Ana Sayfa > Manşet / Ölkə > Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər


Bu gün, 18:43. Yazar: azer
Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

İnformasiya cəmiyyətinin sürətlə formalaşdığı XXI əsr media sisteminin bütün komponentləri qarşısında yeni vəzifələr müəyyənləşdirib. Rəqəmsal texnologiyaların inkişafı, internetin qlobal kommunikasiya mühitinə çevrilməsi, sosial media platformalarının geniş auditoriya qazanması, mobil rabitə vasitələrinin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi və süni intellekt texnologiyalarının tətbiqi informasiya istehsalının mahiyyətini əsaslı şəkildə dəyişib. Artıq informasiya təkcə peşəkar media qurumlarının hazırladığı məhsul deyil, eyni zamanda, milyardlarla istifadəçinin iştirak etdiyi fasiləsiz kommunikasiya prosesidir. Bu yeni reallıq ənənəvi medianın bütün istiqamətlərinə, xüsusilə də uzun illər cəmiyyətin əsas informasiya mənbəyi hesab olunan televiziyaya ciddi təsir göstərib. Lakin rəqəmsal transformasiya televiziya üçün yalnız yeni problemlər yaratmayıb. Əksinə, müasir texnologiyalar bu media növünün inkişafı, fəaliyyət dairəsinin genişlənməsi və auditoriya ilə münasibətlərinin yeni əsaslar üzərində qurulması üçün əlavə imkanlar formalaşdırıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında əməkdar jurnalist Rəşad Nəsirov deyib.

O bildirib ki, bugünkü televiziya artıq yalnız efir vasitəsilə yayımlanan proqramlar toplusu deyil. O, internet platformalarında, sosial şəbəkələrdə, mobil tətbiqlərdə, video platformalarında və rəqəmsal xidmətlərdə paralel fəaliyyət göstərən, müxtəlif texnoloji həllərdən istifadə edən çoxşaxəli media institutudur. Müasir media mühitində televiziya ilə sosial medianı yalnız rəqib kimi qiymətləndirmək düzgün yanaşma hesab edilə bilməz. Son illərin təcrübəsi göstərir ki, uğurlu media modeli müxtəlif platformaların qarşılıqlı inteqrasiyasına əsaslanır. Televiziya sosial medianın operativliyindən və çevikliyindən faydalanır, sosial media isə peşəkar televiziya jurnalistikasının hazırladığı etibarlı məzmun hesabına öz informasiya bazasını zənginləşdirir. Bu qarşılıqlı təsir yeni media ekosisteminin formalaşmasının əsas xüsusiyyətlərindəndir.
Geri dön