Ana Sayfa > Özəl > Qırğızıstan Prezidentindən Rusiyaya sərt xəbərdarlıq – “Qazprom”un əlindən alınacaq?
Qırğızıstan Prezidentindən Rusiyaya sərt xəbərdarlıq – “Qazprom”un əlindən alınacaq?Bu gün, 19:44. Yazar: vasif |
![]() Qırğızıstan Prezidenti Sadır Japarov Rusiyanın enerji nəhəngi “Qazprom” şirkətinə xəbərdarlıq edərək, müqavilə öhdəliklərinin yerinə yetirilməyəcəyi təqdirdə ölkənin qaz infrastrukturunun dövlət nəzarətinə qaytarıla biləcəyini bildirib. Dövlət başçısı bu barədə Talas vilayətində sakinlərlə görüşü zamanı danışıb. Görüşdə Manas rayonunun qazlaşdırılması məsələsi qaldırılıb. Semetey kəndinin sakini Kurmanbek Takeev prezidentdən sərhədyanı yaşayış məntəqələrinin təbii qazla təmin olunmasına kömək göstərilməsini istəyib. Japarov cavabında bildirib ki, ölkənin qaz təsərrüfatı Rusiyanın “Qazprom” şirkətinin nəzarətində olduğundan hökumət bu sahədə müstəqil qərarlar qəbul edə bilmir. “Artıq iki-üç ildir onlardan öhdəliklərini yerinə yetirmələrini tələb edirik. Əgər bunu etməsəniz, ‘Kumtor’ kimi geri qaytaracağam”, – deyə prezident xəbərdarlıq edib. Qırğızıstan rəhbərinin sözlərinə görə, “Qazprom”la imzalanmış müqavilədə ölkənin qazlaşdırılması üçün investisiya yatırılması nəzərdə tutulsa da, şirkət üzərinə götürdüyü öhdəlikləri tam icra etməyib. 1 dollara satılan qaz sistemi yenidən dövlətə qaytarıla bilər Xatırladaq ki, 2014-cü ilin aprelində Qırğızıstanın milli qaz operatoru “Qırğızqaz” cəmi 1 dollara “Qazprom”a satılıb. Razılaşmaya əsasən, Rusiya şirkəti beş il ərzində qaz infrastrukturunun yenilənməsinə ən azı 20 milyard rubl sərmayə yatırmağı və müəssisənin mövcud borclarını üzərinə götürməyi öhdəsinə alıb. Müqavilə 25 illik müddətə imzalanıb və 2039-cu ilə qədər qüvvədə qalmalıdır. Prezident “Kumtor” nümunəsini xatırlatdı Sadır Japarovun çıxışında “Kumtor” qızıl yatağını xatırlatması da diqqət çəkib. Qırğızıstan 2022-ci ildə Kanadanın “Centerra Gold” şirkəti ilə əldə edilən razılaşmadan sonra ölkənin ən mühüm qızıl yataqlarından biri olan “Kumtor” üzərində tam nəzarəti geri qaytarıb. Prezidentin son bəyanatı göstərir ki, Qırğızıstan hökuməti qazlaşdırma ilə bağlı öhdəliklər yerinə yetirilməzsə, oxşar addımı “Qazprom”un idarə etdiyi qaz infrastrukturu ilə bağlı da nəzərdən keçirə bilər. Hələlik Rusiya şirkətinin bu xəbərdarlığa münasibəti barədə məlumat verilməyib. Geri dön |