Ana Sayfa > Manşet / Siyasət > Tamam Cəfərova: “Şuşanın azad olunması şanlı Zəfərimizin ən parlaq və şərəfli səhifələrindən biridir”

Tamam Cəfərova: “Şuşanın azad olunması şanlı Zəfərimizin ən parlaq və şərəfli səhifələrindən biridir”


Bu gün, 11:09. Yazar: azer
Tamam Cəfərova: “Şuşanın azad olunması şanlı Zəfərimizin ən parlaq və şərəfli səhifələrindən biridir”

8 Noyabr – Şuşa şəhəri günüdür. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. İşğaldan azad edilmiş şəhərlərin günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Altı il əvvəl – 2020-ci il noyabrın 8-də Müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardılar. Xalqımızın qüdrətinin və milli qürurunun təntənəsinə çevrilən bu möhtəşəm Qələbə Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri oldu. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. 8 Noyabr – Şuşanın düşmən işğalından azad edilməsi 44 günlük Vətən müharibəsində həlledici rol oynadı və düşmənin kapitulyasiyasını şərtləndirən əsas amillərdən biri oldu. Bu gün müasir Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini təşkil edir.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən bəyan edirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli Ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. Xüsusilə qeyd etmək lazımdır ki, Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Möhtərəm Prezidentin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış dörd qətnaməsini Azərbaycan özü icra etdi. Rəşadətli Ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi Qələbənin təmin edilməsində mühüm rol oynadı.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində böyük fəxarət və qürur hissi ilə Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan etdi. Çıxışında bütün bu illər ərzində Azərbaycan xalqının dəstəyini hiss etdiyini, inamını gördüyünü və bunun ona güc verdiyini vurğulayan dövlətimizin başçısı dedi: “Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq”.

Xüsusilə qeyd etmək lazımdır ki, bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və Şuşanın azad edilməsi ilə kifayətlənəcək. Hadisələrin sonrakı gedişi bu cür düşünənlərin yanıldığını göstərdi. 2023-cü il sentyabrın 19-20-də Zəfər yürüşünün davamı olan antiterror əməliyyatı uğurla nəticələndi. Cəmi 23 saat 48 dəqiqə davam edən antiterror əməliyyatı Ali Baş Komandanın qətiyyətini, “dəmir yumruq”un yerində olduğunu, Ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən üç il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin üçüncü ildönümü ərəfəsində Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə Dövlət Bayrağımızı ucaltmaqla xalqımıza tükənməz sevinc və qürur yaşatdı, dövlət suverenliyimiz tam bərpa olundu.

Bu Zəfərin ən parlaq rəmzlərindən biri, şübhəsiz ki, Şuşanın azadlığı və bu qədim şəhərin yenidən qurulması, dirçəldilməsidir. Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai və siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Azərbaycanın görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin yetişdiyi bu qədim şəhər milli-mədəni irsimizin, zəngin tariximizin və mənəvi dəyərlərimizin ayrılmaz parçasıdır. Lakin işğal illərində düşmən Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini talan edib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurub.

Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Burada infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına xüsusi diqqət yetirilir. Qarabağın tacı, bütün Qafqazın incisi olan Şuşada aparılan işlərin əsas məqsədi şəhərin tarixi simasını qorumaqla onu yenidən Azərbaycanın mühüm mədəniyyət, turizm və yaşayış mərkəzinə çevirməkdir. Artıq bir çox tarixi abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün Şuşada güllələnmiş büstləri yenidən əvvəlki yerlərinə qaytarılıb. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana, Dövlət Xidmətləri Mərkəzi və Zəfər yolunun üzərində yerləşən Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb.

Şəhərdə yaşayış infrastrukturunun yaradılması və sakinlərin doğma yurdlarına qayıdışının təmin edilməsi də prioritet istiqamətlərdəndir. İndiyədək Şuşada 450 mənzildən ibarət 23 bina sakinlərin istifadəsinə verilib. Növbəti mərhələdə daha üç yaşayış layihəsinin icrası nəzərdə tutulur. Dövlət və özəl tərəfdaşlığı çərçivəsində şəhərin mərkəzi küçəsində 10 yaşayış kompleksi inşa edilir. Bütün bunlar Şuşanın yalnız tarixi və mədəni irsinin deyil, həm də müasir şəhər həyatının bərpasına xidmət edir. Bu gün Şuşa sürətlə məskunlaşdırılır, doğma yurda qayıdan sakinlərin sayı artır. 23 oktyabr 2026-cı il tarixinə olan məlumata görə, Şuşa şəhərində 377 ailə – 1 411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə – 78 nəfər, Kiçik Qaladərəsi kəndində isə 26 ailə – 90 nəfər məskunlaşıb. Beləliklə, ümumilikdə 420 ailə, 1 579 nəfər Şuşa rayonunda doğma yurduna qayıdaraq məskunlaşıb. Bu rəqəmlər Böyük Qayıdış Proqramının real nəticələrini, dövlətimizin azad edilmiş ərazilərdə həyatın yenidən qurulmasına yönəlmiş ardıcıl və məqsədyönlü siyasətini əks etdirir. Şuşada aparılan bərpa-quruculuq işləri və məskunlaşma prosesi göstərir ki, bu şəhər artıq yalnız tarixi Zəfərimizin rəmzi deyil, həm də Azərbaycanın gələcəyə inamla addımlayan inkişafının təcəssümüdür.
Bərpa işlərinin geniş vüsət alması, müasir infrastrukturun yaradılması və sakinlərin doğma torpaqlarına qayıdışı deməyə əsas verir ki, çox keçmədən Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Bu Qələbə yalnız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin deyil, bütün Azərbaycan xalqının Zəfəri idi. Qırx dörd gün davam edən müharibədə və antiterror əməliyyatında xalqımız Ordumuzu, dövlətimizin başçısının uğurlu siyasətini fəal şəkildə dəstəklədi. Üç minə yaxın şəhid Vətən uğrunda canını qurban verdi. Biz bir evdən iki şəhid verib, “Ana Vətən sağ olsun” deyən xalqın nümayəndələriyik. Belə xalqın Ordusunun bu Zəfəri qazanması labüd idi.

Zəfər tariximizin bu parlaq və unudulmaz səhifələrini vərəqlədikcə qürur duyuruq. “Məğlubedilməz erməni ordusu” mifini dağıdan, döyüş meydanında düşmənə hərb və kişilik dərsi keçən şəhid və qazilərimiz tariximizin şanlı səhifələrinə və xalqımızın yaddaşına əbədi həkk olunublar. Bir daha Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Millət vəkili Tamam Cəfərova belə deyib.
Geri dön