Ana Sayfa > Manşet / Siyasət > Tamam Cəfərova: “Bu Zəfər Azərbaycan xalqının öz taleyinə sahib çıxmaq qüdrətinin bütün dünyaya nümayişi idi”

Tamam Cəfərova: “Bu Zəfər Azərbaycan xalqının öz taleyinə sahib çıxmaq qüdrətinin bütün dünyaya nümayişi idi”


Bu gün, 09:20. Yazar: azer
Tamam Cəfərova: “Bu Zəfər Azərbaycan xalqının öz taleyinə sahib çıxmaq qüdrətinin bütün dünyaya nümayişi idi”

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, xalqımızın çoxəsrlik ədalət və azadlıq arzusunun təntənəsinə çevrilən zəfər salnaməsindən altı il ötür. Altı il öncə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, milli tariximizin ən möhtəşəm səhifələrindən birini yazdı. Bu Zəfər yalnız döyüş meydanında qazanılmış hərbi qələbə deyildi. Bu, milli iradənin, dövlətçilik əzminin, xalq-ordu birliyinin və tarixi ədalətin təntənəsi, Azərbaycan xalqının öz taleyinə sahib çıxmaq qüdrətinin bütün dünyaya nümayişi idi.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Zəfərimizin altıncı ildönümünü qeyd etdiyimiz bu günlərdə geriyə baxarkən bir həqiqəti xüsusi qürurla vurğulayırıq: Azərbaycan bu tarixi qələbəni yalnız qazanmadı, həm də onun yaratdığı yeni reallıqları dönməz siyasi və diplomatik uğurlara çevirməyi bacardı. Prezident İlham Əliyev illər ərzində nümayiş etdirdiyi qətiyyətli siyasi iradə, strateji uzaqgörənlik və prinsipial liderlik keyfiyyətləri ilə sübut etdi ki, Onun sözü ilə əməli arasında heç bir fərq yoxdur. Qarşıya qoyduğu hədəflərə nail olmaq əzmi, verdiyi vədləri gerçəyə çevirmək bacarığı Onu Azərbaycan xalqının yaddaşında Zəfərimizin müəllifi və müasir dövlətçilik tariximizin ən qüdrətli liderlərindən biri kimi möhkəmləndirdi. Bu gün Zəfər yalnız keçmişin qürurverici hadisəsi deyil, Azərbaycanın gələcəyini müəyyənləşdirən strateji güc və siyasi reallıqdır. Altı il əvvəl döyüş meydanında qazanılan tarixi qələbə bu gün diplomatiya, dövlət quruculuğu, bərpa və yenidənqurma, eləcə də davamlı sülh istiqamətində ardıcıl siyasətlə davam etdirilir. Azərbaycan artıq regionda yeni reallıqların müəllifi, öz milli maraqlarını qətiyyətlə müdafiə edən və gələcəyini müstəqil şəkildə müəyyənləşdirən qalib dövlətdir. “Qarabağ Azərbaycandır!” həqiqəti tarixin hökmünə, Zəfər isə milli kimliyimizin, birliyimizin və dövlətçilik gücümüzün əbədi rəmzinə çevrilib.

Zəfərimizin təməlində dayanan ən mühüm amillərdən biri Azərbaycan xalqının nümayiş etdirdiyi misilsiz milli birlik və həmrəylik idi. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, milli birlik yalnız tarixi sınaq anlarında deyil, daim qorunmalı və möhkəmləndirilməlidir. Çünki Azərbaycanın beynəlxalq nüfuzu, geosiyasi əhəmiyyəti və dünya miqyasında oynadığı rol getdikcə artır. Bu yüksəliş isə güclü dövlətçilik ənənələri ilə yanaşı, cəmiyyətin vahid milli məqsəd ətrafında birləşməsini, milli maraqların hər şeydən üstün tutulmasını tələb edir.
44 günlük Vətən müharibəsi Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin, müxtəlif siyasi baxışlara, etnik və dini mənsubiyyətlərə malik vətəndaşlarımızın vahid amal uğrunda birləşdiyini nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız erməni lobbisinin və anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşı apardığı qərəzli kampaniyalara qarşı fəal mübarizə apardılar. Ön və arxa cəbhədə formalaşan bu sarsılmaz həmrəylik Azərbaycan xalqının milli iradəsinin təcəssümünə çevrildi. Məhz bu birlik Prezident İlham Əliyevin siyasi rəhbərliyi, Ordumuzun qəhrəmanlığı və xalqımızın qətiyyəti ilə birləşərək “Dəmir yumruq” rəmzində ifadəsini tapdı. “Dəmir yumruq” sadəcə hərbi gücün deyil, milli birliyin, sarsılmaz iradənin və dövlətimizin qüdrətinin simvoludur.

