Ana Sayfa > Özəl > Almaniya ordusunda mühüm dəyişiklik – Ukrayna müharibəsinin təcrübəsi əsas götürüləcək
Almaniya ordusunda mühüm dəyişiklik – Ukrayna müharibəsinin təcrübəsi əsas götürüləcəkBu gün, 19:00. Yazar: vasif |
![]() Almaniya Silahlı Qüvvələrinin (Bundesver) rəhbərliyində mühüm kadr dəyişikliyi gözlənilir. Ölkənin müdafiə naziri Boris Pistorius general-leytenant Kristian Froydinqin ordunun baş müfəttişi vəzifəsinə gətiriləcəyini açıqlayıb. Məlumata görə, Froydinq 2027-ci ilin fevralından etibarən Almaniya Silahlı Qüvvələrinin ən yüksək hərbi vəzifəsinin icrasına başlayacaq. General bundan əvvəl Almaniya Müdafiə Nazirliyində Ukrayna üçün silah və hərbi texnikanın alınması, eləcə də maliyyələşdirilməsi ilə məşğul olan xüsusi qrupa rəhbərlik edib. Daha sonra Almaniya Quru Qoşunlarının komandanı vəzifəsini icra edib. Yeni təyinat Almaniyanın NATO qarşısındakı öhdəlikləri və 2030-cu ilə qədər nəzərdə tutulan təhlükəsizlik strategiyası çərçivəsində hərbi islahatları genişləndirdiyi dövrə təsadüf edir. Planlara əsasən, Almaniya ordusunun şəxsi heyətinin sayının 190 mindən 260 minə, ehtiyat qüvvələrin isə 60 mindən 200 min nəfərə çatdırılması nəzərdə tutulur. Froydinq ordunun modernləşdirilməsində Ukrayna müharibəsindən əldə olunan təcrübənin tətbiqini vacib hesab edir. Onun fikrincə, müasir döyüş şəraitində hər bir hərbçi pilotsuz uçuş aparatlarını idarə etməyi və ya onlara qarşı müdafiə üsullarını bilməlidir. Bu istiqamətdə Almaniya ordusunda 2027-ci ildə ayrıca dron polkunun yaradılması təşəbbüsü də irəli sürülüb. Beləliklə, Almaniyanın hərbi islahatlarında şəxsi heyətin artırılması ilə yanaşı, pilotsuz sistemlərdən istifadə və yeni döyüş texnologiyalarına uyğun hazırlıq əsas istiqamətlərdən biri olacaq. Geri dön |