Ana Sayfa > Manşet / Siyasət > Azər Kərimli: “Konstitusiya Günü hər bir vətəndaşa qanunun aliliyinə hörmətin və dövlətçilik dəyərlərinə sədaqətin əhəmiyyətini xatırladır”

Azər Kərimli: “Konstitusiya Günü hər bir vətəndaşa qanunun aliliyinə hörmətin və dövlətçilik dəyərlərinə sədaqətin əhəmiyyətini xatırladır”


Bu gün, 09:32. Yazar: azer
Azər Kərimli: “Konstitusiya Günü hər bir vətəndaşa qanunun aliliyinə hörmətin və dövlətçilik dəyərlərinə sədaqətin əhəmiyyətini xatırladır”

“Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi əsaslarını müəyyənləşdirən sənəd olmaqla yanaşı, xalqımızın dövlətçilik iradəsini, demokratik inkişaf məqsədlərini və gələcəyə baxışını özündə birləşdirir. Bu Əsas Qanunun tarixi əhəmiyyəti onun qəbul edildiyi dövrün mürəkkəb siyasi reallıqları, müstəqilliyin qorunması zərurəti və yeni dövlət idarəçiliyi sisteminin formalaşdırılması vəzifələri ilə sıx bağlıdır. Konstitusiyanın hazırlanması və qəbul edilməsi müasir Azərbaycan dövlətçiliyinin inkişafında dönüş nöqtəsi olmaqla, ölkənin uzunmüddətli tərəqqisi üçün etibarlı hüquqi zəmin yaratmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin 1918–1920-ci illərdə mövcud olduğu qısa müddətdə dövlətin Əsas Qanununu qəbul etmək mümkün olmadı. Sonrakı sovet dövründə qəbul edilən konstitusiyalar isə Azərbaycanın müstəqil dövlətçilik iradəsini tam ifadə etmək imkanına malik deyildi. Bununla belə, həmin dövrün mürəkkəb şəraitində milli maraqların qorunması istiqamətində atılan addımlar arasında Ulu Öndər Heydər Əliyevin 1978-ci il Konstitusiyasının hazırlanması prosesində nümayiş etdirdiyi prinsipial mövqe xüsusi yer tutur. Onun təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi milli kimliyin və mənəvi dəyərlərin qorunması baxımından mühüm tarixi hadisə idi. Bu addım dövlətçilik düşüncəsinin gələcək nəsillərə ötürülməsinə xidmət edən siyasi iradənin ifadəsi kimi də qiymətləndirilməlidir.”

Milli Məclisin deputatı Azər Kərimli aia.az-a açıqlanasında belə deyib.

Millət vəkilinin sözlərinə görə 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın yeni Konstitusiyasının hazırlanması zərurəti meydana çıxsa da, ölkədə hökm sürən siyasi böhran və idarəçilikdəki ciddi problemlər bu vəzifənin vaxtında həyata keçirilməsinə imkan vermirdi: “Dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərpası və idarəetmə mexanizmlərinin formalaşdırılması təxirəsalınmaz məsələlərə çevrilmişdi. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində təhlükəli proseslərin qarşısı alındı, ölkənin inkişafı üçün zəruri siyasi sabitlik təmin edildi. Məhz bundan sonra müstəqil Azərbaycanın hüquqi əsaslarının yeni dövrün tələblərinə uyğun qurulması istiqamətində ardıcıl iş aparmaq mümkün oldu. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq referendumuna çıxarıldı. Seçicilərin 86 faizinin iştirak etdiyi səsvermədə onların 91,9 faizi Əsas Qanunun qəbul edilməsini dəstəklədi. Bu nəticə yeni dövlətçilik modelinin cəmiyyət tərəfindən qəbul edildiyini göstərməklə yanaşı, müstəqil Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi. Noyabrın 27-də qüvvəyə minən Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərini təsbit etdi. Konstitusiyanın ən mühüm xüsusiyyətlərindən biri hakimiyyət bölgüsünü, qanunun aliliyini və insan hüquqlarının qorunmasını dövlət idarəçiliyinin başlıca prinsipləri kimi müəyyən etməsidir. Qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin fəaliyyət çərçivəsinin müəyyənləşdirilməsi idarəetmədə məsuliyyətin və hüquqi tarazlığın təmin olunmasına xidmət edir. İnsan və vətəndaş hüquq və azadlıqlarına geniş yer verilməsi isə dövlətin fəaliyyətində şəxsiyyətin, onun ləyaqətinin və qanuni mənafelərinin prioritet olduğunu təsdiqləyir. Əsas Qanunda dilindən, dinindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq bərabərliyinin təsbit edilməsi Azərbaycanın çoxmillətli cəmiyyətinin birliyini möhkəmləndirən mühüm hüquqi təminatdır. Konstitusiyanın qəbulundan sonra onun müddəalarının həyata keçirilməsi üçün institusional mexanizmlər də formalaşdırıldı. 1998-ci ildə Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması konstitusiya nəzarətinin təmin olunması və Əsas Qanunun aliliyinin qorunması baxımından mühüm addım oldu. Sonrakı illərdə referendumlar vasitəsilə Konstitusiyaya edilmiş dəyişikliklər də idarəetmə sisteminin təkmilləşdirilməsi, hüquq və azadlıqların təminatlarının genişləndirilməsi, dövlətin və cəmiyyətin dəyişən ehtiyaclarına uyğunlaşma məqsədi daşıdı. Bu gün Konstitusiyanın tarixi missiyası Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası reallığı fonunda daha geniş məna kəsb edir. Vətən müharibəsində qazanılmış Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində konstitusion quruluşun bərqərar olması müstəqil dövlətçiliyimizin mühüm nailiyyətidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın suveren hüquqlarının təmin edilməsinə, milli maraqlarının qorunmasına və strateji məqsədlərinə çatmasına yönəlib. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu tarixi yolun mahiyyətini ifadə edən əlamətdar qərar idi. Konstitusiyanın otuzillik yubileyi onun yalnız hüquqi sənəd deyil, dövlət müstəqilliyinin, milli birliyin və gələcək inkişafın əsas dayaqlarından biri olduğunu bir daha nümayiş etdirdi. Noyabrın 12-də qeyd olunan Konstitusiya Günü hər bir vətəndaşa qanunun aliliyinə hörmətin, hüquqi məsuliyyətin və dövlətçilik dəyərlərinə sədaqətin əhəmiyyətini xatırladır. Əsas Qanuna söykənən möhkəm dövlət idarəçiliyi Azərbaycanın qarşıdakı illərdə də sabitliyini qoruması və davamlı inkişafını təmin etməsi üçün mühüm təminatdır” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.
Geri dön