Milli həmrəyliyin mühüm göstəricilərindən biri də Vətən müharibəsi ərəfəsində, müharibə zamanı və sonrakı dövrdə ölkənin siyasi qüvvələrinin nümayiş etdirdiyi mövqe idi. Müxtəlif siyasi partiyaların rəhbərlərinin Ali Baş Komandanın qətiyyətli siyasətinə dəstək ifadə edən birgə bəyanat və müraciətləri milli məsələlərin siyasi rəqabət predmetinə çevrilmədiyini göstərən mühüm nümunə idi. Ermənistanın hərbi təxribatlarına, mülki əhalimizin hədəfə alınmasına, Gəncənin ballistik raketlərlə bombalanmasına, Şuşanın azad edilməsinə, eləcə də Azərbaycanın suveren hüquqlarına qarşı yönəlmiş beynəlxalq təzyiqlərə dair qəbul edilən birgə sənədlər milli maraqlar ətrafında siyasi həmrəyliyin real təzahürü oldu. Şuşa Bəyannaməsinin imzalanması ilə bağlı siyasi partiyaların ortaq mövqeyi də bu həmrəyliyin strateji əhəmiyyətini bir daha təsdiqlədi.
Təəssüf ki, bu tarixi məqamda ölkənin bütün siyasi qüvvələri eyni məsuliyyət və dövlətçilik mövqeyi nümayiş etdirmədi. Azərbaycanın tarixi Qələbəsi münasibətilə siyasi partiyaların birgə bəyanatında AXCP, Müsavat Partiyası və “Milli Şura”nın iştirak etməməsi xüsusi diqqət çəkdi. Halbuki söhbət hər hansı siyasi qüvvənin marağından deyil, Azərbaycanın taleyindən, ərazi bütövlüyündən və milli ləyaqətindən gedirdi. Belə bir tarixi məqamda milli maraqlardan kənarda qalmaq siyasi fərqliliklə izah edilə bilməz. Çünki demokratik cəmiyyətdə hakimiyyətə müxalif olmaq legitim siyasi mövqedir, lakin dövlətin suverenliyinə, ərazi bütövlüyünə və milli maraqlarına münasibətdə ortaq mövqedən yayınmaq tamamilə fərqli məsuliyyət məsələsidir. Vətən müharibəsi bir daha göstərdi ki, milli məsələlərdə siyasi mənsubiyyətdən daha üstün olan dəyər Vətənə sədaqətdir.

Digər tərəfdən, Azərbaycan xalqının birliyi yalnız siyasi həmrəyliklə məhdudlaşmır. Ölkəmizdə yaşayan bütün xalqlar vahid Azərbaycan ailəsinin bərabərhüquqlu üzvləridir. Vətən müharibəsi bu birliyin nə qədər möhkəm olduğunu bütün dünyaya nümayiş etdirdi. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımız Azərbaycanın ərazi bütövlüyünün bərpasını özünün milli və mənəvi borcu hesab etdi. Müxtəlif xalqların nümayəndələri Qarabağ uğrunda canlarından keçərək bu torpağın hər bir Azərbaycan vətəndaşı üçün eyni dərəcədə əziz olduğunu sübut etdilər. Bu, ölkəmizin ən böyük sərvətlərindən biri, dövlətimizin gücünü və cəmiyyətimizin mənəvi bütövlüyünü müəyyənləşdirən nadir dəyərdir.
Azərbaycanın qazandığı tarixi Qələbənin ən mühüm nəticələrindən biri də regionda yeni siyasi reallıqların formalaşması və ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərbi müstəvidə əldə etdiyi üstünlüyü diplomatik müstəvidə də uğurla möhkəmləndirdi. Bu gün artıq regionun gələcək inkişafı, təhlükəsizlik arxitekturası və nəqliyyat-kommunikasiya imkanları Azərbaycanın yaratdığı yeni reallıqlar nəzərə alınmaqla müəyyənləşir.

Bu istiqamətdə 2025-ci il avqustun 7-8-də Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri və Vaşinqtonda keçirilən üçtərəfli Zirvə görüşü xüsusi tarixi əhəmiyyət daşıyır. Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüşün nəticəsində Birgə Bəyannamənin imzalanması ölkəmizin irəli sürdüyü sülh gündəliyinin beynəlxalq səviyyədə təsdiqi baxımından mühüm mərhələ oldu. Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsinin paraflanması isə uzun illər davam edən münaqişənin siyasi-hüquqi müstəvidə yekunlaşdırılması istiqamətində ciddi irəliləyiş idi. Lakin dayanıqlı sülhün təmin olunması yalnız sənədlərin imzalanması ilə məhdudlaşmır. Bunun üçün Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması, qarşılıqlı suverenliyə və ərazi bütövlüyünə hörmət prinsiplərinin hüquqi müstəvidə təsbit edilməsi vacibdir. Azərbaycan sülh prosesində prinsipial və ardıcıl mövqe nümayiş etdirərək münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında qurulmasını tələb edir.

Vaşinqton görüşünün digər mühüm nəticəsi regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası ilə bağlı əldə olunan razılaşmalar oldu. Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsini nəzərdə tutan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi regionun nəqliyyat xəritəsində yeni imkanlar açır. Bu layihə Azərbaycanın coğrafi bütövlüyünün təmin olunması, türk dünyası arasında əlaqələrin genişlənməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı və regionda iqtisadi əməkdaşlığın güclənməsi baxımından strateji əhəmiyyətə malikdir.

