Ana Sayfa > Siyasət > 8 Noyabr – Birliyimizin, qətiyyətimizin və tarixi qələbəmizin rəmzi
8 Noyabr – Birliyimizin, qətiyyətimizin və tarixi qələbəmizin rəmziBu gün, 13:38. Yazar: azer |
![]() 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə zirvəyə çatan tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpasına doğru gedən yolun ən mühüm mərhələlərindən biri olmaqla yanaşı, xalqımızın milli iradəsinin, dövlətimizin gücünün və xalqla ordunun sarsılmaz birliyinin parlaq ifadəsinə çevrildi. Qarabağ münaqişəsi uzun illər ərzində Azərbaycan xalqına böyük faciələr və ağır itkilər yaşatmışdı. 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkar siyasəti nəticəsində şəhər və kəndlərimiz dağıdılmış, minlərlə vətəndaşımız həlak olmuş, yüz minlərlə azərbaycanlı doğma torpaqlarını tərk etməyə məcbur edilmişdi. Torpaqlarımızın işğal altında qalması ölkəmizin iqtisadi inkişafına, zəngin tarixi-mədəni irsinə və insanların sosial həyatına ciddi ziyan vurmuşdu. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqı öz yurd-yuvasına qayıdacağına, pozulmuş tarixi ədalətin yenidən bərpa ediləcəyinə olan ümidini və inamını qoruyub saxladı. Münaqişənin sülh yolu ilə tənzimlənməsi məqsədilə uzun müddət davam edən danışıqlar prosesi heç bir real nəticə ilə yekunlaşmadı. ATƏT-in Minsk qrupunun fəaliyyəti işğal probleminin həllinə nail ola bilmədi, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını nəzərdə tutan qətnamələri isə yerinə yetirilmədi. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq münaqişənin siyasi yollarla həllinə səy göstərsə də, Ermənistanın barışmaz mövqeyi və beynəlxalq təşkilatların təsirli tədbirlər görməməsi problemin illərlə davam etməsinə şərait yaratdı. Mövcud vəziyyəti nəzərə alan Azərbaycan öz suverenliyini və milli maraqlarını qorumaq məqsədilə siyasi, iqtisadi və hərbi imkanlarını daha da artırmağa başladı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması Vətən müharibəsinin əsasını qoydu və tariximizdə yeni bir dövr açdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan hərbçiləri döyüş meydanında yüksək peşəkarlıq, əzm və qəhrəmanlıq nümayiş etdirdilər. “Dəmir yumruq” əməliyyatı xalqımızın illərdir gözlədiyi tarixi ədalətin bərpasını və Ermənistanın işğalçılıq siyasətinin sona çatdırılmasını hədəfləyən milli mübarizənin rəmzinə çevrildi. 44 gün ərzində davam edən Vətən müharibəsi Azərbaycanın hərbi və siyasi gücünü, ordumuzun döyüş hazırlığını, xalqımızın isə sarsılmaz həmrəyliyini beynəlxalq ictimaiyyətə nümayiş etdirdi. Döyüşlərin hər günü yeni ərazilərin və strateji mövqelərin azad olunması ilə yadda qalır, qələbəyə olan inamı daha da gücləndirirdi. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərinin, Hadrut qəsəbəsinin, eləcə də çoxsaylı kəndlərin işğaldan azad edilməsi Azərbaycan Ordusunun əldə etdiyi uğurların geniş miqyasını göstərirdi. Noyabrın 8-də Şuşanın azad olunması isə müharibənin gedişinə həlledici təsir göstərən tarixi hadisəyə çevrildi. Azərbaycanın mədəniyyət mərkəzinin düşmən işğalından xilas edilməsi həm strateji, həm də mənəvi baxımdan olduqca böyük əhəmiyyətə malik idi. Əldə olunan bu möhtəşəm Qələbənin təməlində yalnız müasir hərbi texnologiyalar və düzgün qurulmuş döyüş strategiyası deyil, həm də xalqımızın yüksək mənəvi ruhu dayanırdı. Azərbaycan əsgər və zabitləri Vətən qarşısındakı müqəddəs vəzifələrini layiqincə yerinə yetirərək əsl qəhrəmanlıq salnaməsi yazdılar. Şəhidlərimizin canı bahasına göstərdikləri fədakarlıq, qazilərimizin nümayiş etdirdiyi dözüm və iradə, döyüş meydanında vuruşan hərbçilərimizin cəsarəti xalqımızın Zəfər tarixinin ayrılmaz hissəsinə çevrildi. Müharibə günlərində cəmiyyətin bütün təbəqələrinin vahid amal ətrafında səfərbər olması, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların dövlətimizin haqlı mövqeyini müdafiə etməsi milli birliyimizin nə qədər güclü olduğunu bir daha təsdiqlədi. Cənab Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı xarici media nümayəndələrinə verdiyi müsahibələr də Azərbaycanın siyasi və diplomatik mübarizəsində mühüm rol oynayırdı. Dövlət başçısı bu çıxışlarında ölkəmizin haqlı mövqeyini, Ermənistanın təcavüzkar əməllərini və Qarabağ münaqişəsinin tarixi səbəblərini beynəlxalq auditoriyanın diqqətinə çatdırırdı. Beləliklə, Azərbaycan Ordusunun cəbhədə qazandığı uğurlar informasiya və diplomatiya sahəsində də ardıcıl şəkildə dəstəklənirdi. Noyabrın 9-dan 10-na keçən gecə imzalanan üçtərəfli Bəyanat hərbi əməliyyatların dayandırılmasına, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılmasına hüquqi-siyasi zəmin yaratdı. Bu sənəd ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticələrin əldə olunmasını təmin etdi. Sonrakı mərhələdə həyata keçirilən tədbirlər isə Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Zəfər Gününün rəsmi şəkildə təsis olunması, Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçuların orden və medallarla təltif edilməsi, Zəfər parklarının və muzeylərin yaradılması bu möhtəşəm tarixin gələcək nəsillərin yaddaşında qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa layihələri isə qazanılmış Qələbənin nəticələrini real həyatımızda əks etdirir. 8 Noyabr Azərbaycan xalqının öz gücünə və imkanlarına inamının, dövlət müstəqilliyinə bağlılığının, tarixi ədalətin təmin olunması uğrunda apardığı mübarizənin rəmzidir. Bu əlamətdar günün əhəmiyyəti yalnız hərbi qələbə ilə məhdudlaşmır. Zəfər tarixi həm də gələcək nəsillərə ötürülən milli birlik, Vətənə sədaqət və dövlətçilik məsuliyyəti dərsidir. Azərbaycan xalqı öz tarixinin bu şanlı səhifəsi ilə daim qürur duyur. Rəşad Əsgərov, SOCAR “Kompleks qazma işləri” trestinin müdiri, YAP Nərimanov ƏPT nin sədri Geri dön |