Ana Sayfa > Siyasət > 8 noyabr: Azərbaycanın tarixi Zəfərinin təcəssümü

8 noyabr: Azərbaycanın tarixi Zəfərinin təcəssümü


Bu gün, 13:54. Yazar: azer
8 noyabr: Azərbaycanın tarixi Zəfərinin təcəssümü

Məşhur Məmmədov
Milli Məclisin deputatı

8 Noyabr - Zəfər Günü Azərbaycanın müasir tarixinin ən şərəfli səhifəsi, milli iradənin, dövlət qüdrətinin, xalq-ordu birliyinin və tarixi ədalətin təntənəsidir. Bu tarix 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin deyil, həm də uzun illər ərzində məqsədyönlü şəkildə həyata keçirilən dövlət siyasətinin, strateji düşüncənin, güclü iqtisadiyyatın və milli həmrəyliyin məntiqi nəticəsidir.
Zəfər Günü Azərbaycan xalqının yaddaşında sadəcə təqvim günü deyil, bütöv bir xalqın otuz ilə yaxın davam edən həsrətinin sona çatdığı, milli qürurunun bərpa olunduğu, dövlətimizin gücünün və iradəsinin bütün dünyaya nümayiş etdirildiyi tarixi hadisədir. Bu Qələbə xalqımızın mübarizə əzminin, şəhidlərimizin müqəddəs qanının, qazilərimizin fədakarlığının və Azərbaycan Ordusunun qəhrəmanlığının təcəssümüdür.
Azərbaycanın Zəfərə gedən yolu asan olmayıb. 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal edilmiş, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salınmış, şəhər və kəndlərimiz dağıdılmış, milli-mədəni irsimizə ağır zərbə vurulmuşdur. Bir milyondan çox azərbaycanlı uzun illər qaçqın və məcburi köçkün həyatının ağrı-acısını yaşamağa məcbur olmuşdur. Beynəlxalq hüququn norma və prinsiplərinin, BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrinin çıxarılmasını tələb edən qətnamələrinin yerinə yetirilməməsi, ATƏT-in Minsk qrupunun uzun illər ərzində nəticəsiz fəaliyyəti münaqişənin sülh yolu ilə həllinə olan ümidləri getdikcə zəiflədirdi. Belə bir mürəkkəb geosiyasi şəraitdə Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdərək hərbi, iqtisadi və diplomatik potensialını gücləndirdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri güclü Azərbaycan dövlətinin və müasir Silahlı Qüvvələrin formalaşdırılması oldu. Ordunun maddi-texniki bazası möhkəmləndirildi, müasir silah və hərbi texnika alındı, hərbi sənaye kompleksi inkişaf etdirildi, milli müdafiə sənayesinin istehsal imkanları genişləndirildi. Bu prosesin mühüm xüsusiyyəti ondan ibarət idi ki, Azərbaycan hərbi qüdrətini yalnız silahlanma ilə məhdudlaşdırmır, eyni zamanda iqtisadi müstəqilliyini, beynəlxalq mövqelərini və diplomatik imkanlarını da gücləndirirdi.
Enerji və nəqliyyat layihələri, beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirak, regional təşəbbüslər Azərbaycanın geosiyasi əhəmiyyətini artırdı. Nəticədə ölkəmiz həm iqtisadi, həm də siyasi baxımdan daha güclü mövqeyə yüksəldi. Beləliklə, Zəfərin təməli illərlə aparılan sistemli dövlət quruculuğu, ordu quruculuğu və milli inkişaf strategiyası ilə qoyuldu.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan Vətən müharibəsi xalqımızın tarixində yeni bir dövrün əsasını qoydu. 44 gün davam edən müharibə Azərbaycan dövlətinin hərbi gücünü, ordumuzun peşəkarlığını, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu döyüş meydanında böyük uğurlar əldə edərək Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut qəsəbəsini, Şuşa şəhərini və yüzlərlə yaşayış məntəqəsini işğaldan azad etdi. Xüsusilə noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyini həll edən ən mühüm hərbi-strateji hadisələrdən biri oldu. Şuşa Zəfəri Azərbaycan xalqının hərb tarixinə qızıl hərflərlə yazıldı. Çətin relyef şəraitində, xüsusi hərbi peşəkarlıq və misilsiz qəhrəmanlıq hesabına həyata keçirilən əməliyyat Azərbaycan əsgərinin iradəsinin və döyüş ruhunun göstəricisinə çevrildi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Ağdam, Kəlbəcər və Laçın rayonlarının qaytarılması ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ tamamlandı.
