zəfərinin siyasi-hüquqi təsdiqi olan Bəyanatı imzaladı”, - deyə X.Fətiyev xatırladıb. O qeyd edib ki, Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci ilin noyabr-dekabr aylarında Ağdam, Kəlbəcər və Laçın rayonları da işğaldan azad edildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. 2023-cü il sentyabrın 19-20 tarixlərində Qarabağda erməni separatçılarına qarşı keçirilən antiterror əməliyyatlarında isə ordumuz tariximizə növbəti zəfər salnaməsi yazdı. Antiterror əməliyyatlarının nəticəsi olaraq ərazilərimizdə erməni separatçılığına son qoyuldu, Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu. Azad edilmiş torpaqlarda bu gün aparılan genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış proqramının həyata keçirilməsi məhz Zəfərin nəticələridir. Geri dön |