Ana Sayfa > Siyasət > Konstitusiya suverenliyimizin hüquqi təminatıdır
Konstitusiya suverenliyimizin hüquqi təminatıdırBu gün, 15:52. Yazar: azer |
![]() Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi əsaslarını müəyyən etməklə yanaşı, milli iradəmizi, dövlətçilik düşüncəmizi və gələcəyə dair strateji baxışımızı özündə birləşdirir. Bu gün Konstitusiya Gününü qeyd edərkən yalnız 1995-ci ilin noyabrında baş vermiş tarixi hadisəni xatırlamırıq. Həm də həmin qərarın müasir Azərbaycanın formalaşmasında oynadığı rolu, suverenliyimizin möhkəmləndirilməsinə verdiyi töhfəni və hüquqi dövlət quruculuğunda yaratdığı imkanları dəyərləndiririk. Azərbaycanın konstitusion inkişaf yolu asan olmayıb. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə yeni səhifə açsa da, cəmi 23 ay mövcud olduğundan öz Konstitusiyasını qəbul edə bilmədi. Sonrakı onilliklərdə qəbul edilən sovet konstitusiyaları isə respublikanın müstəqil dövlət kimi suverenliyini təmin edən sənədlər deyildi. Bununla belə, milli dəyərlərin qorunması istiqamətində atılan addımlar dövlətçilik şüurunun yaşadılmasında mühüm rol oynayırdı. Xüsusilə 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit edilməsi Heydər Əliyevin milli maraqlara söykənən siyasi iradəsinin parlaq nümunəsi idi. Bu hadisə göstərirdi ki, dövlətçilik yalnız siyasi institutların mövcudluğu ilə deyil, həm də milli kimliyin, dilin və mənəvi dəyərlərin qorunması ilə möhkəmlənir. Müstəqilliyin bərpasından sonra Azərbaycanın qarşısında yeni tarixi vəzifə dayanırdı: suveren dövlətin idarəçilik sistemini formalaşdırmaq, hüquqi münasibətləri müasir tələblərə uyğun qurmaq və xalqın iradəsini ifadə edən Əsas Qanun qəbul etmək. Lakin 1991–1993-cü illərdə ölkədə hökm sürən böhran, siyasi qarşıdurmalar və idarəetmədəki ciddi çatışmazlıqlar bu vəzifənin yerinə yetirilməsini çətinləşdirmişdi. Dövlətçiliyin gələcəyi təhlükə altında olduğu bir vaxtda Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ölkənin inkişafında dönüş yaratdı. İlk növbədə sabitliyin təmin olunması, dövlət institutlarının möhkəmləndirilməsi və idarəetmədə vahid sistemin yaradılması istiqamətində atılan addımlar konstitusion quruculuğun başlanması üçün zəruri şərait formalaşdırdı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya layihəsi milli dövlətçilik ənənələrini müasir dünyanın hüquqi prinsipləri ilə uzlaşdırırdı. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 91,9 faizinin Əsas Qanunun qəbul edilməsini dəstəkləməsi xalqın bu tarixi qərara münasibətini aydın şəkildə nümayiş etdirdi. Noyabrın 27-də qüvvəyə minən Konstitusiya müstəqil Azərbaycanın dövlət quruluşunu, hakimiyyətin təşkilinin əsaslarını və cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirdi. Bununla da ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm hüquqi bazası yaradıldı. Konstitusiyanın əhəmiyyəti dövlət orqanlarının səlahiyyətlərini müəyyənləşdirməklə məhdudlaşmır. Onun əsas məzmununu insan hüquqlarının və azadlıqlarının tanınması, qorunması və təmin edilməsi təşkil edir. Əsas Qanunda hər kəsin qanun qarşısında bərabərliyi, ayrı-seçkiliyə yol verilməməsi, insanın hüquq və azadlıqlarının dövlətin ali məqsədi olması kimi prinsiplər təsbit edilib. Bu müddəalar vətəndaşla dövlət arasında münasibətlərin hüquqi çərçivəsini müəyyənləşdirir və dövlət hakimiyyətinin fəaliyyətinə məsuliyyət meyarı gətirir. 1998-ci ildə Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması da həmin prinsiplərin qorunması, konstitusiya nəzarətinin həyata keçirilməsi və hüquqi dövlət mexanizmlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdı. Ölkənin inkişafı ilə əlaqədar Konstitusiyaya zaman-zaman dəyişikliklərin edilməsi hüquqi sistemin yeni reallıqlara uyğunlaşdırılması zərurətindən irəli gəlib. 2002, 2009 və 2016-cı illərdə referendumlar vasitəsilə qəbul edilən əlavə və dəyişikliklər idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə, insan hüquqlarının təminatlarının gücləndirilməsinə və dövlət institutlarının fəaliyyətinin yenilənməsinə yönəldi. Bu proses konstitusion quruluşun sabitliyi ilə inkişaf ehtiyacları arasında əlaqənin qorunmasının vacibliyini göstərdi. Əsas Qanun həm dövlətçiliyin fundamental prinsiplərini mühafizə edir, həm də ölkənin tərəqqisi üçün zəruri hüquqi imkanlar yaradır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası Konstitusiyanın tarixi missiyasının həyata keçirilməsi baxımından xüsusi mərhələdir. 2020-ci il Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələri dövlətimizin suveren hüquqlarının bütün ərazilərimizdə təmin olunmasına yol açdı. Beləliklə, Konstitusiyanın hüquqi qüvvəsinin ölkənin bütün ərazisində bərqərar olması üçün tarixi şərait yarandı. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də məhz Konstitusiyanın qəbulunun 30 illiyi ilə dövlət suverenliyimizin tam bərpasını bir məna müstəvisində birləşdirirdi. Həmin il təsis edilən yubiley medalı isə Əsas Qanunun inkişafına və konstitusion prinsiplərin möhkəmləndirilməsinə töhfə verən şəxslərin xidmətlərinə verilən qiymət oldu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqil siyasətini davam etdirir, milli maraqlarını qoruyur və yeni inkişaf hədəflərinə doğru irəliləyir. Bu yolun hüquqi əsasını təşkil edən Konstitusiya dövlət suverenliyinin, sabitliyin və gələcəyə inamın mühüm təminatıdır. Onun müddəalarına hörmət və qanunların aliliyinin qorunması yalnız dövlət orqanlarının deyil, bütün cəmiyyətin məsuliyyətidir. Konstitusiya Gününün əsas mesajı da budur: müstəqilliyin möhkəmliyi hüquqi dövlətin gücü ilə, hüquqi dövlətin gücü isə qanuna ehtiram və vətəndaş məsuliyyəti ilə tamamlanır. Azərbaycanın davamlı inkişafı naminə bu prinsiplərin qorunması gələcək nəsillər qarşısında da mühüm vəzifəmiz olaraq qalır. Emil Tağıyev, YAP Xaçmaz rayon təşkilatının sədri. Geri dön |