Ana Sayfa > Gündəm > Adəm İsmayıl Bakuvi:"Azərbaycan Bayrağı dövlətçiliyimizin və milli birliyimizin simvoludur"
Adəm İsmayıl Bakuvi:"Azərbaycan Bayrağı dövlətçiliyimizin və milli birliyimizin simvoludur"Bu gün, 09:32. Yazar: azer |
![]() Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın azadlıq uğrunda mübarizəsini, dövlətçilik ənənələrini və müstəqil yaşamaq iradəsini özündə əks etdirən ən müqəddəs milli rəmzlərimizdən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü bu müqəddəs atributa olan ehtiramımızı ifadə etməklə yanaşı, milli tariximizə, müstəqilliyimizin qazanılması və qorunub saxlanılması naminə aparılan mübarizəyə bir daha nəzər salmaq baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi bildirib. Partiya sədri qeyd edib ki,üçrəngli bayrağımızın yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik irsi ilə bilavasitə əlaqəlidir. Belə ki, 1918-ci il noyabrın 9-da qəbul edilmiş üçrəngli bayraq xalqımızın istiqlal düşüncəsinin dövlət rəmzi kimi təcəssümünə çevrildi. Bayrağımızın mavi, qırmızı və yaşıl rəngləri türkçülük, müasirlik və islamçılıq ideyalarını ifadə edərək milli kimliyimizin, mənəvi dəyərlərimizin və dünyaya açıq baxışlarımızın vəhdətini nümayiş etdirir. Görkəmli fikir adamı Əli bəy Hüseynzadənin irəli sürdüyü bu ideoloji prinsiplər uzun illər ərzində öz aktuallığını qoruyaraq bu gün də milli məfkurəmizin əsas istiqamətlərindən biri olaraq qalır. Dövlət Bayrağı Gününün təsis olunması isə milli rəmzimizə göstərilən hörmətin dövlət səviyyəsində ifadəsidir. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən bu əlamətdar günün hər il qeyd edilməsi bayrağımızın ictimai və siyasi həyatımızdakı əhəmiyyətini daha da artırıb. Çünki bayrağa ehtiram göstərmək, eyni zamanda, Vətənə, dövlətə və xalqımızın tarixi keçmişinə bağlılığın nümayişidir. Üçrəngli bayrağımızın müstəqil Azərbaycan dövlətinin rəsmi atributu kimi yenidən bərpa olunması Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri və təşəbbüsü ilə sıx bağlıdır. Sovet hakimiyyətinin hələ davam etdiyi mürəkkəb siyasi şəraitdə Naxçıvanda milli bayrağımızın qaldırılması və dövlət rəmzləri ilə əlaqədar mühüm qərarların qəbul edilməsi Azərbaycanın müstəqilliyə doğru irəliləməsində əlamətdar hadisələrdən biri idi. Ulu Öndərin rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi. Sonrakı mərhələdə isə onun bütün Azərbaycan Respublikasının dövlət rəmzi olması istiqamətində mühüm siyasi addımlar atıldı. Bu təşəbbüs təkcə tarixi irsin yaşadılmasına deyil, həm də gələcək müstəqil dövlətin ideoloji təməllərinin formalaşdırılmasına və möhkəmləndirilməsinə xidmət edirdi. Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra üçrəngli bayrağımız Konstitusiyada təsbit olunaraq əsas dövlət atributlarından birinə çevrildi və onun tətbiqi müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirildi. Bayrağın quruluşu, rəngləri, üzərindəki aypara və səkkizguşəli ulduz kimi elementləri dövlətçiliyimizin hüquqi əsaslarında öz yerini tutdu. Bununla belə, bayrağın daşıdığı məna yalnız hüquqi statusu ilə məhdudlaşmır. O, cəmiyyətin bütün üzvlərində ortaq milli mənsubiyyət duyğusunu gücləndirir, müxtəlif nəsilləri və sosial təbəqələri vahid dövlətçilik ideyası ətrafında bir araya gətirir. Heydər Əliyevin dövlət rəmzlərinə hörmət və ehtiramla yanaşılması barədə səsləndirdiyi fikirlər də bu baxımdan mühüm tərbiyəvi əhəmiyyətə malikdir. Bayrağa sevgi və hörmət ilk növbədə ailədə, təhsil müəssisələrində və hər bir vətəndaşın gündəlik davranışında formalaşmalıdır. Dövlət rəmzlərinə ehtiram həm hər bir vətəndaşın konstitusion öhdəliyi, həm də milli dəyərlərə və dövlətə bağlılığının mühüm göstəricisidir. Daha sonra müsahibimiz bildirib ki, müasir dövrdə Azərbaycan Bayrağı dövlət qurumlarının üzərində dalğalanan rəsmi atribut olmaqla yanaşı, xalqımızın tarixi nailiyyətlərini, milli həmrəyliyini və gələcəyə olan inamını təcəssüm etdirən mühüm rəmz kimi ucalır. Bakıda Dövlət Bayrağı Meydanının salınması və burada Dövlət Bayrağı Muzeyinin yaradılması milli dövlətçilik tariximizin öyrənilməsi və təbliği baxımından əhəmiyyətli layihələrdəndir. Muzeydə müxtəlif tarixi mərhələləri əhatə edən bayraqların, eləcə də dövlətçilik irsimizi əks etdirən eksponatların nümayiş etdirilməsi keçmişimizlə müasir dövr arasında mənəvi bağlılıq yaradır. Xüsusilə Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbəyə həsr olunmuş ekspozisiyalar üçrəngli bayrağımızın müasir Azərbaycan tarixindəki rolunu və mənəvi dəyərini daha aydın şəkildə nümayiş etdirir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə etdiyi səfərlər zamanı Dövlət Bayrağımızın həmin torpaqlarda ucaldılması dövlət suverenliyimizin bərpasının və tarixi ədalətin təmin edilməsinin rəmzinə çevrilib. Şuşada, Xankəndidə və digər azad edilmiş doğma yurdlarımızda dalğalanan bayrağımız artıq yalnız xalqımızın arzusunu və mübarizə əzmini deyil, həm də milli iradəmizin və dövlətimizin qüdrətinin real təcəssümünü ifadə edir. Ulu Öndər Heydər Əliyevin üçrəngli bayrağımızın daim yüksəklərdə dalğalanacağına dair əminliyi bu gün müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlərdə öz təsdiqini tapır. Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət suverenliyimizin daha da gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və Böyük Qayıdış proqramının həyata keçirilməsi bayrağımızın daşıdığı tarixi və mənəvi məzmunu daha da zənginləşdirir. Üçrəngli bayrağımızın əzəməti onun fiziki ölçüləri ilə deyil, onu ucaldan xalqın birliyi, təmsil etdiyi dövlətin gücü və qarşıya qoyduğu gələcək hədəflərlə müəyyən edilir. Bu müqəddəs rəmzi qorumaq, daim uca tutmaq və ona olan sevgini gələcək nəsillərə aşılamaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur-deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb. Geri dön |