Bununla yanaşı, Azərbaycanın diplomatik qələbəsinin mühüm nəticələrindən biri də ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturların fəaliyyətinə son qoyulması oldu. Vaşinqtonda imzalanmış birgə müraciət əsasında başlanan proses 2025-ci il noyabrın 30-da Minsk Prosesi və əlaqəli strukturların bağlanması ilə yekunlaşdı. Beləliklə, uzun illər ərzində münaqişənin həlli ətrafında fəaliyyət göstərən, lakin nəticə etibarilə sülhün təmin olunmasına nail ola bilməyən vasitəçilik mexanizmi tarixə qovuşdu. Bu, Azərbaycanın prinsipial mövqeyinin və postmünaqişə reallıqlarının beynəlxalq səviyyədə qəbulunun növbəti təsdiqi idi.

Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərbi qələbəni siyasi və diplomatik uğurlarla tamamlayaraq regionda sülhün və əməkdaşlığın yeni gündəliyini formalaşdırır. Ölkəmiz artıq yalnız öz təhlükəsizliyini təmin edən deyil, həm də regionun gələcək inkişaf istiqamətlərinə təsir göstərən, beynəlxalq proseslərdə söz sahibi olan qüdrətli dövlətdir.

Prezident İlham Əliyevin Zəfərdən sonra müəyyən etdiyi əsas strateji hədəflərdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, tarixi yurd yerlərimizin dirçəldilməsi və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Dövlətimizin başçısının “Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq” fikirləri bu yeni mərhələnin mahiyyətini və qarşıya qoyulan məqsədləri aydın ifadə edir. Zəfərdən dərhal sonra Prezident İlham Əliyevin azad edilmiş ərazilərə ardıcıl səfərləri, burada həyata keçirilən layihələrin şəxsən nəzarətdə saxlanılması dövlətimizin quruculuq iradəsinin bariz göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılması Azərbaycanın öz tarixi torpaqlarına yalnız hərbi-siyasi müstəvidə deyil, həm də iqtisadi, sosial və mədəni baxımdan sahibliyini nümayiş etdirdi.

Bu gün Qarabağ və Şərqi Zəngəzur nəhəng quruculuq meydanına çevrilib. Azad edilmiş şəhər və kəndlərdə müasir infrastruktur yaradılır, avtomobil və dəmir yolları çəkilir, tunellər, körpülər, hava limanları inşa olunur. Yeni yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri tikilir, tarixi və dini abidələrimiz, məscidlərimiz bərpa edilir. Hər bir layihə, hər bir yeni tikili, hər bir abadlaşan yaşayış məntəqəsi Azərbaycan dövlətinin quruculuq gücünü və xalqımızın doğma torpaqlara bağlılığını nümayiş etdirir. İşğal və Zəfər muzeylərinin yaradılması isə xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyır. Bu muzeylər gələcək nəsillərə xalqımızın yaşadığı faciələri, torpaqlarımızın işğalının ağır nəticələrini, şəhidlərimizin qəhrəmanlığını və Azərbaycan Ordusunun tarixi Qələbəsini çatdıracaq. Onlar həm də tarixi yaddaşımızın qorunması, milli kimliyimizin möhkəmləndirilməsi baxımından mühüm mədəniyyət məkanları olacaq.

Böyük Qayıdış proqramı bu quruculuq siyasətinin ən mühüm və humanist istiqamətidir. Uzun illər doğma yurdlarından ayrı düşmüş vətəndaşlarımızın öz evlərinə, torpaqlarına qayıtması yalnız sosial və iqtisadi proses deyil, həm də tarixi ədalətin tam bərpasının mənəvi təntənəsidir. Bir zamanlar xarabalığa çevrilmiş şəhər və kəndlərimizdə yenidən həyatın canlanması, ailələrin doğma ocaqlarına qayıtması Zəfərin ən gözəl nəticələrindəndir. Əslində, Azərbaycanın son altı ildə keçdiyi yol hərbi qələbədən dövlət quruculuğuna, diplomatik uğurlardan iqtisadi dirçəlişə, milli həmrəylikdən regional sülh gündəliyinə uzanan bütöv bir inkişaf mərhələsidir. Bu mərhələnin hər bir uğurunda Prezident İlham Əliyevin qətiyyətli liderliyi, Azərbaycan xalqının birliyi və dövlətimizin artan gücü dayanır.

Bu gün Zəfərimizin altıncı ildönümünü qeyd edərkən əminliklə deyə bilərik ki, Azərbaycan xalqı öz tarixinin ən çətin sınaqlarından şərəflə çıxaraq gələcəyini qalib xalq və qüdrətli dövlət kimi qurur. Qarşımızda duran əsas vəzifə Zəfərin bizə qazandırdığı milli birliyi qorumaq, dövlətimizin gücünü daha da artırmaq və bu tarixi nailiyyətləri davamlı inkişafın möhkəm təməlinə çevirməkdir. Çünki Zəfər yalnız keçmişimiz deyil, həm də gələcək nəsillərə ötürəcəyimiz milli məsuliyyət, qürur və dövlətçilik irsidir. Millət vəkili Tamam Cəfərova belə deyib.
Geri dön