Ana Sayfa > Ölkə > “Sözün Baharı” Azərbaycan ədəbiyyatını dünyaya daşıyır

“Sözün Baharı” Azərbaycan ədəbiyyatını dünyaya daşıyır


Bu gün, 15:23. Yazar: azer
“Sözün Baharı” Azərbaycan ədəbiyyatını dünyaya daşıyır

MİMTA Fondu Azərbaycan ədəbiyyatının xaricdə nəşrinə dəstək məqsədilə
“Sözün Baharı” (The Spring of Words) tərcümə dəstək proqramı layihəsinə
start verib. Layihə milli ədəbiyyatımızın beynəlxalq miqyasda
tanıdılması, yerli müəlliflərin əsərlərinin müxtəlif xarici dillərdə
nəşri və yeni oxucu auditoriyalarına çatdırılması istiqamətində mühüm
təşəbbüsdür. Tərcümə dəstək proqramı Azərbaycan ədəbiyyatının ölkə
sərhədlərini aşaraq dünya ədəbi məkanında daha geniş təmsil olunmasına,
ədəbi irsimizin beynəlxalq mədəniyyət mübadiləsində yer almasına və
Azərbaycan müəlliflərinin xarici nəşriyyatlarla əməkdaşlıq imkanlarının
genişlənməsinə xidmət edir.
İnkar etmək olmaz ki, müasir nəşriyyatlar və müəlliflik hüquqlarını
təmsil edən agentliklər arasında beynəlxalq səviyyədə əməkdaşlığa
tərcümə qrant proqramları ciddi töhfə verir. İnkişaf etmiş ölkələrdə bu
proqramlar minlərcə əsərin çoxsaylı dillərə tərcümə edilməsinə, nəticədə
minlonlarla oxucuya çatmasına xidmət edir. Bunlar arasında NORLA
(Norwegian Literature Abroad), Goethe-Institut (Almaniya), Pro Helvetia
(İsveçrə), Creative Europe (Avropa İttifaqı), TEDA Proqramı (Türkiyə),
GLSP (Georgian Literature Support Program), LTI Korea (Cənubi Koreya),
PEN/Heim Translation Fund (ABŞ) xüsusi qeyd oluna bilər. Azərbaycanda da
yaxın vaxtlarda Mədəniyyət Nazirliyi tərəfindən dövlət tərcümə dəstəyi
proqramının reallaşacağı gözlənilir.
Qeyd edək ki, “Sözün Baharı” layihəsi MİMTA Yayımlarında nəşr edilən və
müəllifliq hüquqları bu nəşriyyat tərəfindən təmsil olunan kitabları
əhatə edir. Artıq qısa müddətdə bu istiqamətdə real nəticələr də əldə
edilib. Belə ki, tərcümə dəstək proqramı çərçivəsində Azərbaycan
yazıçısı Əziz Sultanın “Kapsul: Yaşıl Dünya” əsərinin Türkiyənin Ephesus
Yayınlarında nəşr olunması ilə bağlı müqavilə imzalanıb. Proqramın
növbəti layihəsi üçün addımlar da atılır. Belə ki, müasir
ədəbiyyatımızdan ikisinin əsərin Almaniya və Kanada nəşriyyatlarında
tərcümə edilərək çap olunması istiqamətində danışıqlar aparılır. Ümid
edirik ki, “Sözün Baharı” tərcümə dəstək proqramı qısa müddətdə bir çox
yazıçımızın və ədəbi irsimizin dünyanın müxtəlif ölkələrində tanınmasına
ciddi töhfə verəcəkdir.
Geri dön