Ana Sayfa > Özəl > Marketlərdə alıcıları daha çox pul xərcləməyə necə sövq edirlər? – Kassadakı gizli satış üsulu

Marketlərdə alıcıları daha çox pul xərcləməyə necə sövq edirlər? – Kassadakı gizli satış üsulu


Bu gün, 21:00. Yazar: vasif
Marketlərdə alıcıları daha çox pul xərcləməyə necə sövq edirlər? – Kassadakı gizli satış üsulu



Marketlərdə məhsulların rəflərə yerləşdirilməsi təsadüfi deyil. Mağazaların girişindən kassaya qədər hər bir zona alıcıların diqqətini cəlb etmək və alış-veriş zamanı daha çox pul xərcləmələrini təmin etmək məqsədilə planlaşdırılır.

Marketoloq Saday Əliverdiyev bildirib ki, pərakəndə satış obyektlərində müştərilərin alış qərarlarına təsir edən xüsusi vitrin zonaları mövcuddur.

Ekspertin sözlərinə görə, mağazanın girişində yerləşən məhsullar alıcıların diqqətini dərhal cəlb etmək üçün seçilir. Gündəlik tələbat mallarının yaxınlığında isə əlavə satışını artırmaq istədikləri məhsullar nümayiş etdirilir.

Ən mühüm satış nöqtələrindən biri isə kassaların qarşısıdır.

Saday Əliverdiyev qeyd edib ki, müştərilər ödəniş üçün növbə gözləyərkən burada yerləşdirilən məhsullara daha çox diqqət yetirirlər. Bu səbəbdən marketlər kassa önündə əsasən şokolad, saqqız, kibrit və digər kiçik gündəlik tələbat mallarını yerləşdirirlər.

25 manatlıq alış-veriş necə 35 manata çatdırılır?

Marketoloqun sözlərinə görə, mağazaların əsas məqsədlərindən biri alıcının əvvəlcədən planlaşdırdığı alış-veriş məbləğini artırmaqdır.

“Pərakəndə mağazaların əsas hədəfi kassaya 25 manatlıq səbətlə yaxınlaşan müştərini əlavə məhsullara təşviq edərək bu məbləği 30-35 manata çatdırmaqdır”, – deyə ekspert bildirib.

Bunun üçün kassirlərin əlavə məhsul təklif etməsi, endirim kampaniyaları və hədiyyəli satış üsullarından istifadə olunur.

Məsələn, müştəriyə müəyyən məhsulun endirimdə olduğu bildirilir və ya iki məhsul alan şəxsə üçüncüsü hədiyyə təklif edilir. Bəzi hallarda isə alış-veriş məbləğini müəyyən həddə çatdıran alıcılara əlavə hədiyyələr verilir.

Alıcılar niyə əlavə məhsul alırlar?

Ekspert izah edib ki, kassa önündəki məhsullar əsasən impulsiv alış-veriş, yəni əvvəlcədən planlaşdırılmadan, həmin anda verilən alış qərarı prinsipi ilə seçilir.

Belə məhsulların məqsədi alıcının diqqətini cəlb etmək və onda əlavə alış istəyi yaratmaqdır.

Saday Əliverdiyev hesab edir ki, bu marketinq üsullarından tamamilə imtina etməyə ehtiyac yoxdur. Onun fikrincə, düzgün tətbiq olunduqda bu yanaşma həm mağazanın satışlarını artırır, həm də müştərilərə müəyyən rahatlıq yaradır.

Bununla belə, planlaşdırılmamış xərclərdən yayınmaq istəyən alıcılar üçün ən effektiv üsullardan biri marketə əvvəlcədən hazırlanmış alış-veriş siyahısı ilə getmək və kassada təklif olunan əlavə məhsulların həqiqətən lazım olub-olmadığını qiymətləndirməkdir.
Geri dön