Ana Sayfa > Manşet / Siyasət / Özəl > Aqiyə Naxçıvanlı: “Şanlı Zəfər qəhrəman hərbçilərimizin şücaəti, şəhidlərimizin müqəddəs qanı hesabına qazanılıb”
Aqiyə Naxçıvanlı: “Şanlı Zəfər qəhrəman hərbçilərimizin şücaəti, şəhidlərimizin müqəddəs qanı hesabına qazanılıb”Bu gün, 12:54. Yazar: azer |
![]() “1988-ci ildə Qarabağ ətrafında başlanan hadisələr zaman keçdikcə Ermənistanın ərazi iddialarının açıq təcavüzə çevrildiyini, “dənizdən dənizə Ermənistan” kimi sərsəm ideyanın həyata keçirilməsi naminə Azərbaycanın torpaqlarına göz dikildiyini göstərdi. Bu siyasətin ağır nəticələri xalqımızın taleyində dərin iz buraxdı. Bir milyondan çox soydaşımız doğma yurdlarından didərgin salındı, təxminən otuz il qaçqın və məcburi köçkün həyatının ağrı-acısını yaşadı. İşğal yalnız torpaq itkisi deyildi. Bu, ailələrin parçalanması, tarixi-mədəni irsin dağıdılması, insanların öz evinə qayıtmaq hüququndan məhrum edilməsi demək idi. Belə bir şəraitdə torpaqlarımızın azad olunması və dövlət bayrağımızın bütün sərhədlərimiz boyunca dalğalanması Azərbaycan dövlətinin dəyişməz strateji hədəfinə çevrildi. Prezident İlham Əliyev bu məqsədi dövlət siyasətinin mütləq prioriteti kimi müəyyənləşdirdi. Danışıqlar prosesində beynəlxalq hüquqa əsaslanan prinsipial mövqe qorunur, eyni zamanda, ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində ardıcıl addımlar atılırdı. Ordu quruculuğu illər boyu dövlət siyasətinin əsas istiqamətlərindən biri oldu. Güclü iqtisadiyyatın yaratdığı imkanlar hesabına müasir silahlarla təchiz edilən, peşəkarlığı və döyüş hazırlığı yüksəldilən Azərbaycan Ordusu qarşıya qoyulan tarixi vəzifəni yerinə yetirməyə hazırlaşdırılırdı. Bu, təsadüfi qərarların deyil, uzaqgörən strategiyanın nəticəsi idi.” Bu fikirəri Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor Aqiyə xanım Naxçıvanlı aia.az-a açıqlamasında səsləndirib. Azərbaycanın tarixi Zəfərinin arxasında yalnız hərbi hazırlığın deyil, həmçinin düşünülmüş iqtisadi və diplomatik strategiyanın da dayandığını vurğulayan müsahibimiz daha sonra açıqlamasını bu sözlərlə davam etdirib: “Ölkəmiz müstəqilliyin ilk illərindən etibarən regional əməkdaşlığın təşəbbüskarı kimi çıxış etdi, transmilli enerji və nəqliyyat layihələrini reallaşdıraraq Cənubi Qafqazın geoiqtisadi mənzərəsini dəyişdirdi. Ermənistanın özünü regional layihələrdən təcrid etməsi fonunda Azərbaycan enerji marşrutlarının, nəqliyyat dəhlizlərinin və beynəlxalq ticarət əlaqələrinin əsas iştirakçısına çevrildi. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və digər təşəbbüslər ölkəmizin iqtisadi çəkisini artırmaqla yanaşı, tərəfdaş dövlətlərlə qarşılıqlı asılılıq və etimad münasibətləri yaratdı. Bu üstünlüklər artıq müasir dövrümüzdə Prezident İlham Əliyevin çoxşaxəli xarici siyasəti üçün də möhkəm zəmin formalaşdırdı. Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirərək münaqişənin hüquqi-siyasi mahiyyətini dünya ictimaiyyətinə çatdırdı, ərazi bütövlüyümüzü və suverenliyimizi dəstəkləyən sənədlərin qəbuluna nail oldu. BMT Təhlükəsizlik Şurasının qətnamələri, BMT Baş Assambleyasının qərarları, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində ifadə olunan mövqelər Azərbaycanın haqlı mövqeyinin beynəlxalq hüquqla təsdiqini gücləndirirdi. Bununla belə, hüquqi əsasların mövcudluğu münaqişənin öz-özünə həll olunacağı anlamına gəlmirdi. 