Ana Sayfa > Manşet / Siyasət > Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli birliyimizin və tarixi Zəfərimizin rəmzidir

Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli birliyimizin və tarixi Zəfərimizin rəmzidir


Bu gün, 15:38. Yazar: azer
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli birliyimizin və tarixi Zəfərimizin rəmzidir

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, dövlətçilik iradəsini, müstəqillik əzmini və tarixi yaddaşını özündə birləşdirən ən müqəddəs rəmzlərimizdən biridir. Üçrəngli bayrağımıza baxarkən yalnız dövlətimizin atributunu deyil, əsrlər boyu azadlıq və müstəqillik uğrunda mübarizə aparmış xalqımızın keçdiyi tarixi yolu, milli ideallarını və gələcəyə olan inamını görürük. Bu bayraq bizim kimliyimizi, mənsub olduğumuz dəyərləri və müstəqil dövlət kimi dünyaya bəyan etdiyimiz iradəni ifadə edir.

Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”. Bu fikirlər üçrəngli bayrağımızın xalqımızın həyatında tutduğu yeri, onun daşıdığı mənəvi və siyasi məzmunu aydın şəkildə ifadə edir. Məhz buna görə də Dövlət Bayrağına ehtiram hər bir vətəndaşın dövlətinə, Vətəninə və milli dəyərlərinə bağlılığının göstəricisidir.

Azərbaycanın üçrəngli bayrağının tarixi 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. 1918-ci il noyabrın 9-da Bakıda hökumətin iclasında qəbul edilən üçrəngli Dövlət Bayrağı həmin gün Nazirlər Şurasının binası üzərində qaldırılıb. Bu bayraq Azərbaycan xalqının ilk parlamentli respublika qurmaqla nümayiş etdirdiyi siyasi iradənin, milli istiqlal düşüncəsinin və dövlətçilik ənənələrinin rəmzinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra dövlət bayrağımızın rəsmi statusu aradan qalxsa da, onun ifadə etdiyi müstəqillik ideyası xalqımızın yaddaşında yaşamaqda davam edib.

Bayrağımızın üç rəngi milli istiqlal ideologiyamızın əsas prinsiplərini özündə ehtiva edir. Görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü türkçülük, müasirlik və islamçılıq ideyaları bu rənglərin mənəvi-fəlsəfi məzmununu təşkil edir. Mavi rəng xalqımızın türk mənşəyini və milli kimliyini, qırmızı rəng müasir cəmiyyət qurmaq, inkişaf etmək və demokratik dəyərlərə bağlılığı, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubiyyətimizi ifadə edir. Bu üç prinsip bir-birini tamamlayaraq Azərbaycan xalqının milli-mənəvi dünyasını, tarixi köklərini və müasir inkişaf yolunu əks etdirir.

Üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi təsdiq olunmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi qeyd edilməlidir. 1990-cı il noyabrın 17-də Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi. Eyni zamanda, həmin bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması üçün Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə üçrəngli bayrağımız yenidən Dövlət Bayrağı elan olundu.

Bu qərar yalnız dövlət atributunun bərpası deyildi. O, müstəqilliyə doğru gedən yolun mühüm siyasi və mənəvi mərhələsi, milli dövlətçilik ənənələrinin yenidən dirçəldilməsi istiqamətində qətiyyətli addım idi. 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisliyi təsbit olundu, onun dövlət rəmzləri, o cümlədən üçrəngli bayrağı müstəqil dövlətimizin atributları kimi bərpa edildi.

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edildi. Bu əlamətdar günün Əmək Məcəlləsinə əsasən qeyri-iş günü olan bayramlar sırasına daxil edilməsi dövlət rəmzimizə verilən yüksək dəyərin ifadəsidir. Dövlət Bayrağı Gününün qeyd olunması həm də müstəqillik tariximizin mühüm mərhələlərini xatırlamaq, milli yaddaşımızı möhkəmləndirmək və dövlətçilik ənənələrimizi gələcək nəsillərə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Dövlət Bayrağının hüquqi statusu və təsviri Konstitusiyamızla, eləcə də müvafiq qanunvericilik aktları ilə müəyyən edilib. Konstitusiyanın 23-cü maddəsinə əsasən, bayrağımız bərabər enli üç üfüqi zolaqdan ibarətdir: yuxarıda mavi, ortada qırmızı, aşağıda yaşıl rəng. Qırmızı zolağın mərkəzində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunub. Bayrağın təsvirinə dair 2018-ci il noyabrın 2-də qəbul edilmiş Konstitusiya Qanunu onun rəng və forma xüsusiyyətlərini dəqiq müəyyənləşdirib. Konstitusiyanın 75-ci maddəsi isə hər bir vətəndaşın dövlət rəmzlərinə – bayrağa, gerbə və himnə hörmət etməli olduğunu təsbit edir. Bu tələb hüquqi norma olmaqla yanaşı, həm də vətəndaşlıq məsuliyyətimizin mənəvi ifadəsidir.

