Ana Sayfa > Dünya > Moskva böyük sövdələşməyə hazırlaşır - Avropanın taleyi də masada

Moskva böyük sövdələşməyə hazırlaşır - Avropanın taleyi də masada


Bu gün, 22:16. Yazar: vasif
Moskva böyük sövdələşməyə hazırlaşır - Avropanın taleyi də masada


Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı danışıqlar daha geniş geosiyasi müzakirələrə çevrilə bilər. Moskvanın Əbu-Dabiyə göndərdiyi nümayəndə heyətinin tərkibi göstərir ki, Rusiya yalnız Ukrayna məsələsini deyil, Avropanın gələcək təhlükəsizlik sistemini də müzakirəyə çıxarmaq niyyətində ola bilər. Avropa paytaxtlarında isə bu perspektiv ciddi narahatlıq doğurur.

aia.az xəbər verir ki, bu barədə “Agentstvo” saytının araşdırmasında bildirilir.

Noyabrın 10–11-də Əbu-Dabidə keçiriləcək danışıqlarda Rusiya nümayəndə heyətinə Kremlin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

Heyətə xarici işlər nazirinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin, Rusiya hərbi kəşfiyyatının (QRU) rəhbəri İqor Kostyukov, həmçinin Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yuri Jiqar lovski daxil edilib.

Kreml niyə məhz Ryabkovu göndərir?

Danışıqlarda ən diqqətçəkən simalardan biri Sergey Ryabkovdur. O, Rusiya Xarici İşlər Nazirliyində ABŞ ilə münasibətlərə, silahlara nəzarətə və strateji təhlükəsizlik məsələlərinə cavabdehdir.

Ryabkov 2021-ci ilin dekabrında, Ukraynaya genişmiqyaslı müdaxilədən əvvəl Moskvanın ABŞ və NATO-ya təqdim etdiyi təhlükəsizlik tələblərinin əsas müdafiəçilərindən biri olub.

Həmin vaxt Rusiya NATO-nun daha da genişlənməməsini, Ukraynanın alyansa qəbul edilməməsini və NATO-nun Şərqi Avropadakı hərbi mövcudluğunun 1997-ci il səviyyəsinə qaytarılmasını tələb edirdi.

2022-ci ilin yanvarında Cenevrədə ABŞ ilə bu məsələlər üzrə danışıqlara məhz Ryabkov rəhbərlik etmişdi.

Maraqlıdır ki, o, 2025-ci ilin dekabrında verdiyi müsahibədə Rusiyanın müharibədən əvvəl irəli sürdüyü təhlükəsizlik təkliflərinin hələ də qüvvədə olduğunu bildirmişdi.

Onun Əbu-Dabi danışıqlarına daxil edilməsi Moskvanın əvvəlki strateji tələblərini yenidən gündəmə gətirmək istədiyinə işarə kimi qiymətləndirilir.

Öldürülən generalın həmkarı da danışıqlarda iştirak edəcək

Nümayəndə heyətində digər diqqətçəkən şəxs general-leytenant Yuri Jiqar lovskidir.

O, Rusiya Baş Qərargahının hərbi planlaşdırma və beynəlxalq hərbi əməkdaşlıq məsələləri ilə məşğul olan idarəsində çalışır.

Eyni idarədə 2025-ci il aprelin 25-də Moskva vilayətinin Balaşixa şəhərində avtomobil partlayışı nəticəsində öldürülən general Yaroslav Moskalik də yüksək vəzifə tutmuşdu.

Moskalik 2015–2021-ci illərdə Donbas münaqişəsinin nizamlanması üzrə Minsk danışıqlarında iştirak etmiş təcrübəli hərbi nümayəndə idi.

“Agentstvo”nun məlumatına görə, Jiqar lovski də daha əvvəl Ukrayna ilə bağlı danışıqlarda iştirak edib, lakin onun adı o zaman rəsmi nümayəndə heyətinin tərkibində açıqlanmamışdı.

Tramp Ukraynadan daha böyük razılaşma istəyir?

Əbu-Dabi danışıqlarının yalnız Ukrayna ilə məhdudlaşmayacağı ehtimalını ABŞ tərəfinin son açıqlamaları da gücləndirir.

Kremlin sözçüsü Dmitri Peskov üçtərəfli görüşdə qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirə ediləcəyini bildirib.

ABŞ administrasiyası da Avropanın daha geniş təhlükəsizlik arxitekturası üzərində işlədiyini açıqlayıb.

Donald Tramp isə Ukrayna ilə yanaşı, bütün Avropanı əhatə edə biləcək “böyük və gözəl razılaşma” ehtimalından danışıb.

Bu açıqlamalar Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqların ABŞ və Rusiya arasında daha geniş strateji sövdələşməyə çevrilə biləcəyi barədə ehtimalları artırır.

Avropa paytaxtlarında ciddi narahatlıq

Lakin Avropa hökumətləri belə yanaşmaya qarşı çıxırlar.

“Financial Times”ın məlumatına görə, Avropa ölkələri Ukrayna ilə bağlı danışıqlardan qitənin yeni təhlükəsizlik sisteminin müəyyənləşdirilməsi üçün istifadə olunmasını istəmirlər.

Onlar ehtiyat edirlər ki, Moskva bu proses vasitəsilə Şərqi Avropada əvvəlki təsir dairəsini bərpa etməyə və qonşu NATO ölkələrinin suverenliyini məhdudlaşdırmağa çalışa bilər.

Beləliklə, Əbu-Dabi görüşü təkcə Ukraynadakı müharibənin gələcəyi deyil, həm də Avropanın təhlükəsizlik sisteminin hansı prinsiplər əsasında qurulacağı baxımından mühüm əhəmiyyət kəsb edə bilər.
Geri dön