Ana Sayfa > Siyasət > Şuşa bizimdir, Qarabağ Azərbaycandır!

Şuşa bizimdir, Qarabağ Azərbaycandır!


Bu gün, 06:57. Yazar: azer
Şuşa bizimdir, Qarabağ Azərbaycandır!

Azərbaycan xalqının çoxəsrlik tarixində elə günlər var ki, onlar yalnız təqvimdə bir tarix deyil, milli yaddaşımıza, qürur və iftixar hissimizə əbədi həkk olunmuş böyük tarixi hadisələrdir. 8 Noyabr – Zəfər Günü də məhz belə əlamətdar günlərdəndir. Bu tarix xalqımızın milli iradəsinin, sarsılmaz birliyinin, Vətən sevgisinin və qəhrəmanlığının təntənəsidir.
Ötən əsrin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına qarşı ərazi iddiaları ilə başlanan hərbi təcavüzü torpaqlarımızın işğalı, yüz minlərlə soydaşımızın doğma yurdlarından didərgin düşməsi, minlərlə günahsız insanın həyatını itirməsi ilə nəticələndi. Uzun illər ərzində beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə, aparılan danışıqlara baxmayaraq, münaqişənin sülh yolu ilə həllinə nail olunmadı. Əksinə, Ermənistanın təxribatçı siyasəti, yeni ərazilər ələ keçirmək niyyəti və hərbi təhdidləri bölgədə gərginliyi daha da artırdı.
Azərbaycan dövləti bütün bu illər ərzində öz ərazi bütövlüyünün bərpası istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirdi. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası, milli maraqlara əsaslanan siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Güclü iqtisadiyyatın, müasir ordu quruculuğunun və beynəlxalq mövqelərin möhkəmləndirilməsi Azərbaycanın tarixi Qələbəsinin əsasını təşkil etdi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları 44 günlük Vətən müharibəsinin başlanğıcı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu qısa müddətdə böyük hərbi uğurlara imza ataraq işğal altındakı torpaqlarımızı bir-bir azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eləcə də çoxsaylı yaşayış məntəqələri düşmən işğalından qurtarıldı.
Vətən müharibəsinin ən mühüm və həlledici hadisələrindən biri isə Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin azad edilməsi idi. Mürəkkəb relyefə, çətin keçidlərə və düşmənin ciddi müdafiə mövqelərinə baxmayaraq, Azərbaycan xüsusi təyinatlılarının göstərdiyi misilsiz qəhrəmanlıq və peşəkarlıq Şuşa əməliyyatını hərb tarixinə nadir döyüş nümunəsi kimi yazdı. Şəhərin qayalıqlarını aşaraq, ağır silahlardan istifadə etmədən, əsasən əlbəyaxa döyüşlərdə düşmən mövqelərini yarıb keçən igidlərimiz əsl qəhrəmanlıq salnaməsi yaratdılar.
2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqına böyük sevinc və qürur yaşatdı. Bu tarixi hadisə müharibənin taleyində həlledici rol oynadı və Ermənistanı məğlubiyyətini qəbul etməyə məcbur etdi. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi. Beləliklə, Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi Zəfər diplomatik müstəvidə də öz təsdiqini tapdı.
Şuşanın azad edilməsi təkcə hərbi qələbə deyildi. Bu, Azərbaycanın milli-mədəni irsinə, tarixi yaddaşına, mənəvi dəyərlərinə qovuşması demək idi. Uzun illər işğal altında saxlanılan bu qədim şəhərin azadlığı xalqımızın sınmayan ruhunun, Vətənə bağlılığının və tarixi ədalətə inamının təntənəsinə çevrildi. Şuşada Azərbaycan bayrağının dalğalanması hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq unudulmaz bir qürur anı oldu.
Azərbaycan 44 günlük Vətən müharibəsində yalnız hərbi gücünü deyil, həm də xalqın iradəsini, dövlətin siyasi qətiyyətini və milli birliyini nümayiş etdirdi. Müharibə dövründə cəbhədə döyüşən əsgər və zabitlərimizlə yanaşı, arxa cəbhədə bir yumruq kimi birləşən xalqımız da Qələbəyə öz töhfəsini verdi. Şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı, hər bir əsgərimizin qəhrəmanlığı bu Zəfərin ən böyük mənəvi təməlidir. Onların Vətən qarşısında göstərdikləri xidmət heç zaman unudulmayacaq.
Azərbaycanın qazandığı bu tarixi Qələbə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ərazi bütövlüyümüzün bərpası, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan öz gücü, qətiyyəti və ordusunun rəşadəti ilə uzun illər kağız üzərində qalan qətnamələrin icrasını təmin etdi.
Bu gün azad Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Doğma yurdlarından didərgin düşmüş soydaşlarımız öz torpaqlarına qayıdır, yeni yaşayış məntəqələri salınır, yollar, məktəblər, xəstəxanalar, sosial və iqtisadi infrastruktur yaradılır. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi Azərbaycanın növbəti tarixi missiyasıdır. Bu quruculuq prosesi Zəfərin yalnız hərbi deyil, həm də iqtisadi, sosial və mənəvi baxımdan davam etdiyini göstərir.
8 Noyabr – Zəfər Günü xalqımızın tarixində əbədi yaşayacaq. Bu gün biz bir daha əminliklə deyirik ki, Azərbaycan xalqının iradəsini heç bir qüvvə sındıra bilməz. Dövlətimizin gücü, ordumuzun qüdrəti, xalqımızın birliyi və Vətənə sonsuz sevgisi gələcək nəsillər üçün də örnək olacaq.
Şuşanın azadlığı ilə tarixə yazılan bu böyük Qələbə milli qürurumuzun, dövlətçilik əzmimizin və müstəqilliyimizin təntənəsidir.
Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

Neva Abdurahmanova
YAP Qusar rayon təşkilatının sədr müavini
Geri dön