Ana Sayfa > Siyasət > Güclü dövlət, milli iradə və tarixi ədalətin təntənəsi
Güclü dövlət, milli iradə və tarixi ədalətin təntənəsiBu gün, 15:29. Yazar: azer |
![]() 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Bu tarix yalnız hərbi qələbənin deyil, uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, güclü siyasi iradənin, milli birliyin və xalqımızın sarsılmaz Vətən sevgisinin təntənəsidir. Azərbaycan xalqı uzun illər torpaqlarımızın işğalı, doğma yurdlarından didərgin düşmüş insanların ağrısı və tarixi ədalətsizliklə yaşamağa məcbur olmuşdu. 1988-ci ildən etibarən başlayan Qarabağ hadisələri, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin bir hissəsi işğal edilmiş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa başlamışdı. Şəhər və kəndlərimiz dağıdılmış, tarixi və dini abidələrimiz məhv edilmiş, xalqımızın mədəni irsinə ağır zərbə vurulmuşdu. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı heç vaxt torpaqlarının işğalı ilə barışmadı. Qarabağ məsələsi hər bir azərbaycanlının qəlbində yaşayan milli məsələ, dövlətimizin qarşısında dayanan ən mühüm strateji vəzifə olaraq qaldı. İşğalın davam etdiyi illərdə Azərbaycanın əsas məqsədi ərazi bütövlüyünün bərpası, məcburi köçkünlərin doğma torpaqlarına qayıtması və ölkəmizin suverenliyinin təmin edilməsi idi. Prezident İlham Əliyevin 2003-cü ildən etibarən həyata keçirdiyi siyasət məhz bu strateji məqsədlərin reallaşdırılmasına xidmət edirdi. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə inkişaf yoluna qədəm qoydu. İqtisadiyyatın şaxələndirilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və ordu quruculuğunun sürətləndirilməsi vahid dövlət strategiyasının mühüm tərkib hissələrinə çevrildi. Azərbaycanın iqtisadi gücünün artması milli təhlükəsizlik və müdafiə imkanlarının möhkəmləndirilməsi üçün geniş imkanlar yaratdı. Dövlət büdcəsində hərbi xərclərin artırılması, müasir silah və texnikanın alınması, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi, hərbi təhsil sisteminin təkmilləşdirilməsi ordumuzun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirdi. Eyni zamanda, ölkəmizdə hərbi sənaye kompleksinin formalaşdırılması strateji müstəqilliyin təmin olunması baxımından mühüm addım oldu. Bu gün Azərbaycanda müxtəlif növ hərbi təyinatlı məhsulların istehsalı ölkəmizin müdafiə potensialının mühüm göstəricilərindəndir. Azərbaycan yalnız hərbi sahədə deyil, diplomatik müstəvidə də ardıcıl siyasət həyata keçirirdi. Ölkəmiz beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək Ermənistanın işğalçılıq siyasətini dünya ictimaiyyətinin diqqətinə çatdırır, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini müdafiə edirdi. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb edən dörd qətnaməsi qəbul olunsa da, onların uzun illər icra edilməməsi beynəlxalq sistemin ciddi problemlərindən birini ortaya qoyurdu. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar da münaqişənin həllinə gətirib çıxarmadı. Otuz ilə yaxın davam edən proses faktiki olaraq işğalın uzadılmasına xidmət edirdi. Azərbaycan isə bütün bu müddət ərzində həm sülh danışıqlarına sadiqliyini qoruyur, həm də öz gücünü artırırdı. Prezident İlham Əliyevin prinsipial mövqeyi ondan ibarət idi ki, Azərbaycan öz ərazi bütövlüyünün pozulması ilə heç vaxt barışmayacaq. Ölkəmizin regional və beynəlxalq mövqeyinin güclənməsi də bu strategiyanın mühüm hissəsi idi. Azərbaycan təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri ölkəmizi regionun aparıcı dövlətlərindən birinə çevirdi. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və digər transmilli layihələr Azərbaycanın iqtisadi imkanlarını genişləndirməklə yanaşı, beynəlxalq tərəfdaşlarla qarşılıqlı maraqlara əsaslanan münasibətlərini də möhkəmləndirdi. Beləliklə, 2020-ci ilə qədər həyata keçirilən bütün bu tədbirlər Azərbaycanın tarixi Qələbəsinə zəmin hazırladı. Güclü iqtisadiyyat, müasir ordu, ardıcıl diplomatiya və milli həmrəylik vahid məqsəd ətrafında birləşdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan Vətən müharibəsi Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyan tarixi hadisəyə çevrildi. 44 gün davam edən müharibə Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini, hərbçilərimizin qəhrəmanlığını və xalqımızın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Döyüş meydanında qazanılan uğurlar Azərbaycanın uzun illər ərzində formalaşdırdığı hərbi potensialın nəticəsi idi. Müharibə dövründə azad edilən şəhər və kəndlər, strateji yüksəkliklər və xüsusilə Şuşanın noyabrın 8-də azad olunması qələbənin həlledici mərhələsini təşkil etdi. Şuşanın azad edilməsi hərbi baxımdan olduğu qədər, mənəvi və tarixi baxımdan da böyük əhəmiyyət daşıyırdı. Azərbaycanın mədəniyyət paytaxtı olan bu şəhərin azad olunması xalqımızın milli yaddaşında xüsusi yer tutan hadisəyə çevrildi. Məhz noyabrın 8-də Şuşanın azad edilməsi münasibətilə Prezident İlham Əliyev xalqa müraciət edərək tarixi Qələbəni elan etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Sənədə uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarıldı. Bununla da ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticə əldə edildi. Lakin Azərbaycanın Zəfər yolu bununla bitmədi. 2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində dövlət suverenliyimiz tam bərpa edildi. Sentyabrın 20-də əldə olunan nəticə Azərbaycanın bütün ərazilərində konstitusiya quruluşunun təmin olunması baxımından tarixi əhəmiyyət daşıdı. Oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması isə bu tarixi prosesin rəmzi hadisələrindən biri oldu. Bu gün 8 Noyabr – Zəfər Günü yalnız keçmişdə qazanılmış hərbi uğurun qeyd edilməsi deyil. Bu tarix müstəqil Azərbaycan dövlətinin gücünü, öz milli maraqlarını müdafiə etmək əzmini və qarşıya qoyduğu strateji məqsədlərə çatmaq qabiliyyətini ifadə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Qələbə Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirdi, ölkəmizin regional proseslərdə rolunu artırdı və yeni inkişaf mərhələsinin başlanğıcını qoydu. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış proqramının icrası, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi infrastrukturun yaradılması həmin tarixi Qələbənin davamıdır. Zəfərimizin ən böyük mənəvi dayağı isə şəhidlərimizin qəhrəmanlığıdır. Onların canı və qanı bahasına əldə olunan bu Qələbə heç vaxt unudulmayacaq. Qazilərimizin fədakarlığı, müharibə iştirakçılarının xidmətləri və şəhid ailələrinə göstərilən dövlət qayğısı milli yaddaşımızın ayrılmaz hissəsidir. 8 Noyabr Azərbaycan xalqının öz gücünə inamının, milli birliyinin və dövlətçilik iradəsinin təcəssümüdür. Bu Zəfər bir daha göstərdi ki, məqsədi aydın, siyasi iradəsi güclü, iqtisadiyyatı dayanıqlı və ordusu qüdrətli olan dövlət öz milli maraqlarını təmin etmək iqtidarındadır. Şahin Seyidzadə Milli Məclisin deputatı Geri dön |