44 gün ərzində qazanılan Qələbə sübut etdi ki, güclü dövlət, müasir ordu və milli birlik bir araya gəldikdə ən mürəkkəb tarixi vəzifələri belə reallaşdırmaq mümkündür. Bu Qələbənin ən böyük qəhrəmanları isə Vətən uğrunda canından keçən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz və döyüş meydanında misilsiz rəşadət göstərən hərbçilərimizdir. Onların fədakarlığı Azərbaycan tarixinin əbədiyaşar qəhrəmanlıq salnaməsidir.
Vətən müharibəsi Azərbaycanın yalnız döyüş meydanında deyil, beynəlxalq informasiya və diplomatiya müstəvisində də uğur qazandığını göstərdi. Müharibə dövründə Prezident İlham Əliyevin dünyanın aparıcı media qurumlarına verdiyi çoxsaylı müsahibələr Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Dövlət başçısı müsahibələrində münaqişənin tarixi köklərini, Ermənistanın təcavüzkar siyasətini, beynəlxalq hüququn tələblərini və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək əzmini ardıcıl şəkildə ifadə etdi. Bu müsahibələr informasiya müharibəsinin mühüm vasitəsinə çevrildi. Azərbaycan öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla ölkəmizə qarşı aparılan qərəzli təbliğatın qarşısını almağa nail oldu. Eyni zamanda, Vətən müharibəsi Azərbaycan cəmiyyətində görünməmiş milli həmrəylik yaratdı. Siyasi baxışından, sosial statusundan, etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkə vətəndaşları vahid amal ətrafında birləşdilər. “Dəmir yumruq” ifadəsi məhz bu birliyin, milli iradənin və sarsılmaz dövlətçilik mövqeyinin rəmzinə çevrildi. Bu gün də həmin birlik Azərbaycanın suverenliyinin, təhlükəsizliyinin və gələcək inkişafının ən mühüm dayaqlarından biridir.
2020-ci ilin Zəfəri Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olsa da, dövlət suverenliyinin bütün ölkə ərazisində tam təmin edilməsi qarşıda duran əsas vəzifələrdən biri idi. 2023-cü il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın öz dövlət sərhədlərinə nəzarət etmək iradəsinin mühüm təzahürü oldu. Həmin il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin konstitusiya quruluşu və dövlət suverenliyi tam bərpa edildi. Sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi təsis olundu. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltması dövlətçilik tariximizin ən əlamətdar hadisələrindən biri kimi yadda qaldı. Beləliklə, 2020-ci ildə başlanan tarixi Zəfər prosesi 2023-cü ildə dövlət suverenliyimizin tam bərpası ilə öz məntiqi və siyasi nəticəsinə çatdı. Bu hadisələr Azərbaycan dövlətinin öz ərazilərində konstitusion hüquqlarını təmin etmək, təhlükəsizliyi qorumaq və milli suverenliyini möhkəmləndirmək əzmini nümayiş etdirdi.
