Ana Sayfa > Siyasət > Konstitusiya və milli inkişaf strategiyası

Konstitusiya və milli inkişaf strategiyası


Bu gün, 15:56. Yazar: azer
Konstitusiya və milli inkişaf strategiyası

Hər bir müstəqil dövlətin siyasi yetkinliyi, idarəetmə mədəniyyəti və gələcəyə baxışı, ilk növbədə, onun konstitusion əsaslarında öz əksini tapır. Konstitusiya yalnız dövlət quruluşunu müəyyənləşdirən hüquqi sənəd deyil, həm də cəmiyyətin hansı dəyərlər ətrafında birləşdiyini, insanın dövlət qarşısında yerini və ölkənin inkişaf istiqamətlərini müəyyən edən fundamental aktdır. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyası bu mənada milli dövlətçiliyimizin möhkəmlənməsində, müstəqilliyimizin hüquqi təminatlarının yaradılmasında və demokratik inkişaf yolunun müəyyənləşdirilməsində müstəsna rol oynayıb. Noyabrın 12-də qeyd olunan Konstitusiya Günü də həmin tarixi seçimin əhəmiyyətini anlamaq baxımından xüsusi məna daşıyır.

Azərbaycanın müstəqil dövlət kimi özünün Əsas Qanununu qəbul etməsi uzun və mürəkkəb tarixi prosesin nəticəsi idi. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrini bərpa etsə də, mövcud olduğu 23 ay ərzində Konstitusiya qəbul etmək imkanı qazanmadı. Sonrakı sovet dövründə qəbul edilən konstitusiyalar isə müstəqil dövlətin suveren iradəsinə əsaslanan hüquqi sistemin formalaşmasına xidmət etmirdi. Bununla belə, həmin dövrdə milli kimliyin və dövlətçilik düşüncəsinin qorunması istiqamətində atılan addımlar gələcək müstəqilliyin mənəvi əsaslarının yaşadılmasında əhəmiyyətli idi.

Bu baxımdan 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması xüsusi diqqətə layiqdir. Ümummilli Lider Heydər Əliyevin prinsipial mövqeyi və qətiyyəti sayəsində Əsas Qanunun müvafiq maddəsinə daxil edilən bu müddəa milli-mənəvi dəyərlərə bağlılığın, ana dilinin qorunmasına verilən önəmin ifadəsi idi. Həmin addım göstərirdi ki, mürəkkəb siyasi şəraitdə belə milli maraqları qorumaq üçün siyasi iradə və uzaqgörənlik mühüm əhəmiyyət daşıyır. Müstəqillik əldə edildikdən sonra Azərbaycanın öz milli dövlətçilik modelini yaratması da bu tarixi təcrübədən qaynaqlanan məsuliyyətin davamı oldu.

Lakin 1991-ci ildə dövlət müstəqilliyinin bərpası yeni Konstitusiyanın hazırlanması üçün öz-özlüyündə kifayət etmirdi. Bunun üçün siyasi sabitlik, işlək dövlət institutları və ardıcıl idarəetmə mexanizmləri tələb olunurdu. Müstəqilliyin ilk illərində ölkədə yaranmış böhran, hakimiyyətin səriştəsizliyi və dövlət idarəçiliyindəki pərakəndəlik bu zəruri prosesin həyata keçirilməsini ləngitdi. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtması vəziyyətin dəyişməsində həlledici mərhələ oldu. Dövlətçiliyin qorunması, ictimai-siyasi sabitliyin bərpası və idarəetmənin möhkəmləndirilməsi istiqamətində görülən işlər Konstitusiyanın hazırlanması üçün real zəmin yaratdı.

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın Əsas Qanununun uzunmüddətli dövlət inkişafına xidmət etməsini əsas prinsip kimi müəyyənləşdirmişdi. Onun rəhbərliyi ilə yaradılan Konstitusiya komissiyasının fəaliyyəti nəticəsində milli dövlətçilik ənənələrini müasir hüquq təcrübəsi ilə uzlaşdıran layihə hazırlandı. 1995-ci il noyabrın 12-də keçirilən referendumda seçicilərin 91,9 faizinin Konstitusiyanın qəbul edilməsinə səs verməsi bu sənədin xalqın iradəsinə söykəndiyini nümayiş etdirdi. Noyabrın 27-də qüvvəyə minən Konstitusiya müstəqil dövlət quruculuğunun hüquqi istiqamətlərini müəyyənləşdirdi və ölkənin gələcək inkişafı üçün möhkəm təməl yaratdı.

Konstitusion quruluşun möhkəmləndirilməsində konstitusiya nəzarəti mexanizminin yaradılması da mühüm mərhələ idi. 1998-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması hüquqi dövlət quruculuğunun institusional əsaslarını genişləndirdi. Bu təsisatın yaradılması Konstitusiyanın aliliyinin qorunması, hüquqi normaların Əsas Qanuna uyğunluğunun təmin edilməsi və konstitusion prinsiplərin dövlət idarəçiliyində tətbiqi baxımından əhəmiyyətli addım oldu.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası isə Konstitusiyanın tarixi missiyasının reallaşmasında yeni mərhələ açdı. 2020-ci ildə Vətən müharibəsində qazanılmış Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatının nəticələri dövlətimizin bütün ərazilərində konstitusion hüquqi məkanın bərqərar olması üçün şərait yaratdı. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu tarixi nailiyyətlərin və Əsas Qanunun qəbulunun 30 illiyinin əhəmiyyətini bir araya gətirdi. Həmin il Konstitusiyanın hazırlanmasına, təkmilləşdirilməsinə, aliliyinin qorunmasına və hüquq sisteminin inkişafına töhfə verən şəxslərin xidmətlərinin qiymətləndirilməsi məqsədilə yubiley medalının təsis edilməsi də diqqətəlayiq addım oldu.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.



Geri dön