1992-ci il martın 24-də yaradılmış ATƏM-in (sonradan ATƏT) Minsk qrupu 29 il fəaliyyət göstərsə də, real nəticə əldə etmədi. “Dondurulmuş münaqişə” yanaşması işğalın davam etməsinə, danışıqların isə nəticəsiz dövr etməsinə şərait yaratdı. Azərbaycan məsuliyyətli dövlət kimi sülh danışıqlarına sadiqliyini qorudu, lakin bu səbir qarşı tərəfin təxribatlarına və beynəlxalq hüququn pozulmasına sonsuz dözümlülük demək deyildi. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti genişmiqyaslı hərbi təxribatı ölkəmizi özünümüdafiə hüququndan istifadə etməyə məcbur etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmri xalqın illərlə gözlədiyi ədalətin bərpası yolunda qətiyyətli iradəni ifadə etdi.” Fikirlərini davam etdirən A.Naxçıvanlı “Dəmir yumruq” əməliyyatının ilk saatlarından cəbhədən gələn qələbə xəbərlərinin xalqımızda ruh yüksəkliyi yaratdığını xüsusi qeyd edib: “Qırx dörd gün ərzində Azərbaycan Ordusu irəlilədi, şəhərlərimizi, kəndlərimizi, qəsəbələrimizi işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın azad olunması müharibənin taleyini həll edən hadisəyə çevrildi. Ermənistanın hərbi-siyasi rəhbərliyi məğlubiyyəti qəbul edərək noyabrın 10-da üçtərəfli bəyanatı imzalamağa məcbur oldu. Azərbaycan dövləti, xalqı və ordusu bu müddətdə öz qüdrətini, sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Qələbə qəhrəman hərbçilərimizin şücaəti, şəhidlərimizin müqəddəs qanı hesabına qazanıldı. Azərbaycan Ordusunun döyüş taktikası, yüksək texnologiyalardan və pilotsuz uçuş aparatlarından səmərəli istifadəsi XXI əsrin hərb tarixinə yeni təcrübə gətirdi və bu təcrübə dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində diqqətlə öyrənilir. Zəfərin diplomatik müstəvidə də mühüm tərəfi vardı. Prezident İlham Əliyevin müharibə dövründə beynəlxalq mediaya verdiyi müsahibələr Azərbaycanın haqlı mövqeyini faktlarla dünyaya çatdırdı, ölkəmizə təzyiq göstərilməsi cəhdlərinin qarşısını almağa kömək etdi. Dövlət başçısının xalqa müraciətləri və çıxışları cəmiyyətdə inamı, qətiyyəti və qələbə əzmini gücləndirdi. Müharibə milli birliyimizi və siyasi həmrəyliyimizi daha da möhkəmləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar Vətənin müdafiəsini öz borcu bildi, çətin günlərdə bir ailə olduğumuzu sübut etdi. Zəfərdən sonra suverenliyimizin tam təmin olunması istiqamətində mühüm addımlar atıldı. 2023-cü il aprelin 23-də Həkəri çayı üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması sərhədlərimizə nəzarətin təmin edilməsi və bayrağımızın dalğalanması baxımından əlamətdar hadisə oldu. Sentyabrın 19-da keçirilən lokal xarakterli antiterror əməliyyatından sonra ölkəmizin bütün ərazisində konstitusiya quruluşu bərpa edildi. Oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə Dövlət Bayrağımızı ucaltması bu tarixi prosesin rəmzi zirvəsi oldu. Qələbənin əbədiləşdirilməsi məqsədilə 2020-ci il dekabrın 3-də Zəfər Günü təsis edildi, dekabrın 10-da Bakıda Zəfər paradı keçirildi. 2024-cü il sentyabrın 19-da Dövlət Suverenliyi Gününün təsis edilməsi də milli yaddaşımızın möhkəmlənməsinə xidmət edir. Hazırda işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramı həyata keçirilir, doğma yurdlar dirçəlir, keçmiş məcburi köçkünlər evlərinə qayıdırlar. Bu şanlı Zəfər xalqımızın sarsılmaz iradəsinin ən böyük təntənəsidir!” – deyə, professor Aqiyə Nazçıvanlı fikirlərini tamamlayıb. Geri dön |