Dövlət Bayrağına ehtiramın təcəssümü olan mühüm layihələrdən biri də Bakıda Dövlət Bayrağı Meydanının yaradılmasıdır. Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də imzaladığı Sərəncamla əsası qoyulan bu meydan dövlətçilik rəmzimizin ictimai həyatımızda xüsusi yerini nümayiş etdirir. Meydanın açılışı 2010-cu il sentyabrın 1-də keçirilib, Dövlət Bayrağı Muzeyi isə həmin il noyabrın 9-da fəaliyyətə başlayıb. Muzeydə Azərbaycanın müxtəlif tarixi dövrlərinə aid bayraqlar, dövlətçilik atributları və tarixi eksponatlar nümayiş etdirilir.

2024-cü il noyabrın 8-də Dövlət Bayrağı Meydanı və muzeydə aparılmış yenidənqurma və bərpa işlərindən sonra Prezident İlham Əliyev burada üçrəngli bayrağımızı ucaldıb, muzeydə yaradılan şəraitlə tanış olub. Yenilənmiş muzeydə 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər qalereyası” ekspozisiyasının təqdim edilməsi də rəmzi məna daşıyır. Burada işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılmasını əks etdirən fotoların nümayişi xalqımızın tarixi mübarizəsinin və qazanılmış Qələbənin dövlət rəmzimizlə vəhdətini göstərir.

Bu gün üçrəngli bayrağımızın ölkəmizin bütün ərazisində, o cümlədən vaxtilə işğal altında olmuş torpaqlarımızda dalğalanması onun tarixində yeni və şərəfli səhifə açıb. 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində ərazi bütövlüyümüzün bərpası, 2023-cü ildə dövlət suverenliyimizin bütün ərazilərimizdə tam təmin olunması bayrağımızın ifadə etdiyi milli iradənin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri zamanı üçrəngli bayrağımızın ucaldılması xalqımızın çoxəsrlik arzusunun gerçəkləşməsinin rəmzinə çevrilib.

2021-ci il yanvarın 15-də Şuşada, 2023-cü il oktyabrın 15-də Xankəndidə Dövlət Bayrağımızın ucaldılması bu baxımdan xüsusi tarixi əhəmiyyət daşıyır. Xankəndidə bayrağımızın qaldırılması ilə ölkəmizin suverenliyinin bütün ərazilərimizdə bərpa olunduğu bir daha nümayiş etdirildi. Bu gün həmin torpaqlarda dalğalanan bayrağımız şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və Azərbaycan xalqının sarsılmaz birliyi bahasına əldə edilmiş Qələbənin rəmzidir.

Dövlət Bayrağı həm də milli həmrəyliyimizin, azərbaycançılıq məfkurəsinin və ümumi məqsədlər ətrafında birliyimizin əsas simvollarından biridir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı birləşdirən, beynəlxalq tədbirlərdə və idman yarışlarında ölkəmizi təmsil edən, diplomatik nümayəndəliklərimizin qarşısında dalğalanan bayrağımız müstəqil Azərbaycanın səsini və nüfuzunu ifadə edir. Bayrağımızın ucaldığı hər bir məkan Azərbaycan dövlətinin varlığını, xalqımızın milli kimliyini və müstəqilliyə sadiqliyini nümayiş etdirir.

Bu baxımdan Dövlət Bayrağı Gününün mahiyyəti yalnız təntənəli mərasimlər və rəsmi tədbirlərlə məhdudlaşmır. Əsas məsələ bayrağımıza olan sevgini gündəlik həyatımızda, vətəndaş mövqeyimizdə, dövlətə və cəmiyyətə münasibətimizdə yaşatmaqdır. Xüsusilə gənc nəslin dövlət rəmzlərimizin tarixi, mənası və hüquqi statusu barədə dolğun biliklərə yiyələnməsi vacibdir. Məktəblərdə, ali və peşə təhsili müəssisələrində, ictimai mühitdə aparılan maarifləndirmə işi gənclərin milli-mənəvi dəyərlərə bağlılığının və vətənpərvərlik ruhunun gücləndirilməsinə xidmət etməlidir.

Ümummilli Lider Heydər Əliyevin “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik” çağırışı hər birimiz üçün mühüm mənəvi prinsipdir. Bu sevgi dövlət rəmzlərinə hörmətlə yanaşmaq, müstəqilliyimizi qorumaq, ölkəmizin inkişafına töhfə vermək və milli maraqlarımızı daim uca tutmaqla ifadə olunmalıdır.

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hər bir Azərbaycan vətəndaşını təbrik edir, xalqımıza sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram. Əminəm ki, üçrəngli bayrağımız bundan sonra da müstəqil dövlətimizin səmasında əbədi dalğalanacaq, milli qürurumuzun, birliyimizin və qalibiyyətimizin rəmzi olaraq gələcək nəsilləri Vətənə sədaqət ruhunda birləşdirəcəkdir.

Asif Əsgərov,
Milli Məclisin deputatı


Geri dön