Zəfər Günü, Vətən müharibəsinin qəhrəmanlarının təltif edilməsi, Zəfər və Qarabağ ordenlərinin təsis olunması, Zəfər paradının keçirilməsi, Hərbi Qənimətlər Parkının yaradılması və Zəfər parkının inşası tarixi Qələbənin milli yaddaşda əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 2025-ci il noyabrın 8-də Zəfər Muzeyinin açılması bu istiqamətdə atılan mühüm addımlardan biri oldu. Muzeydə Qarabağın tarixi, Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi, Şuşanın azad edilməsi, qəhrəmanlarımızın şücaəti və dövlət suverenliyimizin bərpası müxtəlif ekspozisiyalar vasitəsilə təqdim olunur. Bu muzey gələcək nəsillərə tariximizi, qəhrəmanlarımızın fədakarlığını və xalqımızın milli iradəsini çatdıran mühüm yaddaş məkanına çevrilir.
Azərbaycanın diplomatik uğurlarının davamı olaraq 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən sammit və imzalanmış Birgə Bəyannamə regionda sülh gündəliyinin irəliləməsi baxımından mühüm hadisə oldu. Sülh sazişi layihəsinin paraflanması, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı razılaşmalar və ATƏT-in Minsk Prosesi ilə əlaqəli strukturların bağlanması istiqamətində atılan addımlar yeni regional reallıqların formalaşmasını sürətləndirdi. 2025-ci il noyabrın 30-da Minsk Prosesi və onun əlaqəli strukturlarının fəaliyyətinin başa çatması isə uzun illər davam etmiş vasitəçilik mexanizminin tarixə çevrilməsi baxımından əlamətdar hadisə oldu. Bütün bunlar göstərir ki, Azərbaycan artıq münaqişənin nəticələrini aradan qaldırmaqla yanaşı, regionda davamlı sülhün, əməkdaşlığın və iqtisadi inteqrasiyanın formalaşmasına yönəlmiş yeni siyasət həyata keçirir.
Azərbaycanın qazandığı tarixi Qələbənin ən mühüm nəticələrindən biri işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin başlanmasıdır. Bu gün Qarabağ və Şərqi Zəngəzur yalnız azad edilmiş torpaqlar deyil, Azərbaycanın yeni inkişaf modelinin, müasir şəhərsalma və regional iqtisadi dirçəliş strategiyasının tətbiq olunduğu geniş quruculuq məkanına çevrilir. Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Böyük Qayıdışa dair I Dövlət Proqramı bu prosesin sistemli və mərhələli şəkildə həyata keçirilməsini təmin edən əsas sənədlərdən biridir.
İşğaldan azad edilmiş ərazilərdə yollar, tunellər, körpülər, hava limanları, elektrik stansiyaları, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri və digər sosial infrastruktur obyektləri inşa edilir. Şəhər və kəndlər müasir standartlara uyğun yenidən qurulur, iqtisadi fəaliyyətin bərpası üçün əlverişli şərait yaradılır. Ağalı kəndində tətbiq olunan “ağıllı kənd” konsepsiyası, Füzuli və Zəngilan beynəlxalq hava limanları, Şuşada həyata keçirilən bərpa işləri, Laçın və Kəlbəcərdə qurulan yeni yaşayış məkanları bu strategiyanın konkret nəticələridir.
2026-cı il oktyabrın 23-nə olan göstəricilərə əsasən, işğaldan azad edilmiş ərazilərdə bərpa olunmuş yaşayış məntəqələrinə 10 114 ailə, ümumilikdə 40 922 nəfər qayıdıb. 47 yaşayış məntəqəsinə, o cümlədən 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Bu rəqəmlər Böyük Qayıdışın artıq real həyat hadisəsinə çevrildiyini göstərir. Eyni zamanda, Qarabağ Universitetinin fəaliyyətə başlaması, DOST və ASAN xidmətlərinin bölgədə genişlənməsi, yeni iş yerlərinin yaradılması, peşə hazırlığı və özünüməşğulluq proqramlarının həyata keçirilməsi azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanın sosial-iqtisadi əsaslarını möhkəmləndirir. Burada əsas məqsəd yalnız dağıdılmış yaşayış məntəqələrini yenidən qurmaq deyil, insanların öz doğma yurdlarında təhlükəsiz, rahat və layiqli həyat sürmələrini təmin etməkdir.
Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Şəhid ailələrinin mənzil və avtomobillərlə təmin edilməsi, sosial ödənişlərin artırılması, məşğulluq proqramlarının həyata keçirilməsi, qazilərin reabilitasiyası, müasir protez və digər reabilitasiya vasitələri ilə təmin olunması bu istiqamətdə görülən işlərin mühüm hissəsidir. Postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçılarına 443 mindən çox xidmət göstərilib, 7 354 mənzil və 586 avtomobil təqdim edilib. On minlərlə şəxsin məşğulluğu təmin olunub, sosial ödənişlər və reabilitasiya xidmətləri həyata keçirilib. YAŞAT” Fondunun fəaliyyəti də bu sahədə mühüm ictimai dəstək mexanizminə çevrilib. Fond şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial problemlərinin həllinə töhfə verməklə dövlət-vətəndaş həmrəyliyinin nümunəsini nümayiş etdirir. Bu siyasətin mahiyyəti aydındır: Vətən uğrunda canından keçənlərin ailələri, sağlamlığını itirən qazilərimiz heç vaxt diqqətdən kənarda qalmamalıdır. Onların rifahı və cəmiyyətə fəal inteqrasiyası dövlətin və bütövlükdə cəmiyyətin mənəvi məsuliyyətidir.
Bu gün Azərbaycan öz tarixinin yeni mərhələsinə qədəm qoyub. Əgər əvvəlki dövrdə əsas məqsəd ərazi bütövlüyünün bərpası və dövlət suverenliyinin təmin edilməsi idisə, hazırkı mərhələdə başlıca vəzifə əldə olunmuş tarixi nailiyyətləri möhkəmləndirmək, azad edilmiş ərazilərin iqtisadi potensialını reallaşdırmaq, davamlı sülhü təmin etmək və ölkənin ümumi inkişafını sürətləndirməkdir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq. Regionun nəqliyyat-logistika imkanları, kənd təsərrüfatı, turizm, energetika və sənaye potensialı ölkəmizin iqtisadi gücünə yeni töhfələr verəcək. Eyni zamanda, Azərbaycanın regional nəqliyyat kommunikasiyalarının açılması, Naxçıvanla maneəsiz bağlantının təmin edilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində səyləri ölkəmizin geosiyasi mövqelərini daha da gücləndirə bilər. Lakin bütün bu hədəflərin reallaşması üçün sülhün qorunması, mina təhlükəsinin aradan qaldırılması, sərhəd təhlükəsizliyinin təmin edilməsi və regionda qarşılıqlı etimadın formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının öz tarixi taleyinə sahib çıxmasının, milli iradəsini nümayiş etdirməsinin və dövlətçilik əzmini təsdiqləməsinin rəmzidir. Bu Qələbə təsadüfən qazanılmadı. Onun arxasında illərlə aparılmış məqsədyönlü dövlət siyasəti, güclü iqtisadiyyat, müasir ordu, düşünülmüş diplomatiya, milli birlik və ən əsası Vətən sevgisi dayanır. Zəfərimizin müəllifləri sırasında qəhrəman şəhidlərimiz, igid qazilərimiz, Azərbaycan əsgəri və zabiti, arxa cəbhədə fədakarlıq göstərən xalqımız xüsusi yer tutur. Bu Qələbə hər bir azərbaycanlının qürur mənbəyi, gələcək nəsillər üçün isə vətənpərvərlik və dövlətçilik məktəbidir.
Bu gün qarşıda duran əsas vəzifə Zəfərin yaratdığı imkanlardan səmərəli istifadə etmək, azad edilmiş torpaqlarda həyatın davamlı bərpasını təmin etmək, milli birliyi qorumaq və Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirməkdir. Zəfərdən suverenliyə, suverenlikdən quruculuğa, quruculuqdan davamlı inkişafa uzanan bu yol müasir Azərbaycan tarixinin əsas istiqamətini müəyyən edir.
Geri dön